Öysüzlüyə yolu düşənin ilk dayanacağı - 101 yaşlı Nigar nənə: “Sevgi səbirdir, sahib çıxmaqdır” - FOTO + VİDEO
Bəzi insanlar var ki, onların ömrü bir ailənin deyil, bütöv bir kəndin yaddaşına çevrilir. Onlar yaşadıqları illərlə bir elin keçmişini bu günə daşıyır, neçə-neçə nəslin xatirəsini öz yaddaşında yaşadırlar. Tovuzun Yuxarı Öysüzlü kəndində belə bir insan var – 101 yaşlı Nigar nənə.
Öysüzlüyə yolu düşən, kəndə qonaq gələn adamların baş çəkdiyi ünvanlardan biri məhz Nigar nənənin evidir. Kənd camaatı üçün o, sadəcə uzun ömür sürmüş ağbirçək deyil. Nigar nənə gəncdən-qocaya hər kəsin doğması, sevimlisi, xeyir-duasına ehtiyac duyduğu böyükdür. Bir əsrdən artıqdır ki, Nigar nənə bu kəndin sevincinə də, kədərinə də şahidlik edir. Ötən nəsilləri tanıyır, onların övladlarını, nəvələrini xatırlayır. Kim kimin oğludur, kim kimin nəvəsidir – onun yaddaşında bu kəndin böyük bir ailə şəcərəsi yaşayır.
Bəlkə də elə buna görə kənd sakinləri onu “Niyyar nənə” deyə çağıranda bu müraciətdə sadəcə yaşın deyil, böyük bir məhəbbətin, hörmətin səsi duyulur. Nigar nənənin 101 illik ömrü isə asan keçməyib. Müharibə illəri, qıtlıq, zəhmət, ailə qayğıları, həyatın ağır sınaqları... O, bütün bunların içindən keçərək bu günə gəlib. Bu gün onun evində isə başqa bir həyat var – övladlarının, nəvələrinin səsi, qayğı və doğmalarının sevgisi. Xpress.az Nigar nənə ilə bir əsrlik ömrün yaddaşına çevrilən səmimi söhbət edib.
“Torpaq məni çağırır, amma nəvələrin gülüşü buraxmır”
– Nigar nənə, özünüzü necə hiss edirsiniz?
– Salamatam, bala. Şükür Allahın bu gününə. Hələ yaşayıram... Torpaq məni çağırır, amma nəvələrin gülüşü buraxmır. (gülür)
– 101 il yaşamağın sirri nədədir?
– Mən heç vaxt boş dayanmamışam. Çox çalışqan olmuşam. Bax, bu gördüyün evi çay daşı ilə tikdirmişəm. Öz əllərimlə, beş maşın çay daşı daşıtdırıb tikdirmişəm bu evi. Xəstəxanada çalışmışam, tarlada işləmişəm, başqa sahələrdə də zəhmət çəkmişəm. Tər tökmüşəm, dayanmamışam. Sağlam qidalanmışam. Amma bilirsən, uzun yaşamağımın bir sirri də var. Oğlumun və gəlinim Sədaqətin mənə gözəl baxmasıdır. Onlar məni göz bəbəyi kimi bəsləyirlər, qulluğumda dururlar. Evdəki rahatlıq, diqqət, qayğı insanı yaşadır.

“Mən bu kəndin canlı tarixiyəm”
– Bütün kəndin sevimlisi olmaq, “Nigar nənə” deyə çağırılmaq sizə nə hiss etdirir?
– Mən bu kəndin canlı tarixiyəm, bala. Təsəvvür elə, mən əvvəlki nəsli də görmüşəm, indiki nəsli də. Kim kimin oğludur, kimin nəvəsidir – hamısını tanıyıram. Hamı da məni tanıyır. Mən bu kəndin Nigar nənəsiyəm! Camaat məni çox sevir, hörmətimi saxlayır. Bu sevgi də insana qanad verir.
– Sizcə, sevgi insan ömrünü uzadırmı?
– Mən gənc olanda sevginin nə olduğunu bilmirdim, bala. Ailə həyatı quranda öyrəndim ki, həyat yoldaşımın gözləri görmür. Özüm də uşaq idim. Qorxdum, qaçmağa çalışdım, amma bacarmadım. Sonra nə oldu? Zamanla yoldaşımı sevdim. Ona göz oldum, dayağı oldum. Övladlarım oldu, nəvələrim oldu... Həqiqi sevgini, həyatın mənasını məhz onlarda tapdım. Sevgi səbirdir. Sevgi sahib çıxmaqdır.
“İndikilər bir-birinin qapısını az döyür”
– Dünün Tovuzyu ilə bugünkü Tovuz arasında ən böyük mənəvi fərq nədədir?
– Əvvəl ədəb-ərkan, həya, hörmət vardı. Böyüyün sözü böyük idi, kiçiyin yeri kiçik. İndi hər şey çox sürətlidir. Texnika çıxıb, rahatlıq var. Amma o köhnə səmimiyyət, qonşuluq istiliyi azalıb. İndikilər bir-birinin qapısını əvvəlki kimi çox döymürlər.
– Müasir dövrün gənclərində nəyi çatışmayan görürsünüz? Onların xoşbəxt olması üçün əsas öyüdünüz nədir?
– Tələsməsinlər. İndiki gənclər hər şeyin bir anın içində olmasını istəyirlər. Zəhmətdən qorxmasınlar. Çətinlik görəndə tez təslim olmasınlar. Ailələrini qorusunlar. Bir də böyük-kiçik yerini bilsinlər. Hörmət olan yerdə ruzi də olar, bərəkət də.

“Bir tikə çörəyi övladlar arasında böləndə özüm ac yatardım”
– Keçmişə qayıdanda, hələ də qəlbinizi göynədən ən ağır illər hansılar olub?
– Müharibə illəri, qıtlıq vaxtları idi... Bir tikə çörəyi övladlar arasında böləndə özüm ac yatardım ki, təki onlar doysun. Amma o çətinliklər bizi sındırmadı, əksinə, daha da bərkitdi. Halallıqla, zəhmətlə o günləri aşdıq.
“Ən böyük dövlət elə budur”
– Yüzillik bir ömür zirvəsindən həyata baxanda, insan üçün ən böyük zənginlik və xoşbəxtlik nədir?
– Xoşbəxtlik səhər oyananda evində körpə səsi eşitməkdir. Xoşbəxtlik alın təri ilə qazanılan bir tikə halal çörəkdir. Əgər bu gün övladlarım, gəlinim, nəvələrim başımı uca edirsə, məndən dualarını əsirgəmirlərsə, deməli, mən bu dünyada boş yaşamamışam. Ən böyük dövlət elə budur. Bu gün gəlinim Sədaqət mənə yaxşı baxır. Allah ondan razı qalsın. Mənə çox yaxşı qulluq edir.
Son söz əvəzi: Nigar nənənin bu sözləri ilə söhbətimiz də yekunlaşır. Amma onun 101 illik ömrünün hekayəsi bitmir. Çünki o hekayə təkcə Nigar nənənin deyil – Yuxarı Öysüzlünün də tarixidir. Öysüzlüyə yolu düşən qonaqlar yenə onun qapısını döyəcək, halını soruşacaq, xeyir-duasını alacaq. O isə yenə doğmalarının əhatəsində, nəvələrinin səsinə qulaq asaraq kəndin dünənindən bu gününə uzanan yaddaşın bir parçası kimi yaşayacaq. 101 yaşlı Nigar nənə – bir kəndin ağbirçəyi, bir nəslin yaddaşı, Öysüzlünün canlı tarixidir.
Xəyalə RƏİS
MÜSAHİBƏNİN VİDEOVERSİYASI İLƏ BURADAN TANIŞ OLA BİLƏRSİNİZ!