Avropada cinsi yolla keçən infeksiyaların sayı KƏSKİN ARTDI
Avropa ölkələrində cinsi yolla yoluxan xəstəliklərin (CYYX) kəskin artımı qeydə alınır.
Bu barədə "The Economist" nəşri Xəstəliklərin Profilaktikası və Nəzarəti üzrə Avropa Mərkəzinə (ECDC) istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, xəstələnmə göstəriciləri «COVID-19» pandemiyası dövründə azalsa da, 2021-ci ildən sonra yenidən yüksəlməyə başlayıb. Təkcə 2024-cü ildə Avropada 100 minə yaxın qonoreya halı qeydə alınıb ki, bu da 2015-ci illə müqayisədə üç dəfə çoxdur.
Eyni zamanda sifilisə yoluxma iki dəfədən çox artaraq 46 min həddinə çatıb. Yalnız xlamidioz ümumi statistikadan kənara çıxıb, çünki onun göstəriciləri 2022-ci ildəki pik həddən sonra 2015-ci ilin səviyyəsinə qədər azalıb.
"Göstəricilərin artması yalnız aparılan müayinələrin sayının çoxalmasının nəticəsi deyil", - deyə materialda vurğulanır.
Məqalədə bəzi ekspertlərin rəylərinə yer verilib. Onların fikrincə, regionda CYYX-in kəskin artması tanışlıq tətbiqlərinin geniş yayılması ilə bağlı ola bilər. Lakin niderlandlı həkim Henri de Vris bu versiya ilə razılaşmayaraq, bu cür xidmətlərin xəstələnənlərin sayı artmazdan çox əvvəl məşhurluq qazandığına diqqət çəkib. Həkimin fikrincə, səbəb insanların cinsi əlaqə zamanı prezervativdən istifadə etməkdən tez-tez imtina etməsindədir.