Azyaşlılara şəkərli qazlı içkilərin satışı QADAĞAN OLUNACAQ?
Rusiyanın Milli Valideynlər Komitəsinin rəhbəri İrina Volynets azyaşlılara şəkərli qazlı içkilərin satışının qadağan edilməsini təklif edib. Oktyabrın 13-də Abzatsla söhbətində o, bu məsələ ilə bağlı müraciətin artıq Dövlət Dumasının müvafiq komitəsinə göndərildiyini açıqlayıb.
Xpress.az xəbər verir ki, Volynets Uşaqların Qidalanması Elmi-Tədqiqat İnstitutu ilə əlaqə saxladığını və orada belə içkilərin uşaqların sağlamlığı üçün son dərəcə zərərli olduğu, ciddi xəstəliklərə səbəb ola biləcəyi barədə təsdiq aldığını bildirib. Onun sözlərinə görə, şəkərli qazlı içkilərdəki şəkər səviyyəsi icazə verilən həddi xeyli üstələyir. Uşaqlıqda piylənmə probleminin ildən-ilə artdığını vurğulayan Volynets, şəkərli qazlı içkilərin satışına qadağanın enerji içkiləri kimi tənzimlənməsinin vacib olduğunu qeyd edib.
O, piylənmənin bədəndə geri dönməz prosesləri işə saldığını, şəkərli diabet və digər xroniki xəstəliklərə səbəb olduğunu bildirib. Volynets həmçinin qeyd edib ki, şəkərli qazlı içkilər susuzluğu yatırmır və "boş kalori" ehtiva edir, bu da həddən artıq yeməyə və çəki artımına gətirib çıxarır.
Soda istehsalçıları isə kütləvi şəkildə içkilərindən şəkər çıxarmağa başlayıblar. Dietoloq Marina Makişa da soda satışında şəxsiyyət vəsiqələrinin tələb olunması ideyasını dəstəkləyib. O, yeniyetmələr və uşaqlar üçün şirniyyatdan imtina etməyin çətin olduğunu, şəkərin beyinə təsir edib aludəçilik yaratdığını vurğulayıb.
Həkim Vera Serejin isə RİA Novosti-yə verdiyi müsahibədə uşaqlara qazlı içkilərin satışına qadağa qoyulmasının mühüm profilaktik tədbir olduğunu, bunun gənclər arasında sürətlə yayılan xəstəliklərin qarşısını almağa kömək edəcəyini bildirib.
Buna baxmayaraq, Dövlət Dumasının Səhiyyə Komitəsinin rəhbəri Sergey Leonov uşaqlara qazlı içki satışının qadağan edilməsi təşəbbüsünü tənqid edib. O, bu fikri qəribə və mənasız sayır, rusların sağlamlığını yaxşılaşdırmaq üçün məhdudiyyətlər qoymaqdan çox sağlam qidalanma və idmanla məşğul olmağa təşviq edilməsinin vacib olduğunu vurğulayıb.
Oktyabrın 9-da Moskva vilayətinin Səhiyyə Nazirliyinin baş hepatoloqu Pavel Boqomolov bildirib ki, şəkərli soda qaraciyərin əsas düşmənidir və bu içkilər qan dövranı xəstəliklərinin inkişafına da təsir edə bilər. O, oktyabrın 7-də verdiyi açıqlamada şəkərli qazlı içkilərin siroz, piylənmə və hətta xərçəng kimi ciddi qaraciyər xəstəliklərinin inkişafına təkan verdiyini qeyd edib. Artıq çəkisi olan insanların şəkərli içkilərdən, o cümlədən limonadlardan uzaq durmasının vacib olduğunu bildirib.