Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Azərbaycanda əhalini ən çox aldadan şirkətlər
Azərbaycanda əhalini ən çox aldadan şirkətlər
Cəmiyyət

Azərbaycanda əhalini ən çox aldadan şirkətlər AÇIQLANDI

Xpress.az Redaksiyası 23.07.2026 15:00

Saxta məhsulların dövriyyəsi, istehlakçı hüquqlarının pozulması və müxtəlif məhsul qrupları üzrə daxil olan şikayətlər uzun illərdir aktual mövzulardan biridir. Xüsusilə son illərdə texnologiyaların sürətli inkişafı, onlayn ticarətin genişlənməsi və bazara yeni məhsulların çıxması istehlakçı müraciətlərinin məzmununa da təsir göstərib. Belə ki, istehlakçılardan hazırda ən çox hansı məhsul və xidmətlərlə bağlı şikayətlərin daxil olması, problemlərin daha çox hansı satış sahələrində müşahidə edilməsi, eləcə də son illərdə şikayətlərin istiqamətində baş verən dəyişikliklər diqqət çəkən məsələlər sırasındadır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Modern.az-a açıqlamasında bildirib ki, istehlakçılardan daxil olan şikayətlərin palitrası illər keçdikcə dəyişir. Onun sözlərinə görə, 20 il əvvəl ən çox şikayətlər stasionar telefonlarla bağlı olurdu:

“İnsanlar danışmadığı halda onlara ödəniş gəlirdi. Radiotelefonlar meydana çıxmışdı. Biri danışırdı, pul gedirdi o birisinə və sair. Lakin bu sahədə ciddi islahatlar aparıldı. Demək olar ki, son 15-18 ildə oradan şikayətlər sıfıra enib”.

O qeyd edib ki, yeni texnologiyalar, yeni mallar və xidmətlər yarandıqca istehlakçı şikayətlərinin istiqaməti də dəyişir:

“Son 8 ildə ən çox şikayət olunan mallar arasında birinci yerdə mürəkkəb texniki cihazlar dayanır. Kompüterlər, telefonlar, paltaryuyan maşınlar və digər texniki vasitələr daim yenilənir, mürəkkəbləşir. Bu dəyişikliklərlə paralel olaraq istehlakçı hüquqlarının pozulması halları da artır”.

Onun sözlərinə görə, mürəkkəb texniki cihazların satışı sahəsində ən çox şikayət olunan şəbəkə “Kontakt Home” şirkətidir:

“Azərbaycanda bu malları satan firmalar sanki istehlakçıları aldatmaq üçün yarışa giriblər. Burada da birinciliyi "Kontakt Home" əldən vermir. Neçə illərdir istehlakçıları aldatmaqda birinci yerdə dayanır. "Pulunu verdin – itil cəhənnəmə" prinsipi işləyir. Malı aldın, qurtardı, qapılar bağlandı. Məhsulu geri qaytarmaq və ya dəyişmək demək olar ki, mümkün olmur”.

E.Hüseynov bildirib ki, Azad İstehlakçılar Birliyi 30 il ərzində şirkət rəhbərliyi ilə bir dəfə də olsun görüşə bilməyib:

“Mən dəfələrlə İqtisadiyyat Nazirliyinə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə demişəm ki, bu malları satan şirkətlərin nümayəndələrini toplayın, mənim onlara beş dəqiqəlik sözüm var. Təəssüf ki, bunu təşkil etməyiblər”.

Birlik sədri mürəkkəb texniki cihazların satışı sahəsində “Baku Electronics” barədə də çoxsaylı müraciətlər daxil olduğunu deyib:

“Hazırda da "Baku Electronics"dən bir neçə şikayət var. Danışıq yolu ilə məsələləri həll etmək demək olar ki, mümkün olmur. Ümumiyyətlə, əlaqə yaradacaq adam tapılmır. Məcbur olub Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edirik. Onlar da şirkətə məktub göndərirlər. Şirkət istehlakçıya nə cavab veribsə, həmin cavabı olduğu kimi köçürüb həm bizə, həm də şirkətə göndərirlər və sonda yazırlar ki, məhkəməyə müraciət edin”.

Eyyub Hüseynov onlayn satış sahəsində də ciddi problemlərin olduğunu bildirib:

“Mürəkkəb texniki vasitələrin onlayn satışında da böyük problemlər var. Bu sahədə aldatmalar çox geniş yayılıb”.

Bununla yanaşı, onun sözlərinə görə, şikayət daxil olmayan şirkətlər də var:

“Haqq naminə deməliyəm ki, "İrşad Telecom"dan və "Smart Electronics"dən şikayət gəlmir. Uzun illər "Music Gallery"dən də şikayət olmurdu. "Kontakt Home" gördü ki, rəqibi olan "Music Gallery"dən şikayət yoxdur, məşhur fənd işlətdi: rəqibinə gücün çatmırsa, onu al. Onu da aldı, özünə birləşdirdi”.

Azad İstehlakçılar Birliyinin sədri parfümeriya bazarında da problemlərin davam etdiyini vurğulayıb:


“Parfümeriya bazarını illər əvvəl dəfələrlə araşdırmışıq. Həddindən artıq çirklənmiş bazardır. "Sabina" şirkəti fəaliyyət göstərən dövrdə bazarda müəyyən rahatlıq var idi. Lakin həmin şirkəti başqa qurum aldıqdan sonra bazar yenidən zibilləndi. Xüsusilə ətirlərlə bağlı şikayətlər gəlir. Bu problemləri də danışıq yolu ilə həll etmək, rəhbərliklə əlaqə yaratmaq mümkün olmur”.

O bildirib ki, Nazirlər Kabinetinin 114 saylı qərarına əsasən, parfümeriya məhsulları dəyişdirilməsi və geri qaytarılması mümkün olmayan mallar siyahısındadır:

“Xüsusən ətirlər həmin siyahıya daxildir. Buna görə də istehlakçılar çıxılmaz vəziyyətdə qalırlar”.

E.Hüseynov qeyd edib ki, qızıl bazarında vəziyyət müsbət istiqamətdə dəyişməyə başlayıb:

“Artıq bu sahədə dövlət qurumu fəaliyyət göstərir. Halbuki illər boyu qızıl bazarında ciddi problemlər yaşanırdı”.

Onun sözlərinə görə, ərzaq malları arasında ən çox saxtalaşdırılan məhsullar spirtli içkilərdir:

“Spirtli içkilərin müəyyən saxlanma müddəti var. Araqların saxlanma müddəti bir ildən artıq deyil, şərabların altı aydan artıq deyil, konyakların isə üç ildən artıq deyil. Amma bazarda satılan məhsulların böyük hissəsində nə istehsal tarixi, nə də son istifadə müddəti göstərilir. İstehlakçıları çağırıram ki, bu məlumatlar yazılmayan spirtli içkilərdən uzaq dursunlar”.

Birlik sədri əlavə edib ki, ikinci ən problemli məhsul qrupu içməli sulardır:

“Əhalinin sularla bağlı ciddi narazılığı var. Su şirkətləri sanki yarışa giriblər. Xüsusən evlərə çatdırılan 20 litrlik sularda istehlakçı ayırd edə bilmir ki, bu su birbaşa krantdan doldurulub, yoxsa həqiqətən təmizlənib. Bu sahədə də böyük problemlər yaşanır”.

Eyyub Hüseynov Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinə də toxunub:

“Qida Təhlükəsizliyi Agentliyi bazara nəzarət edir, məhsulların tərkibini və etiket məlumatlarını araşdırır. Lakin çox nadir hallarda standartlara uyğun olmayan məhsulların adını açıqlayır. Halbuki istehlakçıya məhz məhsulun adı lazımdır. İndiyədək əsasən bəzi suların, qənd və şəkərin adlarını açıqlayıblar. Bu yaxınlarda isə standartlara uyğun olmayan yağlarla bağlı məhsulların adını çəkmədilər, ümumi şəkildə "belə yağlar var" dedilər. Bu məsələdə böyük qeyri-şəffaflıq mövcuddur”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək