Məşhur polkovnik “Kontakt”a qarşı məhkəmə davası açdı
– ZƏRƏRÇƏKƏNLƏRƏ ÇAĞIRIŞ ETDİ
İstefada olan polkovnik Üzeyir Cəfərov “Kontakt” mağazalar şəbəkəsi ilə bağlı Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi təqdim edib.
Üzeyir Cəfərov Musavat.com-a deyib ki, iddiası istehlakçı hüquqlarının kobud şəkildə pozulması ilə bağlıdır.
İddia üzrə məhkəmə prosesi dekabrın 19-da, saat 11:20-də Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsində hakim Səidə Məmmədovanın sədrliyi ilə keçiriləcək.
Polkovnik bu işi sıradan bir mübahisə yox, sistemli fırıldaqçılığın ifşası kimi dəyərləndirir: “Bu mağazalar şəbəkəsi insanların cibinə oğru kimi girir. Halal pullar müxtəlif sxemlərlə mənimsənilir. Hesab edirəm ki, artıq susmaq yox, açıq mübarizə vaxtıdır”.
Üzeyir Cəfərovun əsas ittihamlarından biri də nəzarət orqanlarının biganəliyinə yönəlib. O, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə ünvanladığı rəsmi müraciətlərin cavabsız qalmasını ciddi suallar doğuran məqam kimi qabardır: “Məhz bu laqeydlik ucbatından bəzi banklar və mağazalar özlərini toxunulmaz hesab edir. Qanun işləməyəndə özbaşınalıq başlayır”.
Polkovnik açıq şəkildə bəyan edir ki, məhkəmədən sonra bu məsələdə susan və hərəkətsiz qalan məmurların fəaliyyəti ilə bağlı dövlət rəhbərliyinə də məlumat verəcək.