İnsanlar niyə artıq əvvəlki kimi kitab oxumur?
Kitab oxumaq əvvəlki illərlə müqayisədə xeyli azalıb, elə deyilmi? Niyə belə oldu?
İnsanlar niyə artıq əvvəlki kimi kitab oxumur?
Artıq demək olar ki, heç kim əvvəlki qədər kitab oxumur… çünki indi hamı sinefildir. Məsələn, roman oxuyanların sayı getdikcə azalır. Roman müzakirə edə biləcək on nəfəri bir araya toplamaq demək olar ki, mümkünsüzdür. Bir masaya oturulur, üç dəqiqə sonra söhbət ya bir seriala, ya bir filmə, ya da “filan rejissorun o serialı var ha” cümləsinə bağlanır. Roman sanki arxaik bir xəstəlikdir, müalicəsi tapılmış bir dərd kimi danışılır. Heç kim inkar etmir, amma heç kim də üzünə baxmır.
Doğrudan da sanki hamı birdən-birə kitab oxumağı tərgidib. Kollektiv qərar verilib, yoxsa gizli bir göstəriş yayılıb – bilmirəm. Diqqət müddətinin qısalmasıdır səbəb? Kağız kitabların astronomik qiymətlərə qalxmasıdır? Yoxsa ekrandakı şeylərin daha az zəhmət tələb etməsi, daha tez və asan istehlak olunması? Yoxsa əsas məsələ açıq-aşkar kütləviləşib keyləşməkdir?
Əvvəllər insanlar “filan romanı oxumusan?” deyə soruşardı. İndi isə “filan serialı izləmisən?” deyilir. Oxumaq artıq bir fəaliyyət yox, bir yükdür. Çünki roman səbir tələb edir. Sənin içinə girməyini, personajlarla yaşamağını, bəzi cümlələri dəfələrlə oxumağını, hətta bəzən heç nə anlamadan səhifələrlə irəliləməyini istəyir. Heç kimin buna dözümü qalmayıb. Hamı hər şeyi dərhal anlamaq, dərhal bitirmək və dərhal başqa bir şeyə keçmək dərdindədir.
“Əvvəllər çox oxuyurdum, amma indi buraxmışam” cümləsini də çox eşidirik. Elə bil kitab oxumaq hobbi yox, zərərli vərdişdir. Guya travma yaşanıb, həkim qadağan edib. Ay qardaş, siqaretdir bu? Oxumağı tərgitmək necə bu qədər normallaşdırıldı?
Ən pisi də odur ki, artıq oxumamaq utanılacaq bir şey deyil. Hətta bəzən gizli bir fəxr mövzusudur. “Mənim kitabla aram yoxdur” deyən adam bunu sanki həyatı həll etdiyinin sübutu kimi söyləyir. Romanla qurulan münasibətin yerini sitatlar, xülasələr, reels-lər, qısa videolar alıb. Hamı hər şeyi bilir kimi görünür, amma heç kim heç nəyin içinə girmir.
Emrah Safa Gürkan da proqramlarında tez-tez deyir: “Oxumadan heç nə öyrənilməz.” Tamamilə haqlıdır. Podkastlar, videolar, ucuz filmlər – bunlar qəlyanaltı kimidir, bir qulaqdan girər, o birindən çıxar. Oxumaq lazımdır, mətnlə şəxsi münasibət qurmaq lazımdır ki, anlama mümkün olsun. Altını cızaraq, qeydlər apararaq oxumaq lazımdır.
Filmləri çox sevirəm, amma oxumağın verdiyi dərinliyi heç vaxt verə bilmədiyini də bilirəm. Çünki oxumaq zehni olaraq çox dərinləşdiyin bir fəaliyyətdir. Dinləmək və ya izləmək heç vaxt onun yerini tutmur. Məzmunu hansı formada qəbul etdiyin çox önəmlidir. Yoxsa hamımız sadəcə audiokitab dinləyərdik.
Roman yavaşladır. Roman insanı narahat edir. Roman suallar verir. Bəlkə də problem budur. Heç kimin narahat olmağa, dayanıb düşünməyə, öz daxili səs-küyü ilə tək qalmağa dözümü qalmayıb. Ekran axır, görüntü dəyişir, səs susmur. Roman isə səssizdir. Və bu səssizlik artıq heç kimə cazibədar gəlmir.
Amma kitab yox olmaz. Oxuyan azalır, müzakirə edən qalmaz, rəflər tozlanar, amma kitab bir yerdə gözləyər. Yalnız səbirli olanı, tək qalmağı gözə alanı, asan istehlakı rədd edəni. Yəni artıq heç kimi… ya da çox az adamı…