Bu şokoladları qətiyyən almayın – Siyahı açıqlandı
Roskontrol Keyfiyyət Ekspertizası və Nəzarəti İnstitutu genişmiqyaslı şokolad yoxlamasını başa çatdırıb. Mütəxəssislər məşhur brendlərin tərkibini, təhlükəsizliyini və dad xüsusiyyətlərini araşdırıblar.
Nəticələr birmənalı olmayıb: bəzi məhsullar yüksək keyfiyyətini qoruyub saxlayıb, digərləri isə təhlükəli bakteriyalar və tərkib uyğunsuzluqlarına görə “qara siyahı”ya düşüb.
Dietoloq Larisa Azarovanın sözlərinə görə, süd şokoladında kakao miqdarı tünd şokoladla müqayisədə daha azdır. O, şokoladın gündə 1–2 kvadratla məhdudlaşdırılmasını və ölçülü istehlak edilməsini tövsiyə edir.
Yoxlamaya əsasən, Lindt Excellence Extra Creamy Milk Chocolate ən yüksək nəticə göstərib. Məhsul təhlükəsizlik tələblərinə tam cavab verir və yalnız təbii kakao məhsullarından hazırlanır.
Merci də yüksək qiymətləndirilib. Mütəxəssislər onun dad keyfiyyətlərini və kakao tərkibini xüsusilə vurğulayıblar.
Schogetten süd şokoladı 10 bal üzərindən 8.2 bal toplayıb. Dad və aroma baxımından standartlara tam uyğun hesab olunub.
Bundan əlavə, Ritter Sport (bütöv fındıqlı süd şokoladı) da təhlükəsizlik və dad göstəricilərinə görə müsbət qiymətləndirilib.
“Alyonka” süd şokoladı dequstasiya zamanı tənqid edilib. Mütəxəssislər onun dadının klassik süd şokoladına uyğun olmadığını bildiriblər.
“Vdohnovenie” şokoladında isə tərkib uyğunsuzluğu aşkar edilib. Məhsulda etiketdə göstərilməyən əlavə maddələrin ola biləcəyi ehtimal olunur.
Yoxlamanın ən zəif nəticəsini “Kommunarka” süd şokoladı göstərib. Məhsulda mikrobioloji təhlükəsizlik pozuntuları və bakteriyalar aşkar edilib.
“Babaevsky Lux Dark” da standartlara cavab verməyib. Məhsulda mikroflora səviyyəsi normanı xeyli aşıb və tərkibində uyğunsuzluqlar müəyyən edilib.
Mütəxəssislər istehlakçılara qablaşdırmadakı tərkibi diqqətlə oxumağı və yalnız kakao yağı və süd yağı olan məhsullara üstünlük verməyi tövsiyə edir. Ucuz əvəzedicilərdən istifadə edilən şokoladlardan uzaq durmaq məsləhətdir.
Qeyd edək ki, süd şokoladı tünd şokoladla müqayisədə daha çox şəkər ehtiva edir, bu isə artıq kalori və sadə karbohidrat qəbulu ilə nəticələnə bilər.
Xpress.az