“23 Nisan-Uşaq sevincinin ünvanı Naxçıvanda” - FOTO
Ümummilli Lider Heydər Əliyev: “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır”.
Hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır. Onları sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyütmək həm çətin, həm də qürurverici bir işdir. Heç təsadüf deyil ki, uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə 2009-cu ildə Azərbaycanda “Uşaq ili” elan olunmuşdur. Uşaqların vətənpərvərlik, tarixə, milli köklərə bağlılıq, böyüklərə yüksək ehtiram və mənəvi zənginlik duyğuları ilə tərbiyə olunması, onların şəxsiyyət və vətəndaş kimi formalaşması üçün ailə də, dövlət də böyük məsuliyyət daşıyır. Azərbaycanda uşaqların sağlam və gümrah, eyni zamanda savadlı və vətənpərvər böyümələri üçün hər cür şərait yaradılıb.

Türkiyə Respublikasının ilk milli bayramı olan Milli Suverenlik və Uşaq Bayramı, Türkiyə Böyük Millət Məclisinin 23 aprel 1920-сi il tarixindəki açılışının ildönümündə rəsmi bayram olaraq qəbul edilmişdir. Türkiyənin qurucusu Mustafa Kamal Atatürk 23 aprel tarixini 1929-cu ildən etibarən uşaqlara hədiyyə edib. Bununla da həmin gün ilk dəfə Uşaq Bayramı kimi qeyd olunmağa başlanıb və dünyada uşaqlara həsr edilən ilk milli bayram kimi tarixə düşüb. 1979-cu ildən etibarən bu bayram beynəlxalq olaraq qəbul edilmiş, "UNESCO" tərəfindən də tanınmışdır. Hər il dünyanın dörd bir yanından müxtəlif dillərdə danışan, müxtəlif mədəniyyətlərə sahib uşaqlar bu bayramı qeyd etmək üçün Türkiyəyə gəlir. Onlar bir-birlərinin əllərindən tutaraq sülh rəqsləri edir, dostluq körpüləri qururlar. Bu, dünyaya verilən ən gözəl mesajdır: "Yurdda sülh, cahanda sülh!"

23 Aprel – Uşaqların Beynəlxalq Həmrəylik Günü münasibətilə Naxçıvanda uşaqlar üçün rəngarəng və yaddaqalan bayram tədbiri təşkil olunub. 26 aprel 2026-cı il tarixdə Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğunun və digər qrumların birgə təşkilatçılığı və dəstəyi ilə böyük coşqu ilə qeyd olunan 23 Nisan Uşaq Bayramı hər il olduğu kimi bu il də Naxçıvanda yüksək əhval-ruhiyyə ilə yadda qalmışdır. Naxçıvan Dövlət Milli Dram Teatrında təşkil olunan tədbirdə uşaqlara həsr olunmuş bu əlamətdar gün onların sevincinə sevinc qatmaqla yanaşı, cəmiyyətin gələcəyi olan balacalara göstərilən diqqət və qayğının bariz nümunəsi olmuşdur. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bir neçə məktəbəqədər təhsil müəssisələrinin balaca fidanlarının ifasında səslənən şeirlər, musiqilər, milli rəqslər və səhnəciklər tədbirə xüsusi gözəllik qatmışdır. Balacaların sevinc dolu anları tədbirin ən yaddaqalan məqamlarından biri olmuşdur.
Uşaqlar gələcəyin qurucularıdır. Onların sağlam, savadlı və vətənpərvər böyüməsi üçün əlimizdən gələni əsirgəməmək cəmiyyət olaraq müqəddəs borcumuzdur. Bu cür bayramların keçirilməsi uşaqların sosial və mədəni inkişafına müsbət təsir göstərir. Onlar öz bacarıqlarını nümayiş etdirmək imkanı qazanır, eyni zamanda dostluq və kollektiv ruhu formalaşır. Bayramın yaratdığı sevinc və xoş təəssüratlar uşaqların yaddaşında uzun müddət qalır. Bu cür tədbirlərin davamlı olaraq keçirilməsi cəmiyyətin sağlam gələcəyinin formalaşmasında mühüm rol oynayır.
Ayşən ƏSGƏROVA,
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin sektor müdiri
