Əli Məsimli: “Azərbaycan–Çin əməkdaşlığı enerji gücümüzü artırır”
Bu gün Azərbaycan dünyada kifayət qədər nüfuza malik, mövqeyi möhkəm olan ölkələrdən biridir. Müxtəlif dövlətlərlə həm siyasi, həm də iqtisadi sahələrdə uğurlu əməkdaşlıq həyata keçirilir. Bu istiqamətdə həyata keçirilən ən mühüm layihələrdən biri də Çinlə qurulan tərəfdaşlıqdır. Bəs Azərbaycanla Çin arasında həyata keçirilən layihələr ölkəmizin enerji potensialına necə təsir göstərəcək? Mövzu ilə bağlı Milli məclisin deputatı Əli Məsimli Xpress.az-a fikirlərini bölüşüb.
Əli Məsimlinin sözlərinə görə, Azərbaycan dünyada əsasən neft-qaz ölkəsi kimi tanınsa da, son illərdə bərpa olunan enerji sahələrinin inkişafına da böyük diqqət yetirir. Azərbaycan bu istiqamətdə bir sıra ölkələrlə səmərəli əməkdaşlıq münasibətləri qurub. Ölkəmizin bu sahədə əməkdaşlığı əvvəlcə Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı ilə başlayıb. Daha sonra bu əməkdaşlığın coğrafiyasına digər ölkələr də qoşulub. Həmin ölkələr sırasında Çinin xüsusi çəkisi və özünəməxsus yeri var.
Deputatın sözlərinə görə, Azərbaycanla Çinin yaşıl enerji sahəsindəki əməkdaşlıq gündəliyinə ölkəmizdə elektrik enerjisi planlaşdırılması və şəbəkə araşdırmaları, Birgə Yaşıl Enerji Tədqiqat Mərkəzinin yaradılması, su, günəş və dənizdə külək elektrik stansiyası layihələri, həmçinin “yaşıl enerji” interkonnektorlarının inkişafı üzrə təşəbbüslər daxildir.
Ə.Məsimli qeyd edib ki, bu kontekstdə Azərbaycanın Çinlə bərpa olunan enerji sahələrinin inkişafı üzrə əməkdaşlığında dörd istiqamət mühüm yer tutur:
Birincisi, Azərbaycan Çinlə birgə dənizdə 200 MVt gücündə külək və quruda 160 MVt gücündə günəş stansiyaları, həmçinin Biləsuvar və Neftçalada ümumi gücü 760 MVt olan günəş elektrik stansiyaları layihələrinin həyata keçirilməsini planlaşdırır.
İkincisi, Çinin Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu ilə Azərbaycanda bərpa olunan enerjinin inkişafına dair tədqiqatlar aparılır və “Yaşıl Enerjinin İnkişafı üzrə Birgə Tədqiqat Mərkəzi” yaradılır.
Üçüncüsü, bərpa olunan enerji mənbələrini qəbul etmək üçün mövcud elektrik şəbəkəsinin təkmilləşdirilməsi istiqamətində işlər aparılır.
Dördüncüsü, Azərbaycanın təşəbbüskarı olduğu Xəzər–Qara dəniz–Avropa yaşıl enerji dəhlizinin inkişafı üçün əməkdaşlıq imkanları müzakirə olunur.
Əli Məsimlinin fikrincə, Azərbaycanın Çinlə bərpa olunan enerji sahəsində əməkdaşlığı həm mövcud şəbəkənin təkmilləşdirilməsinə, həm də yeni günəş, külək və su-elektrik stansiyalarının yaradılmasına, ölkəmizin enerji potensialının artmasına və enerji ixracı imkanlarının genişlənməsinə əlavə təkan verəcək.
Afaq Qurbanzadə