Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət "Müharibə başlayarsa, artıq qırğının qarşısını...
   "Müharibə başlayarsa, artıq qırğının qarşısını almaq mümkün olmayacaq"
Siyasət

"Müharibə başlayarsa, artıq qırğının qarşısını almaq mümkün olmayacaq" -Siyasi şərhçi XƏBƏRDARLIQ EDİR

Xpress.az Redaksiyası 27.01.2026 19:19

"Beynəlxalq münasibətlər son dərəcə təhlükəli mərhələyə daxil olub"

Bu sözləri Xpress.az-a açıqlamasında siyasi şərhçi Tofiq Abbasov bildirib.

Onun sözlərinə görə gərginlik artıq pik nöqtəyə çatıb və bu mərhələdə atılacaq ən kiçik yanlış addım təkcə iki ölkə üçün deyil, bütün region və dünya birliyi üçün fəlakətli nəticələrə yol aça bilər.

Tofiq Abbasov bildirib ki, son günlər mətbuat vasitəsilə və müxtəlif mənbələrdən həm Tehran, həm də ABŞ administrasiyasına yaxın dairələrdən ziddiyyətli, bəzən isə açıq-aşkar təhrikedici məlumatlar yayılır. Paralel olaraq tərəfləri təmkinə və sabitliyə çağıran mesajlar da verilir ki, bu da vəziyyətin nə qədər həssas olduğunu göstərir.
Onun sözlərinə görə, ən təhlükəli məqam müharibəni istəyən və qarşıdurmanı qızışdıran qüvvələrin nəyin intizarında olduqlarını belə dərk etməməsidir:
“Venesuela hadisəsi bəzi ABŞ dairələrində və Amerika–İsrail xəttində yanlış bir təəssürat yaradıb. Guya İrana da Venesuela kimi yanaşmaq, orada rahat hərəkət etmək, hətta İran rəhbərliyinə qarşı avantürist addımlar atmaq olar. Amma bu, tamamilə yanlış və son dərəcə təhlükəli yanaşmadır”.
Tofiq Abbasov vurğulayıb ki, İran və ABŞ artıq 40 ildən çoxdur ekzistensial düşmən münasibətindədir və bu qarşıdurma heç bir halda Venesuela ssenarisi deyil:
“Belə bir müharibə nəzarətdən çıxan, genişmiqyaslı və dağıdıcı proseslərə səbəb ola bilər”.
Siyasi şərhçi Donald Trampın mövqeyinə də toxunub. Onun sözlərinə görə, Trampın kifayət qədər ciddi təşəbbüsləri var və onlardan biri də Cənubi Qafqazla bağlıdır:
“Görürük ki, ABŞ rəhbəri Prezident İlham Əliyevin sülhpərvər siyasətinə yüksək dəyər verir, ona dəstək nümayiş etdirir. Azərbaycan üçün əsas prioritet isə regionda, o cümlədən İranda sabitliyin qorunmasıdır”.


Abbasov xəbərdarlıq edib ki, əgər Allah göstərməsin İranda müharibə və ya genişmiqyaslı çaxnaşma başlasa, bunun dağıdıcı dalğası bütün regiona yayılacaq:
“ABŞ-nin ətraf ölkələrdə hərbi bazalarının olması, müttəfiqlərin savaşa cəlb edilməsi prosesi daha da təhlükəli hala gətirə bilər. Azərbaycan üçün mühüm məqam ondan ibarətdir ki, ölkəmizdə ABŞ-nin  hərbi bazası yoxdur”.
O, ABŞ-nin  daxilindəki fikir ayrılıqlarına da diqqət çəkib. Bildirib ki, Donald Tramp hələ son qərarını verməyib və müharibə riskindən çəkinir:
“Mark Rubio kimi daha sərt mövqeli fiqurlar var. Amma vitse-prezident postuna daha təmkinli və müharibə əleyhdarı mövqeyi ilə tanınan Cey Di Vensin gətirilməsi ciddi mesajdır. Cey Di Vens ötən il də açıq şəkildə Yaxın Şərqin alova atılmasının əleyhinə çıxmışdı”.
Tofiq Abbasovun sözlərinə görə, region ölkələrinin mövqeyi də diqqətəlayiqdir:
“Səudiyyə Ərəbistanı, Türkiyə və bir sıra digər dövlətlər ABŞ-nin İrana mümkün hücumuna qəti etiraz edirlər. Hətta BƏƏ belə bəyan edib ki, öz ərazilərinin İrana qarşı istifadə olunmasına icazə verməyəcək”.
Siyasi şərhçi İranın Hörmüz boğazı ilə bağlı hazırlıqlarına da toxunub:
“İranın dənizdə minalar, donanma və sualtı qayıqlarla bağlı imkanları göstərir ki, müharibə başlayarsa, artıq qırğının qarşısını almaq mümkün olmayacaq. Bu, təkcə hərbi deyil, həm də qlobal iqtisadi fəlakət deməkdir”.
Abbasov qeyd edib ki, ümidlər diplomatiyaya bağlıdır:
“Azərbaycan diplomatiyası da bu prosesdə son ana qədər sülhün bərqərar olması üçün çalışır. İran dialoqa hazır olduğunu bildirir, Tramp da eyni mövqeni ifadə edir. Amma üçüncü qüvvələr var ki, gərginliyin azalmasında maraqlı deyillər”.
Sonda Tofiq Abbasov əsas təhlükəni belə ifadə edib:
“Əsas məsələ tərəflərin düşünülməmiş addımlardan çəkinməsidir. Təsadüfi bir atəş, kiçik bir provokasiya belə faciəvi nəticələrə səbəb ola bilər. İranla müharibə Venesuellanın təkrarı olmayacaq. Bu, çox ağır və dağıdıcı bir ssenaridir. Ona görə də olmasa, hamı üçün daha yaxşıdır”.

Afaq Qurbanzadə

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək