Telefonunuzun səssiz düşməni: 100%-ə qədər şarj
Telefonu 100%-ə qədər doldurmaq geniş yayılmış, lakin zərərli bir vərdişdir. Xüsusilə də cihazı gecə boyu şarjda saxlamaq batareyanın ömrünü qısalda bilər. Mütəxəssislərin izahına görə, tam dolma və yüksək temperaturun birləşməsi litium-ion batareyalara mənfi təsir göstərir və zamanla onların sıradan çıxmasına səbəb olur.
Batareya 100%-ə çatdıqdan sonra belə cihaz enerji qəbul etməyə davam edərsə, artıq istilik yaranır. Bir çox istifadəçi telefonu yastığın altında və ya hava dövranı olmayan yumşaq səthlərdə saxlayır ki, bu da cihazın daxili temperaturunun 35 dərəcədən yuxarı qalxmasına gətirib çıxarır. Bu şəraitdə kimyəvi reaksiyalar sürətlənir: elektrolit parçalanır, daxili müqavimət artır və nəticədə batareya şişə bilər.
Şişmiş batareya ekrana və korpusa təzyiq göstərərək cihazın fiziki zədələnməsinə səbəb olur. Ağır hallarda isə bu, hətta alovlanma riski yaradır.
Müasir smartfonlarda qoruyucu mexanizmlər mövcuddur — həddindən artıq qızma zamanı şarj prosesi avtomatik dayandırılır. Lakin qalın qoruyucu örtüklərdən istifadə və ya cihazı birbaşa günəş altında saxlamaq bu sistemlərin effektivliyini azalda bilər. Temperatur xəbərdarlıqlarına məhəl qoymamaq ciddi səhv sayılır.
Uzun müddət bu cür istifadə nəticəsində batareyanın tutumu əhəmiyyətli dərəcədə azalır və bir ildən sonra 70%-ə qədər düşə bilər. Batareya birdən-birə sıradan çıxmır, lakin tədricən zəifləyərək ən vacib anda sizi əlaqəsiz qoya bilər.
Xpress.az