Gürcüstan Azərbaycandan xiyar alışını artırıb
Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycandan 81,2 min ABŞ dolları dəyərində 112,3 ton xiyar (təzə və ya soyudulmuş) idxal edib.
"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,5 dəfə, kəmiyyət olaraq 2 dəfə çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstana xiyar ixrac edən ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.
Bu ilin ilk 9 ayında Gürcüstan xarici ölkələrdən 5,8 milyon ABŞ dolları dəyərində 8 min 877 ton xiyar alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 20 % və 16 % azdır.
Hesabat dövründə Gürcüstan Türkiyədən 4,6 milyon ABŞ dolları dəyərində 6 min 566 ton, İrandan 1,1 milyon ABŞ dolları dəyərində 2 min 150 ton, Özbəkistandan 21,5 min ABŞ dolları dəyərində 43 ton, İordaniyadan 2,7 min ABŞ dolları dəyərində 5,6 ton xiyar alıb.
Xatırladaq ki, 2025-ci ildə Gürcüstan xaricdən 10 milyon ABŞ dolları dəyərində 14 min 759 ton xiyar alıb ki, bunun da 44 min ABŞ dolları dəyərində 77 tonu Azərbaycanın payına düşüb.