Neft dünya bazarlarında bu səbəbdən ucuzlaşıb- EKSPERT AÇIQLADI
Neft, Azərbaycan büdcəsinin gəlirlərinin təxminən 60%-ni təşkil edir. Bu göstərici dövlət büdcəsinə daxil olan ümumi gəlirlərin əsas mənbələrindən biridir. Son dövrlər neftin ucuzlaşmasının iqtisadi vəziyyətə necə təsir edə biləcəyi haqqında suallar yaranıb. Məsələ ilə bağlı Milli Məclisin 4 çağırış deputatı (III, IV, V, VI) iqtisad elmləri doktoru, professor Rüfət Quliyev Xpress.az-a fikirlərini bölüşüb:
"Dünya ticarətində və iqtisadiyyatında baş verən proseslər, əsasən, iki mühüm səbəblə bağlıdır. Birinci səbəb — ABŞ və Çin arasında davam edən ticarət mübahisələridir.
Bu iki iqtisadi güc arasında münasibətlər nə qədər kəskinləşirsə, dünya bazarlarında, xüsusilə də istehsal sənayesində narahatlıq bir o qədər artır. Mübahisələrin gərginləşməsi enerji resurslarının — ilk növbədə neft və qazın — istehlakına mənfi təsir göstərir və nəticə etibarilə onların qiymətində dalğalanmalara səbəb olur.
İkinci əsas səbəb isə dünyada davam edən müharibələrdir. Müharibələr yalnız hərbi sənayenin inkişafına şərait yarada bilər. Digər bütün sahələrdə, xüsusilə də mülki iqtisadiyyatda ciddi mənfi təsirlər yaradır. Nəqliyyat xərclərinin artması, kənd təsərrüfatı üçün istifadə olunan torpaqların məhv olması və digər bu kimi problemlər iqtisadi tarazlığı pozur.
Xüsusilə Rusiya-Ukrayna müharibəsi nəticəsində kənd təsərrüfatı məhsullarının həcmi əhəmiyyətli dərəcədə azalıb. Bu da Avropaya yönəlik nəqliyyat sahəsində xərclərin təxminən 40%-dək artmasına səbəb olub.
Mövcud vəziyyət fonunda, Trampın Çin lideri Si Cinpinlə görüşü planlaşdırılır. Görüşün ABŞ-Çin ticarət münasibətlərinə necə təsir göstərəcəyi böyük maraq doğurur. Bu proses, ilk növbədə iqtisadi qurumların diqqət mərkəzinə düşəcək və bazarlarda gözləntiləri formalaşdıracaq.
Hazırda qızıl və gümüş qiymətləri təxminən 3–4% aşağı düşüb. Bu dalğalanmaların əsas səbəblərindən biri, Çinin nadir torpaq metalları və mineralları öz ehtiyacları üçün daha çox istifadə etməyə başlamasıdır. Hazırda bu metalların təxminən 70%-i Çin tərəfindən istehsal olunur və bu materiallar demək olar ki, bütün texnoloji məhsullarda və sənaye sahələrində istifadə edilir.
Digər tərəfdən, ABŞ-ın hərbi sənayesi bu metallardan 78% istifadə edir. Məhz buna görə ABŞ, Çinə qarşı qiymət artımı siyasətinə əl atdı. Nəticədə qızıl və gümüşün qiyməti qalxdı, birja indeksləri düşdü, neftin qiyməti isə ucuzlaşdı.
Bununla belə, hazırkı tendensiya dəyişməkdədir. Tramp və Si Cinpin arasında keçiriləcək görüşədək neftin qiymətinin stabilləşməsi və müəyyən qədər artması gözlənilir. Görüşdən sonra isə bazarların hansı istiqamətdə dəyişəcəyini indidən proqnozlaşdırmaq çətindir".
Afaq