Kənan Sadıqov: “Özəl sektorun beynəlxalq platformalarda iştirakı strateji əhəmiyyət daşıyır”
İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarında iştirak edən F-Holding MMC-nin Baş direktoru Kənan Sadıqov bildirib ki, bu cür beynəlxalq tədbirlər biznes dairələri üçün yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradır.

Onun sözlərinə görə, qlobal iqtisadi çağırışların artdığı bir dövrdə dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi xüsusi önəm daşıyır:
“İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları təkcə maliyyə və investisiya məsələlərinin müzakirə olunduğu platforma deyil, eyni zamanda ölkələr və biznes qurumları arasında yeni tərəfdaşlıqların qurulduğu mühüm əməkdaşlıq məkanıdır. Burada aparılan müzakirələr göstərir ki, dayanıqlı inkişafın təmin olunmasında özəl sektorun rolu getdikcə artır. Azərbaycan biznesinin belə platformalarda fəal təmsil olunması ölkəmizin iqtisadi potensialının beynəlxalq müstəvidə tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.”
Kənan Sadıqov qeyd edib ki, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və yeni investisiya əlaqələrinin qurulması F-Holding-in əsas fəaliyyət istiqamətlərindən biri olaraq qalır.
