İcra orqanlarında ixtisar - Kadr ştatı optimallaşdırılacaq
2026-cı ildən etibarən Azərbaycanın regionlarında və paytaxtda icra hakimiyyətlərinin mərkəzi aparatında, eləcə də icra nümayəndəliklərində ciddi ixtisarların olacağı deyilir. Məlumata görə, həm paytaxtda, eləcə də respublikanın rayonlarında icra hakimiyyətlərinin mərkəzi aparatları və yerli nümayəndəliklərində idarəetmənin daha çevik və səmərəli qurulması məqsədilə strukturun yenidən formalaşdırılması nəzərdə tutulur. Bu dəyişikliklərin hansı mərhələlərlə həyata keçiriləcəyi, ixtisarların hansı prinsiplər əsasında aparılacağı və prosesin sosial təsirləri əsas suallar sırasında yer alır. Xüsusilə struktur birləşmələri fonunda hansı kateqoriya əməkdaşların risk qrupunda olacağı da maraq doğuran məsələlərdəndir.
Mövzu ilə bağlı Modern.az-a danışan Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev struktur dəyişikliklərinin zəruri olduğunu qeyd edib. Onun sözlərinə görə, dövlət idarəçiliyi dəyişən çağırışlara uyğunlaşmalı, mütəmadi olaraq struktur dəyişiklikləri baş verməlidir. Ancaq əsas sual budur: bu dəyişikliklər idarəetməni doğrudan da yaxşılaşdıracaqmı, yoxsa sadəcə ştatların azaldılması ilə məhdudlaşacaq?
“Son illərin təcrübəsi göstərir ki, bəzi hallarda struktur islahatları real funksional təhlilə deyil, formal optimallaşdırmaya söykənir. Hətta optimallaşdırma adı altında aparılan dəyişikliklərin tam əks nəticələr verdiyi, yeni strukturların yaradıldığı və ştatların daha da artdığı hallarla da rastlaşmışıq. Bu isə dövlət üçün əlavə yük yaradır və qənaətlilik prinsipinə ziyan vurur.
Ona görə də struktur dəyişiklikləri aparılarkən bu məsələlərə xüsusi diqqət yetirilməlidir. Hər bir vəzifənin real funksiyası, icra yükü və zəruriliyi araşdırılmadan sadəcə struktur sxeminin dəyişdirilməsi yolverilməzdir. Bu, çox təhlükəli yanaşmadır. Nəticədə işlək mexanizmlər zəifləyə, problemli sahələr isə başqa adlar altında mövcudluğunu davam etdirə bilər”.
Hüquqşünas həmçinin vurğulayıb ki, digər ciddi məqam isə seçim meyarları ilə bağlıdır: “Cəmiyyətdə ən çox maraq doğuran sual da məhz budur ki, kimlər qalacaq, kimlər gedəcək? Əgər bu proseslərdə peşəkarlıq, yerli idarəetmə təcrübəsi və vətəndaşlarla işləmək bacarığı əsas meyar olmayacaqsa, islahatların legitimliyi ciddi şəkildə sual altına düşəcək. Xüsusilə, regionlarda illərlə çalışan, yerli problemləri yaxşı bilən kadrların mexaniki şəkildə ixtisara salınması idarəetmədə real boşluqlar yarada bilər.
Bu səbəbdən proseslər ciddi monitorinq altında aparılmalı, ictimai rəy öyrənilməli və ictimaiyyətin iştirakı təmin olunmalıdır. Vətəndaş cəmiyyətinin bu proseslərdə iştirakı həm ixtisarların aparılmasında, həm də kimlərin qalacağı, kimlərin gedəcəyi ilə bağlı qərarlarda mühüm rol oynaya bilər. İnsan faktoruna, işin necə və hansı formada icra edildiyinə diqqət yetirilməlidir”.