Hindistanın Bakıya dönüşü: Azərbaycanın yaratdığı regional reallıq - TƏHLİL
Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarın Bakıya rəsmi səfəri adi diplomatik təmasdan daha çox məna daşıyır. Çünki söhbət uzun müddət Ermənistanla hərbi əməkdaşlığını genişləndirən, Azərbaycana münasibətdə isə siyasi fikir ayrılıqları yaşayan bir ölkənin Bakı ilə münasibətlərini yenidən yüksək səviyyəyə qaldırmasından gedir. Hindistanın Ermənistana silah tədarükü iki ölkə arasında strateji yaxınlaşmanın əsas istiqamətlərindən birinə çevrilib.
Bəs Hindistan niyə məhz indi Azərbaycana maraq göstərir?
Cavabın bir hissəsi dəyişən regional reallıqlardadır. 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin paraflanması Cənubi Qafqazda yeni siyasi və iqtisadi imkanlar yaradıb. Sülh prosesi irəlilədikcə, əvvəllər qarşıdurma prizmasından qiymətləndirilən region nəqliyyat, ticarət və investisiya baxımından da nəzərdən keçirilir. Hindistanın naziri də Bakıda Ermənistan-Azərbaycan sülh prosesini müsbət qarşıladıqlarını açıqlayıb.
Burada Zəngəzur marşrutu və Orta Dəhliz məsələsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın Şərq-Qərb nəqliyyat xəttində mövqeyinin güclənməsi Hindistan üçün də yeni əlaqələnmə imkanları yarada bilər. Bununla belə, Hindistanın ənənəvi Şimal-Cənub nəqliyyat maraqlarını Orta Dəhlizlə eyniləşdirmək olmaz: bunlar fərqli marşrutlardır. Yeni regional şərait isə Hindistana alternativləri qiymətləndirmək imkanı verir. Bakıda aparılan danışıqlarda nəqliyyat dəhlizləri və birbaşa uçuşların artırılması məsələlərinin müzakirəsi bu marağın praktik tərəfini göstərir.
Bununla belə, Cayşankarın səfərini Hindistanın Ermənistandan üz döndərməsi kimi təqdim etmək düzgün olmaz. Yeni Dehli üçün Ermənistanla müdafiə əməkdaşlığı, Azərbaycanla isə iqtisadi, enerji və nəqliyyat əlaqələri paralel maraq kəsb edə bilər. Söhbət mütləq seçimdən deyil, regional siyasətdə daha geniş manevr imkanları əldə etməkdən gedir.
Səfərin diqqətçəkən tərəfi odur ki, Hindistanla Azərbaycan arasında fikir ayrılıqları aradan qalxmış deyil. Lakin tərəflərin xarici işlər nazirləri səviyyəsində görüşməsi və iqtisadi-ticari əlaqələrin genişləndirilməsinin müzakirəsi göstərir ki, siyasi narazılıqlar əməkdaşlığın bütün istiqamətlərini müəyyənləşdirməyə bilər.
Hindistandan Azərbaycana bundan əvvəl kim səfər etmişdi?
2025-ci il noyabrın 16–19-da rabitə və kənd yerlərinin inkişafı üzrə dövlət naziri Pemmasani Çandra Sekhar Bakıda olub. O, Dünya Telekommunikasiyanın İnkişafı Konfransında iştirak edib. Xarici işlər naziri səviyyəsində isə bundan əvvəlki ikitərəfli səfər 2018-ci ilin aprelində Süşma Svarac tərəfindən həyata keçirilib.
Nəticə etibarilə, Cayşankarın səfərinin əsas mesajı Hindistanın siyasətində kəskin dönüşdən daha çox, dəyişən Cənubi Qafqaz reallıqlarına uyğunlaşma cəhdi kimi oxuna bilər. Ermənistanla yaxınlığını qoruyan Yeni Dehli eyni zamanda Azərbaycanın nəqliyyat qovşağı, enerji tərəfdaşı və regional iqtisadi imkanlar mənbəyi kimi əhəmiyyətini nəzərə alır. Regionda sülh perspektivi gücləndikcə, Hindistan üçün Bakı ilə münasibətləri yalnız Ermənistan amili üzərindən qiymətləndirmək getdikcə daha az məqsədəuyğun görünür.
Alpər Ziya
Xpress.az