Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Müsahibə Asuman Saydam Atasoy:
Asuman Saydam Atasoy:
Müsahibə

Asuman Saydam Atasoy: “Cəmiyyətin əsl hekayəsi vitrinlərdə deyil, görünməyən həyatlarda yaşanır”

Xpress.az Redaksiyası 01.09.2026 19:32

İnsan, cəmiyyət və zaman... Bu üç anlayış bir-birindən ayrı düşünüldükdə belə, əslində bir-birini tamamlayır. Cəmiyyətin dəyişməsi insan münasibətlərinə, insanların düşüncə və davranışlarına təsir etdiyi kimi, fərdin yaşadığı dəyişikliklər də bütövlükdə cəmiyyətin mənzərəsini formalaşdırır.
İnsanları, onların münasibətlərini və gündəlik həyatın görünməyən tərəflərini müşahidə edən yazar üçün isə bütün bunlar tükənməz bir mövzudur. Bəzən bir baxış, bir susqunluq, hətta adi görünən bir davranış böyük bir hekayənin başlanğıcına çevrilə bilər.
“Taxta Qanadlardan Çəlik Pərvanələrə” və “Çocuklarım Benim Dünyam” əsərlərinin müəllifi ilə cəmiyyətin dəyişən dəyərləri, insan münasibətləri, nəsillərarası fərqlər, sosial medianın yaratdığı yeni reallıq və yazarlığın insanı daha dərindən anlamağa necə təsir etdiyi barədə Asuman Saydam Atasoyla söhbət etdik.

-Bir toplumsal müşahidəçi və yazar kimi insanlara baxarkən, əksər insanların gündəlik həyatın içində fərq etmədiyi hansı detallara diqqət yetirirsiniz? Bir insanın davranışında, danışığında və ya susqunluğunda sizi bir hekayənin ardınca aparan nədir?
-Mən insanın dediklərindən çox, dedikləri ilə etdikləri arasındakı məsafəyə baxıram. Bir baxış, bir susqunluq, hətta insanın başqasına münasibəti mənə çox şey deyir.
Çünki insanı yalnız fərd kimi deyil, eyni zamanda yaşadığı cəmiyyətin bir əksi kimi görürəm. Bəzən bir insanda gördüyümüz davranış əslində hamımızın ortaq hekayəsidir.
- Bu gün cəmiyyətə nəzər saldıqda sizi ən çox düşündürən dəyişiklik nədir? İnsan münasibətlərində, ailə modelində, nəsillərarası ünsiyyətdə və ictimai dəyərlərdə sizcə nələri itirir, nələri yenidən qazanırıq?
-Məni ən çox düşündürən məsələ bir-birimizə çatmağın asanlaşdığı halda, bir-birimizi anlamağın çətinləşməsidir.
Çox danışırıq, amma az dinləyirik. Sürətlənmişik, lakin bir-birimizə ayırdığımız zamanı itirmişik. Məncə, cəmiyyət olaraq texnologiyadan daha çox bir-birimizə yadlaşmağımıza diqqət etməliyik.


