"Azərbaycan regionda yeni dövr açır!” -Deputatdan açıqlama
Regional əməkdaşlıq və təhlükəsizlik məsələləri Qafqazın və ümumilikdə Cənubi Qafqazın geosiyasi gündəmində prioritet mövzuya çevrilib. Azərbaycanın strateji mövqeyi və regional təsiri isə bu proseslərdə mühüm rol oynayır. Bəs bu mürəkkəb şəraitdə Azərbaycan öz təhlükəsizlik və əməkdaşlıq imkanlarını daha da gücləndirmək üçün hansı addımlar atıb? sualına Milli Məclisin deputatı Vasif Qafarov Xpress.az-verdiyi açıqlamasında cavablandırıb.
"Son dövrlərdə regional əməkdaşlıq və təhlükəsizlik məsələlərində Azərbaycanın mövqeyinin güclənməsi Prezident İlham Əliyevin uzaqgörən və ardıcıl siyasəti ilə birbaşa bağlıdır. Məhz dövlət başçısının rəhbərliyi ilə suverenliyin və ərazi bütövlüyünün tam bərpasından sonra formalaşmış yeni geosiyasi reallıqlar beynəlxalq müstəvidə qəbul etdirilmiş, Azərbaycan regionda söz və təşəbbüs sahibi olan əsas aktora çevrilmişdir.
Prezident İlham Əliyevin təşəbbüsləri nəticəsində Cənubi Qafqazda regional əməkdaşlıq formatları ön plana çıxmış, nəqliyyat və kommunikasiya xətlərinin açılması, enerji və logistika layihələrinin genişləndirilməsi Azərbaycanın həm iqtisadi, həm də strateji əhəmiyyətini əhəmiyyətli dərəcədə artırmışdır. Bu layihələr ölkəmizi regionun etibarlı tərəfdaşı və mühüm qovşağı kimi möhkəmləndirir.
Dövlət başçısının həyata keçirdiyi balanslaşdırılmış və praqmatik xarici siyasət kursu böyük güclər arasında sağlam tarazlığın qorunmasına, eyni zamanda milli maraqların qətiyyətlə müdafiəsinə imkan yaratmışdır. Bu yanaşma Azərbaycanın təhlükəsizlik mühitini daha dayanıqlı və proqnozlaşdırılan etmişdir.
Eyni zamanda, Prezident İlham Əliyevin xüsusi diqqəti nəticəsində müdafiə qabiliyyəti gücləndirilmiş, müasir ordu quruculuğu regional təhlükəsizliyin əsas təminatlarından birinə çevrilmişdir. Güclü hərbi-siyasi potensial sülhün qorunması ilə yanaşı, Azərbaycanın mövqeyini daha da möhkəmləndirən əsas amillərdən biri olmuşdur.
Bununla yanaşı, Prezident İlham Əliyevin diplomatik fəallığı, beynəlxalq təşəbbüslərdə liderliyi, humanitar və mədəni platformalarda irəli sürdüyü ideyalar Azərbaycanı regional sabitliyin və əməkdaşlığın aparıcı təşəbbüskarı kimi tanıtmışdır. Bu kompleks və ardıcıl siyasət Azərbaycanın regional əməkdaşlıq və təhlükəsizlik sahəsində mövqeyini davamlı şəkildə gücləndirir."
Afaq Qurbanzadə, Xpress.az