Keyfiyyətsiz yanacaq problemi artır: SÜRÜCÜLƏR VƏ AVTOMOBİLLƏR RİSK ALTINDADIR
Rusiyada bəzi yanacaqdoldurma məntəqələrində keyfiyyətsiz və seyrəldilmiş benzin istifadəsi halları artmaqdadır.
Xpress.az xəbər verir ki, bu barədə Rusiya Avtomobil Xidmətləri İttifaqının rəhbəri Yuri Valko NSN-ə verdiyi müsahibədə məlumat verib.
Onun sözlərinə görə, bu vəziyyət istehsal xərclərinin artması və yanacaq qıtlığı fonunda bəzi şirkətlərin xərcləri azaltmaq və qiymətləri süni şəkildə aşağı səviyyədə saxlamaq cəhdləri ilə bağlıdır.
"Bir çoxları iqtisadi vəziyyətə görə, müəyyən bölgələrdə çatışmazlıqlar fonunda aşqarlarla oktan səviyyəsini artırmağa başlayıblar. Bu, əvvəllər – 2000-ci və 2010-cu illərin əvvəllərində də baş verirdi. O zaman çənini doldurub dərhal servisə getməyə məcbur qalırdın. Təəssüf ki, eyni mənzərə yenidən təkrarlana bilər", – deyə Valko bildirib.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, bəzi neft şirkətləri kimyəvi maddələrdən istifadə etməklə oktan sayını süni şəkildə artırır. Lakin bu, yanacağın ümumi keyfiyyətini aşağı salır və avtomobil mühərriklərinə ciddi zərər vura bilər.
Geely markalı avtomobillərin sahiblərinin şikayətlərinə əsasən, Rusiya benzininin yüksək oksidləşdirici tərkibi mühərrikdə nasazlıqlara səbəb olur. Valko bu ehtimalı istisna etməyib, lakin hələlik birbaşa sübutların olmadığını da vurğulayıb.
Keyfiyyətsiz yanacağın fəsadları
Ekspertlər bildirirlər ki, keyfiyyətsiz yanacağın istifadəsi aşağıdakı problemlərə yol aça bilər:
Mühərrikin həddən artıq qızması və yanması
Yanacaq sisteminin sıradan çıxması
Katalizatorun zədələnməsi
Avtomobilin istismar müddətinin qısalması
Yanacaq qiymətlərinə nə təsir edir?
Oktyabr ayının sonuna qədər benzin qiymətlərinə yeni amillərin təsir göstərəcəyi gözlənilir. Qiymət artımının əsas səbəbləri aşağıdakılardır:
Qlobal neft qiymətlərinin artması
İxracın daxili satışdan daha sərfəli olması
Neft emalı zavodlarında təmir və modernləşdirmə işləri
Dövlətin inzibati qiymət nəzarəti
Təmir səbəbindən bəzi neft emalı zavodlarının fəaliyyətini müvəqqəti dayandırması təchizat zəncirinə təsir edib. Eyni zamanda, bəzi müəssisələr artan tələbatı qarşılamaq üçün maksimum güclə işləyir, bu isə keyfiyyətə mənfi təsir göstərə bilər.