Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə İcra başçısı xəstəxanaya gəldi,
İcra başçısı xəstəxanaya gəldi,
Ana səhifə

İcra başçısı xəstəxanaya gəldi, SAKİNLƏRLƏ GÖRÜŞDÜ - FOTO

Xpress.az Redaksiyası 03.02.2026 11:18

Qusar Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyinin dəyişməsindən sonra tibb müəssisəsində genişmiqyaslı cari və əsaslı təmir, eləcə də yenidənqurma işləri həyata keçirilib. Görülmüş tədbirlər nəticəsində xəstəxananın maddi-texniki bazası əhəmiyyətli dərəcədə gücləndirilib, xidmət keyfiyyəti yüksəldilib.

Xpress.az xəbər verir ki, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov Qusar Rayon Mərkəzi Xəstəxanasında görülmüş təmir və yenidənqurma işləri ilə yerində tanış olub, xəstəxana əməkdaşları və xidmət göstərilən sakinlərlə həmsöhbət olub.

İcra başçısı xəstəxananın rəhbərliyinə görülmüş işlərə görə təşəkkürünü bildirib, vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətli, operativ və əlçatan olmasının vacibliyini vurğulayıb.

Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru İmran Qurbanov İcra başçısına məlumat verərək bildirib ki, infrastrukturun yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Uzun illərdir mövcud olan 3 istilik qazanından 1-i qəzalı vəziyyətdə olduğundan müəssisədə isti su təminatında problemlər yaşanırdı. Hazırda hər üç qazan təmir olunaraq istismara verilmiş və xəstəxana tam şəkildə isti su ilə təmin edilib. Nasosxanada fəaliyyət göstərən hər iki mühərrik təmir edilib, müəssisənin isti və soyuq su təminatı bərpa olunub.

Müəssisənin mətbəxində olan 8 ədəd elektrik peçindən yalnız 1-i işlək vəziyyətdə idi. Aparılmış təmir işlərindən sonra bütün avadanlıqlar tam funksional vəziyyətə gətirilib. Çamaşırxanada mövcud 3 yuyucu maşından 2-si (24 kq və 32 kq tutumlu) təmir edilərək yenidən istifadəyə verilib. Havalandırma sistemi qismən işlək vəziyyətə gətirilib, kondisioner sistemində mövcud olan 34 blokdan 26-sı cari təmirdən sonra istismara yararlı hala salınıb.

Tibbi avadanlıqların təkmilləşdirilməsi istiqamətində də mühüm işlər görülüb. 1 ədəd narkoz aparatı əsaslı, 2 ədəd isə cari təmir olunub, 2 ədəd küvez istifadəyə yararlı vəziyyətə gətirilib. Generatora texniki qulluq göstərilib, yağ, hava və yanacaq filtrləri yenilənib, 154 litr yağ və 220 litr antifriz dəyişdirilib. Hazırda generator tam saz vəziyyətdədir.

Tikili və avadanlıqların cari təmiri məqsədilə satınalma proseduru həyata keçirilib, müvafiq tender keçirilərək müqavilənin bağlanmasına razılıq verilib. Müqaviləyə əsasən, xəstəxananın Təcili yardım (Acil) şöbəsində 220 m² sahədə antibakterial linoleum örtüyü yenilənib. Akt zalı tam şəkildə sökülərək əsaslı təmir olunub, döşəmə, divar və tavan örtükləri yenilənib, həmçinin 104 ədəd kreslonun üzlükləri dəyişdirilib.

Rayonun təcili tibbi yardım xidmətinə olan ehtiyacı nəzərə alınaraq TƏBİB rəhbərliyinə müraciət edilib və nəticədə 2 ədəd İVECO markalı, sıfır kilometr reanimobil “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” publik hüquqi şəxsin Qusar rayon stansiyasının istifadəsinə verilib. Eyni zamanda 2 anestezioloq-reanimatoloq işə qəbul edilib və müəssisədə 7/24 saat fəaliyyət göstərən reanimasiya xidməti təşkil olunub.

Əməkdaşların, xüsusilə həkim heyətinin iş prosesinin elektronlaşdırılması məqsədilə 40 ədəd yeni nəsil kompüter dəsti alınıb. Bundan əlavə, oynaqdəyişmə (protezləşmə) əməliyyatlarının icrası üçün ayrıca əməliyyatxananın ayrılması istiqamətində hazırlıq işlərinə başlanılıb.

Qeyd olunub ki, həyata keçirilən yeniliklər rayon əhalisinə göstərilən tibbi xidmətlərin əlçatanlığının və operativliyinin yüksəldilməsinə xidmət edir. Qarşıdakı dövrdə də xəstəxananın fəaliyyətinin təkmilləşdirilməsi, tibbi xidmətlərin keyfiyyətinin artırılması və müasir standartlara uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək