Ermənistan ordusu batır - itkiləri rekord həddə
"Qolos Armeniya": "Sərhəddə hərbçilərin həlak olmadığı bir vaxtda əsgərlərin kazarmalarda və hərbi hissələrdə həyatlarını itirməsi ciddi suallar doğurur"
Ermənistan ordusunda qeyri-döyüş şəraitində baş verən ölümlər ölkədə ciddi narahatlıq doğurmaqda davam edir.
Bu barədə "Qolos Armeniya" nın araşdırımasında deyilir.
Nəşrin yazdığına görə, iyulun 21-də Müdafiə Nazirliyinin hərbi hissələrindən birində həlak olan müddətli hərbi qulluqçu Narek Torosyanın ölümü ordudakı sistem böhranını yenidən gündəmə gətirib. İstintaq Komitəsinin məlumatına əsasən, hadisədən iki gün sonra iki hərbçi – kiçik serjant və əsgər saxlanılıb. İstintaq onların hərəkətləri nəticəsində Narek Torosyanın intihara sürükləndiyini bildirir.
"Qolos Armeniya" qeyd edir ki, Torosyanın faciəsi təkcə ayrı-ayrı cinayət hadisəsi deyil, Ermənistan Silahlı Qüvvələrində dərinləşən problemlərin növbəti təzahürüdür. Vanadzor Helsinki Vətəndaş Assambleyası Ofisinin məlumatına görə, bu, 2026-cı ilin əvvəlindən bəri Ermənistan ordusunda qeydə alınan artıq 30-cu ölüm hadisəsidir. Ən diqqətçəkən məqam isə bütün bu ölümlərin döyüş əməliyyatları ilə əlaqəli olmamasıdır.
O da vurğulanır ki, Nikol Paşinyan hakimiyyəti uzun müddətdir ölkədə "sülh dövrü"nün başlandığını bəyan edir. Sərhəddə atəşkəs pozuntuları nəticəsində hərbçilərin həlak olmadığı bir vaxtda əsgərlərin kazarmalarda və hərbi hissələrdə həyatlarını itirməsi isə ciddi suallar doğurur.
Hüquq müdafiəçilərinin araşdırmasına görə, cari ilin ilk yeddi ayında qeydə alınan qeyri-döyüş itkilərinin təxminən 37 faizi intihar və qətllərin payına düşür. Səkkiz intihar hadisəsinin altısı, üç qətlin isə ikisi rəsmi olaraq hərbi xidmətlə əlaqəli hesab edilib. Statistika vəziyyətin ildən-ilə ağırlaşdığını göstərir. Belə ki, 2010–2017-ci illərdə Ermənistan ordusunda 462 ölüm hadisəsi qeydə alınmışdı ki, onların 299-u qeyri-döyüş şəraitində baş vermişdi. 2018–2025-ci illərdə isə ümumi ölüm sayı 511-ə, qeyri-döyüş itkiləri isə 427-yə yüksəlib. Bu rəqəmlər orduda daxili təhlükəsizlik və psixoloji mühitlə bağlı problemlərin daha da dərinləşdiyini göstərir.
Məqalədə bildirilir ki, Narek Torosyanın intihara sürükləndiyi iddia olunursa, bu, yalnız ayrı-ayrı hərbçilərin məsuliyyəti deyil. Nəşr sual edir ki, komandirlər niyə vəziyyətə vaxtında müdaxilə etməyiblər, əsgərin psixoloji durumuna nəzarət niyə təmin edilməyib və onun yaşadığı təzyiqləri təhlükəsiz şəkildə çatdıra biləcəyi mexanizm niyə işləməyib.
Picture background
"Qolos Armeniya" Paşinyan hakimiyyətinin orduda korrupsiyanın, zorakılığın və "dedovşina"nın aradan qaldırılacağı ilə bağlı verdiyi vədləri də xatırladır. Qəzet yazır ki, hakimiyyət daha çox yeni hərbi geyimlər, qidalanma şəraiti və digər kosmetik dəyişiklikləri reklam etsə də, əsas məsələ – əsgərlərin təhlükəsizliyi təmin olunmayıb. Nəşr bu ilin fevralında hərbi kapellan xidmətində aparılan islahatı da tənqid edir. Bildirilir ki, Ermənistan Apostol Kilsəsinin ordudakı müstəqil kapellan institutunun faktiki olaraq ləğvi əsgərlərin etibar etdiyi mənəvi-psixoloji dəstək sistemini zəiflədib. Müəllifin fikrincə, bu dəyişiklik intiharların qarşısının alınmasına mənfi təsir göstərmiş ola bilər.
Sonda vurğulnır ki, Ermənistan ordusunda qeyri-döyüş itkilərinin artması fonunda hökumət cəmiyyət qarşısında cavab verməli, faciələrin səbəblərini araşdırmalı və onların təkrarlanmaması üçün təxirəsalınmaz tədbirlər görməlidir. Əks halda, orduda aparıldığı iddia olunan islahatlar və verilən vədlər fonunda artan ölüm statistikası Ermənistan Silahlı Qüvvələrində dərin böhranın davam etdiyini göstərir.