"İranın iç işi, Azərbaycanın milli maraqları " – deputatdan açıq mövqe
Hazırda regional gündəmi zəbt edən əsas mövzulardan biri İranda baş qaldıran etirazlardır. Bu proses fonunda cəmiyyəti maraqlandıran əsas suallardan biri də etiraz dalğasının Azərbaycan–İran münasibətlərinə mümkün təsiridir. Mövzu ilə bağlı Milli Məclisin deputatı Aydın Mirzəzadə Xpress.az-a açıqlama verib.
Deputat bildirib ki, İranda baş verən hadisələr bu ölkənin daxili işidir və İran cəmiyyətinin mövcud məsələləri öz daxilində həll etmək gücü var. Onun sözlərinə görə, Azərbaycan İranı stabil, inkişaf edən və ikitərəfli münasibətləri hər zaman ön planda tutan bir ölkə kimi görmək istəyir və bu istiqamətdə daim xoş niyyətini nümayiş etdirir.
Aydın Mirzəzadə qeyd edib ki, İranda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Azərbaycan–İran münasibətləri hər zaman yaxşı olmalıdır. Sevindirici haldır ki, son dövrlərdə İranın rəsmi hakimiyyəti də Azərbaycanla münasibətlərin vacibliyini yüksək qiymətləndirir və bunu həm bəyanatlarında, həm də praktiki fəaliyyətində nümayiş etdirir.
Deputat vurğulayıb ki, Azərbaycan öz müstəqilliyini və suverenliyini qorumaq üçün beynəlxalq hüququn ona verdiyi bütün imkanlardan maksimum istifadə edir. Ölkə daxilində sabitlik mövcuddur, insan hüquq və azadlıqları qorunur, demokratik mühit təmin olunub. Sərhədlər etibarlı şəkildə mühafizə edilir və heç bir xarici qüvvənin Azərbaycanın daxili işlərinə qarışmasına heç vaxt imkan verilməyəcək.
Aydın Mirzəzadə əlavə edib ki, Azərbaycan heç bir ölkənin daxili işlərinə müdaxilə etmir və eyni zamanda kiminsə ölkəmizin daxili işlərinə qarışmasına da qətiyyətlə yol verməyəcək.
Afaq Qurbanzadə, Xpress.az