Ağrı dağının ətəyində TARİXİN SƏSSİZ ŞAHİDİ- IĞDIR KARVANSARAYI
Türkiyə İnternet Jurnalistləri Dərnəyi – TİGAD tərəfindən İğdırda təşkil olunan 13-cü Rəqəmsal Media Çalıştayı çərçivəsində Türkiyənin müxtəlif şəhərlərindən bölgəyə gələn jurnalistlər, media rəhbərləri və akademiklərlə birlikdə Tuzluca ilçəsinə yollandıq.
Bu səfərin proqramında bir neçə ünvan vardı. Amma bəzən yolun ən yaddaqalan hissəsi getdiyin yer deyil, həmin yerdə hiss etdiklərindir.
Tuzlucaya doğru irəlilədikcə qarşımızda uzanan mənzərə dəyişirdi. Şəhərin səs-küyü geridə qalır, yolun hər iki tərəfində təbiətin sərt və sakit üzü görünürdü. Uzaqda isə bütün mənzərəyə hakim olan Ağrı Dağı getdikcə daha aydın görünürdü.

Və nəhayət, qarşımızda İğdır Karvansarayı.
İlk baxışda insanı qarşılayan nəhəng bir abidə deyil. Əksinə, sadəliyi ilə diqqət çəkən daş bir tikilidir. Ancaq bir neçə dəqiqə orada dayanandan sonra anlayırsan ki, bu məkanın böyüklüyü ölçüsündə deyil, daşıdığı tarixdədir.
Daş divarlara toxunanda istər-istəməz düşünürsən: bu divarlar görəsən nələrə şahid olub?
Neçə karvan bu qapıdan keçib?
Neçə tacir gecəni burada keçirib?
Neçə səyyah səhər açılmamış bu həyətdən çıxaraq yoluna davam edib?
Bu sualların cavabını artıq heç kim dəqiq deyə bilməz. Amma karvansarayın divarları sanki bütün bunları öz yaddaşında saxlayır.
Tarixi mənbələrə görə, İğdır Karvansarayı XIII əsrin sonu – XIV əsrin əvvəllərində inşa edilib.
İğdırın coğrafi mövqeyi bu tikilinin tarixini anlamaq üçün xüsusi əhəmiyyət daşıyır. Anadolu ilə Qafqaz arasında yerləşən bölgə əsrlər boyunca müxtəlif ticarət və səfər yollarının üzərində olub.
Bu gün avtomobillərlə bir neçə dəqiqəyə keçdiyimiz yolları əsrlər əvvəl insanlar at, dəvə və karvanlarla qət edirdilər.
Yol isə asan deyildi.
Uzun səfərlər zamanı karvanların gecələməsi, dincəlməsi, mallarını qoruması üçün belə dayanacaqlara ehtiyac vardı. Karvansaraylar məhz bu ehtiyacdan yaranmışdı.
Amma onların funksiyası yalnız bundan ibarət deyildi.
Burada tacirlər bir-biri ilə görüşür, xəbərlər yayılır, fərqli şəhərlərdən gələn insanlar bir araya gəlirdi. Başqa sözlə, karvansaraylar orta əsrlərin yolüstü kommunikasiya məkanları idi.
Bəlkə də bu baxımdan İğdır Karvansarayına yalnız tarixi bina kimi baxmaq düzgün olmaz.
Çünki bu daş divarlar həm də əsrlər əvvəlki insan hərəkətinin, ticarətin və mədəni əlaqələrin izlərini qoruyur.
Karvansaray İğdır şəhərindən təxminən 30 kilometr məsafədə, Güngörmez, Kızılkule, Karvansaray və Asma kəndlərinin yol ayrıcında yerləşir.
Burada dayananda məkanın niyə məhz bu ərazidə seçildiyini daha yaxşı anlayırsan.

Ətraf genişdir.
Yol uzaqlara uzanır.
Ağrı Dağı isə bütün mənzərənin arxasında nəhəng bir sədd kimi dayanır.
Bu mənzərədə bir qəribə uyğunluq var.
Bir tərəfdə təbiətin minilliklər boyu dəyişməyən əzəməti...
Digər tərəfdə insan əlinin əsrlər əvvəl qurduğu və bu günə qədər gəlib çatan bir tikili.
Ağrı Dağı bu ərazinin sadəcə coğrafi simvolu deyil. İğdırın yaddaşında, mənzərəsində və mədəni kimliyində xüsusi yer tutur.
5 min 137 metr yüksəklikdə ucalan dağın əzəməti kervansarayın qarşısında daha fərqli hiss olunur.
İğdırla Azərbaycan arasında yalnız xəritədə bir məsafə yoxdur. Bu torpaqlar tarix, mədəniyyət, yaddaş və insan münasibətləri baxımından da bir-birinə yaxındır.
Bəlkə də buna görə burada gördüklərimiz bizə tamamilə yad görünmür.
Əksinə, tanış bir tarixin başqa bir səhifəsi kimi gəlir.
TİGAD tərəfindən təşkil olunan 13-cü Rəqəmsal Media Çalıştayı çərçivəsində bu məkanla tanışlıq bizim üçün çalıştayın gündəlik proqramından kənara çıxan bir təcrübəyə çevrildi.
Çünki jurnalistika yalnız hadisəni yazmaqdan ibarət deyil.
Bəzən jurnalist hadisənin özünü deyil, hadisənin yaddaşını axtarır.
Burada isə həmin yaddaş gözümüzün qarşısında idi.

Daşlarda.
Tağlarda.
Qapılarda.
Yolun özündə.
Bir vaxtlar bu yollardan keçən insanların adlarını bilmirik. Onların haradan gəldiyini, hara getdiyini, burada hansı söhbətləri etdiyini də bilmirik.
Amma bilirik ki, onlar bu yoldan keçiblər.
Və onların keçdiyi yolun bir parçası bu gün də qarşımızdadır.
Bir zamanlar karvanların dayanacağı olan bu məkan bu gün tarixə boylananların dayanacağıdır.
Biz də həmin dayanacaqda bir qədər durduq.
Ağrı Dağına baxdıq.
Daşlara toxunduq.
Keçmişi düşündük.
Və bir daha anladıq ki, bəzi yollar bitmir. Sadəcə yolcuları dəyişir.

Xəyalə Rəis