İran qarışır, region narahatdır – Azərbaycana təsir qaçılmazdırmı? Politoloqdan açıqlama
İranda etirazlar hələ də davam edir və ölkədə ciddi sosial gərginlik müşahidə olunur. Bu prosesin Azərbaycana təsir etməsi isə təbii və qaçılmaz görünür. Mövzu ilə bağlı ictimai xadim və siyasi şərhçi Murad Sədaddinov Xpress.az-a açıqlama verib.
Politoloq bildirib ki, İranda baş verən son hadisələr region dövlətlərini, o cümlədən Azərbaycanı da narahat edir. Onun sözlərinə görə, İran–Azərbaycan quru sərhədi Azərbaycanın ən uzun sərhədlərindən biridir və bu baxımdan İranda baş verən istənilən qeyri-sabitlik Azərbaycanda da narahatlıq doğurur.
Murad Sədaddinov qeyd edib ki, baş verən hadisələr İranın daxili işi olduğundan Azərbaycan tərəfi bununla bağlı hər hansı bəyanat vermək və ya konkret tədbirlər görmək niyyətində deyil. O vurğulayıb ki, Azərbaycan qonşu ölkələrlə münasibətlərini qarşılıqlı hörmət və daxili işlərə qarışmamaq prinsipi əsasında qurur, əlaqələri isə xalqların maraqlarına uyğun şəkildə inkişaf etdirir.
Politoloqun fikrincə, bu cür proseslər regiona, xüsusilə də beynəlxalq investisiyaların cəlb olunması baxımından mənfi təsir göstərə bilər. O əlavə edib ki, Azərbaycan təhlükəsizlik baxımından baş verən hadisələri diqqətlə izləyəcək və cənub istiqamətində mümkün ssenarilərə hazır olmalıdır. Onun sözlərinə görə, bunun üçün Azərbaycanın kifayət qədər imkanları mövcuddur və zərurət yaranacağı təqdirdə bu imkanlardan istifadə ediləcək.
Afaq Qurbanzadə, Xpress.az