-Yazarı yaşadığı cəmiyyətdən ayrı təsəvvür etmək mümkündürmü? Sizcə, yazar cəmiyyətə sadəcə güzgü tutmalıdır, yoxsa cəmiyyətin görmək istəmədiyi tərəfləri də üzə çıxaran bir obyektiv olmalıdır?
-Yazar cəmiyyətdən müstəqil ola bilməz. Amma yalnız güzgü tutmaq da kifayət deyil. Güzgü görünəni göstərir, yazar isə görünməyəni sorğulamalıdır.
Mən yazının vəzifəsini bir qədər də cəmiyyətin alışdığı şeyləri yenidən düşündürmək kimi görürəm. Bəzən insanı narahat edən sual ən vacib sualdır.
-Sosial media dövründə hər kəs eyni anda həm müşahidə edən, həm də müşahidə olunan tərəfə çevrilib. İnsanların özlərini daim nümayiş etdirdiyi bir dövrdə həqiqi insanı tanımaq və səmimi hekayələri yaxalamaq çətinləşibmi?
-Bəli, çətinləşib. Çünki artıq insanın nə yaşadığından çox, necə göründüyü önəmli ola bilir.
Hər kəs özünün bir vitrinini yaradır. Halbuki cəmiyyətin əsl hekayəsi vitrinlərdə deyil, görünməyən həyatlarda yaşanır.
Məncə, səmimiyyəti itirdiyimiz yerdə bir-birimizi həqiqətən tanımaq imkanımızı da itiririk.
-Bir cəmiyyətin ruhunu anlamaq üçün böyük hadisələrəmi, yoxsa adi insanların kiçik həyatlarına baxmaq lazımdır? Sizin yazarlığınızda bu iki istiqamət necə kəsişir?
-Böyük hadisələr tarixə, kiçik həyat hekayələri isə cəmiyyətə işıq tutur. Mən hər ikisinə birlikdə baxıram. Çünki bir ölkənin əsl mənzərəsi yalnız meydanlarda deyil, evlərdə, süfrələrdə, iş yerlərində və insanların susqunluğunda da görünür. Böyük məsələlərin əksəriyyəti əslində adi insanların həyatında öz əksini tapır.
- Bu gün xüsusilə gənclərlə əvvəlki nəsillər arasında ciddi dil və dünyagörüşü fərqinin yarandığı deyilir. Bir toplumsal müşahidəçi kimi siz bu fərqi daha çox qopuş, yoxsa cəmiyyətin təbii inkişafı kimi qiymətləndirirsiniz?
-Mən bunu yalnız qopuş kimi qiymətləndirmirəm. Hər nəsil öz dövrünün dili və şərtləri ilə böyüyür.
Əsas məsələ fərqlənmək deyil, dəyişərkən nələri qoruduğumuzdur. Texnologiya, dil və həyat tərzi dəyişə bilər. Amma ədalət, vicdan, hörmət və məsuliyyət dəyişməməlidir.
Bunları itirsək, problem artıq nəsillərarası fərq deyil, cəmiyyətin dəyər itkisidir.


- “Taxta Qanadlardan Çəlik Pərvanələrə” və “Çocuklarım Benim Dünyam” əsərlərinizə nəzər saldıqda, cəmiyyətə və insana dair müşahidələrinizin hansı tərəflərini daha aydın görmək mümkündür? Bu iki əsər arasında sizin üçün hansı düşüncə bağı var?
-“Taxta Qanadlardan Çəlik Pərvanələrə” cəmiyyətin və zamanın dəyişiminə, “Çocuklarım Benim Dünyam” isə insanın və ailənin daxili dünyasına baxır.
Biri cəmiyyətə kənardan, digəri həyata içəridən baxırmış kimi görünsə də, hər iki əsərin ortaq sualı eynidir: Dəyişərkən insan olaraq nələri itiririk?
Çünki cəmiyyət dediyimiz anlayış əslində insanların həyatından, onların yaşantılarından və münasibətlərindən formalaşır.
- Sonda bir qədər şəxsi, amma alışılmışdan fərqli sual verək: İllərlə insanları, münasibətləri və cəmiyyəti müşahidə edən bir yazar kimi, yazmağa başladıqdan sonra insanlara baxışınız dəyişdimi, yoxsa yazarlıq sizə əvvəldən gördüyünüz şeyləri daha dərindən oxumağı öyrətdi?
-Yazarlıq baxışımı dəyişməkdən daha çox, gördüklərimin alt qatını oxumağı öyrətdi.
İnsan yalnız nə etdiyinə görə deyil, bunu niyə etdiyinə görə də anlaşılır. Bir insanı anlamağa çalışarkən əslində cəmiyyəti də anlamağa başlayırsınız.
Çünki fərdin hekayəsi çox vaxt onun yaşadığı cəmiyyətin hekayəsindən ayrı deyil.

Xpress.az

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək