Şəkidə yeni SƏNƏT EVİ - FOTO
Şəki tarix boyu sənətsevərlərin diqqətini cəlb etmiş, səyyahların xatirələrində, rəssamların əsərlərində, filmlərdə, mahnılarda, şeirlərdə yer almış, hər kəsi özünə aşiq etməyi bacarmışdır. Şəkinin təbiətinə və memarlığına vurğun sənət adamlarından biri də Mövsumov İbrahim Məsum oğludur.
Ömrünün ahıl çağında son iki ildir ki, Şəkinin tarixi abidələrini kətan üzərinə köçürən İbrahim bəy 1948-ci ildə Bakının Ramana kəndində anadan olub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirən İbrahim Mövsümov 1995-ci ildən Azərbaycan Rəssamlıq İttifaqının üzvüdür. Müxtəlif sərgilərdə iştirak etmiş, Milli İncəsənət Muzeyində bərpaçı rəssam kimi çalışmışdır.

Onun Şəki ilə bağlı ilk rəsm əsəri Yuxarı karvansara ilə iki nömrəli məktəbi birləşdirən küçə olub. Bir küçə rəsmi ilə başlayan Şəki sevgisi qədim şəhərdə yeni bir rəsm qalareyasının açılması ilə nəticələnib. Rəssamın yağlı boya, qrafika və yandırma üsulu ilə hazırladığı 50-dən çox əsər “77 Sənət Evinin” açılmasına səbəb olub.
Sənət evi Şəkinin tarixi ticarət küçəsində - M.F.Axundzadə küçəsi 77 ünvanında yerləşir. “Memarlıq və şəhərsalma ili”ndə yaradılan bu sənət evi Şəki memarlığı və onun təbliği üçün töhfə hesab oluna bilər.

Qalareyanın yerləşdiyi bina Şəkinin tarixi mərkəzində yerləşən qədim dükanlardan biri olub. Ənənəvi memarlıq üslubunda tikilmiş bu bina “Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğunun memarı Sehran Məmmədovun tövsiyəsi, məsləhəti ilə bərpa və konservasiya edilərək yenidən ictimaiyyətə təqdim edilib. Turistlərin hərəkət etdiyi bir küçədə belə bir qalareyanın yerləşməsi imkan verir ki, onlar Şəkinin tarixi abidələri ilə kiçik bir məkanda tanış ola bilsinlər.

İbrahim Mövsümovun fırçası sanki Şəkinin hər bir küçəsinə, məhəlləsinə, karvansara və məscidlərinə toxunub, sehrli bir yolla onları kətan üzərində əks etdirib. Rəsmdə Şəki Xan sarayının, Qala divarlarının, yaşayış evlərinin hər biri xüsusi zövq və incəliklə əks olunub.
Zəminə RƏSULOVA
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin
Qoruqları İdarəetmə Mərkəzinin Elmi işçisi