Uçuq divarlar, sınıq partalar, antisanitar vəziyyət - Yuxarı Öysüzlü məktəbi dərsə hazırdırmı? - REPORTAJ
Tovuz rayonu Məmmədqara Məmmədov adına Yuxarı Öysüzlü kənd tam orta məktəbinin ərazisindəyik. Məktəbin qarşısına çatmamış binanın pəncərələri diqqətimizi çəkir. İlk baxışdan elə təəssürat yaranır ki, burada ciddi təmir işləri aparılır. Yeni pəncərə çərçivələri uzaqdan hələ uzaqdan belə təsir bağışlayır. Amma binaya yaxınlaşdıqca ilk təəssüratımız yerini təəccübə, təəccüb isə narahatlığa verir. Pəncərə çərçivələri şüşəəsizdir, Həyətyanı sahə isə şüşə qırıntıları və tullantılarla əhatə olunub.
Yeni dərs ilinin başlamasına cəmi bir həftə qalır. Tətil müddətində məktəbin hazırlıq və təmir işlərinin görülməsi üçün kifayət qədər vaxt olduğu halda, burada işlərin dərs ilinin başlanmasına sayılı günlər qalmış aparılması sual doğurur. Məktəbə daxil oluruq. Çöldə gördüklərimiz içəridə gördüklərimizin yanında yalan olur. Sinif otaqlarında sınıq, köhnə və yararsız vəziyyətdə stol-stullar diqqət çəkir. Binanın daxilində nəmişlik və ağır üfunət hiss olunur. Sanki bu bina yeni dərs ilinə deyil, istismardan çıxarılmağa hazırlaşır.

Məktəbin pəncərəsindən həyətə baxırıq. Zibillik. Şüşə qırıntıları. Qamışlıq. Dağınıqlıq. Mənzərə bir təhsil müəssisəsindən çox, baxımsız və tərk edilmiş ərazini xatırladır.
Məktəbin sinif otaqlarında daha bir məqam diqqətimizi çəkir. Siniflərə şəhidlərin adları verilib. Şəhid adının məktəb otağında yaşadılması, əlbəttə, ehtiramdır. Amma burada istər-istəməz başqa sual yaranır:
Şəhidlərin adını daşıyan siniflər niyə bu vəziyyətdədir? Şəhidlərin adını yaşatmaq yalnız onların adlarını sinif otağına yazmaqla bitmir. O adın daşıdığı mənaya, həmin otaqda təhsil alan uşaqlara, məktəbin özünə münasibətdə də bunu görmək lazımdır.

Öysüzlü kəndinin uşaqları üçün bu məktəb seçim deyil. Onlar təhsil almaq üçün buraya gəlməlidirlər. Valideynlərin də övladlarını başqa yerə aparmaq imkanının olub-olmamasından asılı olmayaraq, onların ən adi tələbi var: uşağım təhlükəsiz, təmiz və normal məktəbdə oxusun. Bu, böyük tələb deyil. Bu, təhsilin ən elementar şərtidir. Heç bir valideyn övladının ayağının altında şüşə qırıntıları, başının üstündə şüşəsiz pəncərələr, ətrafında zibillik, sinifdə sınıq stol-stul, binanın daxilində isə nəmişlik və qoxu olmasını istəməz. Məktəb xəstəlik və təhlükə mənbəyi olmamalıdır. Məktəb uşağın özünü təhlükəsiz hiss etdiyi yer olmalıdır.
Təhsil müəssisəsinin əsas vəzifəsi uşağa sağlam və təhlükəsiz mühit yaratmaqdır. Bunun üçün milyonlarla manatlıq layihələrdən əvvəl bəzən ən sadə şeylərə – təmizlik, təhlükəsizlik, saz avadanlıq və vaxtında görülən təmirə ehtiyac var. Məktəb sadəcə dörd divar deyil. Məktəb uşağın gələcəyidir. O gələcəyin yerləşdiyi binada isə bu mənzərənin olması heç bir halda normal qəbul edilməməlidir. Bir tərəfdə şəhidlərin adını daşıyan siniflər, digər tərəfdə şüşə qırıntıları və nimdaş divarlar. Bu ziddiyyət özü çox şey deyir. Amma məsələ bununla bitmir. Məktəbin girişindən ətrafa baxanda daha bir acınacaqlı mənzərə ilə qarşılaşırsan. Məktəbin qarşısında XIX əsrə aid olduğu bildirilən, Nəsib bəy və Yusif bəy qardaşlarına məxsus tarixi bəy evi yerləşir. Vaxtilə tarixə şahidlik edən bu tikilinin hazırkı vəziyyəti isə ayrıca ürəkağrıdan mövzudur. İndi bu bəy evi də xarabalığı xatırladır.

Bir tərəfdə gələcəyin uşaqları üçün məktəb, digər tərəfdə keçmişin yadigarı olan tarixi bəy evi – hər ikisinin mənzərəsi isə eyni laqeydliyin izlərini daşıyır.
Tarixi bəy evinin necə bu vəziyyətə düşməsi, onların qorunması üçün hansı işlərin görülüb-görülməməsi və bu qiymətli irsin taleyinin necə olacağı barədə isə daha sonra ayrıca danışacağıq. Hələlik isə bir sual havada qalır: Yuxarı Öysüzlü kəndində şagirdlər yeni dərs ilində məktəbə, yoxsa yarımçıq təmir meydançasınamı gedəcəklər?!






