Füzuli rayonunda istehlakçılar üçün “Açıq qapı” günü keçirilib
Maarifləndirici tədbirdə istehlakçıların əsas hüquqları, müvafiq qanunvericiliyin tələbləri və istehlakçı hüquqlarının müdafiəsi mexanizmləri barədə məlumat verilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi istehlakçı maraqlarının qorunması sahəsində məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə maarifləndirici tədbirlərini davam etdirir. Bu çərçivədə Agentliyin 7 saylı regional bölməsinin təşkilatçılığı və Füzuli Rayon İcra Hakimiyyətinin dəstəyi ilə istehlakçılar üçün “Açıq qapı günü” təşkil olunub.
Agentlikdən Xpress.az-a bildirilib ki, 30-dan çox iştirakçının qatıldığı tədbirdə mal, iş və xidmətin lazımi keyfiyyətdə olması, zərərin ödənilməsi, malın dəyişdirilməsi, sərbəst seçim, məlumat almaq və digər istehlakçı hüquqları barədə ətraflı məlumat verilib, müvafiq sahədə qanunvericiliyin əsas tələbləri izah edilib.
Bundan əlavə, istehlakçı hüquqlarının qorunmasında aidiyyəti dövlət orqanları və məhkəmələrin səlahiyyətləri və rolundan bəhs edilib. Həmçinin tədbir iştirakçılarının pozulmuş istehlakçı hüquqlarının bərpası ilə bağlı sualları cavablandırılıb, Agentliyə müraciət qaydaları və onlara baxılma müddətləri barədə məlumat verilib.


