Halit Öztürk İğdırda keçirilən 13-cü Rəqəmsal Media Forumunu dəyərləndirdi
İğdırın Türkiyə İnternet Jurnalistikası Dərnəyinin (TİGAD) 13-cü Rəqəmsal Media Forumuna ev sahibliyi etməsi bölgənin tanıdılması baxımından mühüm əhəmiyyət daşıyıb.
Bu barədə TİGAD-ın İğdır təmsilçisi Halit Öztürk bildirib.
Onun sözlərinə görə, forum yalnız media sahəsində fikir və təcrübə mübadiləsi baxımından deyil, eyni zamanda İğdırın Türkiyənin müxtəlif bölgələrindən gələn jurnalistlərə daha yaxından tanıdılması baxımından da mühüm fürsət olub.
“Türkiyənin 81 vilayətindən 150-yə yaxın jurnalistin İğdırda bir araya gəlməsi bölgənin tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır. Forum çərçivəsində jurnalist həmkarlarımız İğdırı yalnız tədbirin keçirildiyi şəhər kimi deyil, tarixi, mədəniyyəti, təbiəti və strateji mövqeyi ilə də yaxından tanımaq imkanı əldə etdilər.
Onlar İğdırı gəzərək bölgənin özünəməxsus məkanlarını gördülər, yerli əhalinin qonaqpərvərliyinin şahidi oldular. İnanıram ki, jurnalistlərin İğdırla bağlı təəssüratlarını öz media platformalarında paylaşması şəhərimizin daha geniş auditoriyaya tanıdılmasına mühüm töhfə verəcək”, – deyə Halit Öztürk vurğulayıb.
O qeyd edib ki, Rəqəmsal Media Forumunun İğdırda keçirilməsi bölgə üçün böyük əhəmiyyət daşıyır. Öztürkün sözlərinə görə, bu cür tədbirlər İğdırın media və turizm potensialının daha da inkişaf etdirilməsinə və bölgənin tanıdılmasına xidmət edir.
TİGAD tərəfindən təşkil olunan 13-cü Rəqəmsal Media Forumu İğdır İl Mədəniyyət və Turizm Müdirliyinin konfrans zalında keçirilib. İki sessiyadan ibarət forumda ənənəvi və rəqəmsal medianın bu günü və gələcəyi, eləcə də sektorun qarşısında duran əsas çağırışlar müzakirə olunub.
İğdır Valiliyinin himayəsi ilə keçirilən forumda Türkiyənin ədliyyə naziri Akın Gürlek də iştirak edib.
Tədbirə Sürkit Holding, Kalyon Holding, Cengiz Holding, Alagöz Holding və Öntaş Yapı dəstək göstərib.