“Ümummilli Lider Azərbaycanın xilası və qurucusudur” – Məzahir Əfəndiyev
Bu gün Azərbaycan xalqı Ümummilli Lideri Heydər Əliyevin vəfatından artıq 22 il ötür. Müasir Azərbaycanın xilası və quruculuğu məhz xalqımızın Ulu Öndəri Heydər Əliyevin adı ilə bağlıdır. Bu sözləri ulu öndərin anım günü münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyev Xpress.az-a danışıb.

Sarsılmaz əqidəyə və möhkəm iradəyə malik olan Heydər Əliyevin həyatı və çoxşaxəli fəaliyyəti hər bir azərbaycanlı üçün əsl nümunədir. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi dövlət müstəqilliyinin qurucusu kimi qəbul edir. Onun rəhbərliyi altında dövlətçiliyin əsasları qoyuldu və genişmiqyaslı islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə möhkəm mövqe tutdu.
1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev, böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” – deyən Ulu Öndər, problemlərin həlli üçün bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin və sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu. Bunun nəticəsində uzun illər davam edən gərginlik və qarşıdurmalar səngidi, respublikamız vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas oldu.
Belə mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi, xalqımız isə Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. 1994-cü ildə atəşkəsin elan olunmasına dair Bişkek protokolu imzalanandan sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu.
Azərbaycanın beynəlxalq arenada mövqeyini möhkəmləndirmək və dövlət quruculuğu sahəsində ən yaxşı təcrübələri tətbiq etmək məqsədilə Ulu Öndər 1994-cü ildə BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirak etdi və bu mötəbər tribunadan çıxış edən ilk Azərbaycan Prezidenti oldu. Yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan öz geosiyasi imkanlarını reallaşdıra bildi.
Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı ağır və sərt sınaqlardan çıxara bildi, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etdi və onun həyata keçirilməsi üçün mühüm addımlar atdı. Onun fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının qurulması, iqtisadi inkişafın təmin olunması və dünya iqtisadiyyatına inteqrasiya prioritet olmuşdur. Dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində uğurla sınaqdan çıxmış inkişaf modelinin Azərbaycan reallıqlarına uyğun adaptasiyasına nail olmuşdur.
Ulu Öndər qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir, innovativ inkişaf modelini gerçəkləşdirdi və sahibkarlığa, sərbəst rəqabətə yol açan sosialyönümlü iqtisadiyyat modelinin əsasını qoydu. 1994-cü ildə imzalanmış Əsrin Müqaviləsi Heydər Əliyevin səyləri sayəsində mükəmməl icra olundu və bu gün Azərbaycan regionun lider dövləti kimi tanınır. Ulu Öndər demişdi: “Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı və müstəqil dövlətimizin suverenliyinin möhkəmlənməsi üçün gözəl imkanlar yaradır. İnanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır.”
Ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara da məhz Ulu Öndərin rəhbərliyi dövründə start verildi. Qanunsuz hərbi dəstələr buraxıldı, silahlı qüvvələr dövlət nəzarətinə alındı, mükəmməl hərbi qanunvericilik sistemi yaradıldı və hərbi hissələrin formalaşdırılması tam başa çatdı. Beləliklə, Azərbaycan ordusu kifayət qədər təşkilatlanmış, güclü bir qüvvəyə çevrildi.
Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır. 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiya müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən tarixi sənəd oldu.
1993–2003-cü illər Azərbaycan tarixinə dirçəliş və inkişaf illəri kimi daxil olub. 2003-cü ildən sonrakı dövr isə bu böyük yolun davamı kimi qiymətləndirilir. Bu gün Ulu Öndərin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev Azərbaycanın güclü, müstəqil və beynəlxalq aləmdə söz sahibi olan bir ölkə kimi tanınmasını təmin edib. Hərb və diplomatiya sahəsində qazanılan uğurlar bu siyasətin məntiqi nəticəsidir.
Azərbaycan xalqının Heydər Əliyevə olan məhəbbəti əbədidir. Nə qədər Azərbaycan var, nə qədər bu millət var, Heydər Əliyev də var olacaq və xatirəsi qəlbimizdə əbədi yaşayacaq. Millətin məhəbbətini qazanmış Ümummilli Lider Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədiləşib. Bu il, “Konstitusiya və Suverenlik İli”ndə, qədirbilən xalqımız və hər birimiz Ulu Öndərin vəfatının 22-ci ildönümünü dərin hüznlə anırıq.
Afaq Qurbanzadə
Xpress.az