Deputat açıqladı: "Müdafiə sənayesi milli maraqlara tam cavab verir"
Bu gün 17 dekabr Müdafiə Sənayesi Nazirliyinin yaradılması günüdür. Qurumun Azərbaycan Ordusunun gücləndirilməsində və milli təhlükəsizliyin təminində rolu mühüm əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Aydın Mirzəzadə Xpress.az-a açıqlamasında bildirib ki, hər ölkədə müdafiə sənayesi nazirliyi və ya bu sahədə fəaliyyət göstərən şirkətlər mövcud deyil. Onun sözlərinə görə, dünya silah və hərbi texnika bazarı kifayət qədər rəqabətlidir və bu sahədə fəaliyyət göstərən ölkələr artıq öz mövqelərini müəyyən ediblər.
Deputat xatırladıb ki, Müdafiə Sənayesi Nazirliyi yaradılarkən Prezident tərəfindən qarşıya olduqca perspektivli vəzifələr qoyulub. Bu vəzifələrin birincisi Silahlı Qüvvələrimizi yerli istehsal olan silah və hərbi texnika ilə təmin etmək, ikincisi isə Azərbaycan məhsullarını dünya bazarına çıxararaq rəqabətədavamlı şəkildə təqdim etmək olub.
Aydın Mirzəzadənin fikrincə, nazirlik kollektivi bu vəzifələrin öhdəsindən uğurla gəlir:
“Artıq ordumuz və digər hərbi qurumlarımız maksimum dərəcədə Nazirliyin istehsal etdiyi məhsullarla təmin olunur. Eyni zamanda Azərbaycan silahı dünya bazarında da öz alıcısını tapıb. Məhsullar keyfiyyəti, sərfəli qiyməti və müasir tələblərə cavab verməsi ilə seçilir.”
Deputat qeyd edib ki, vaxtaşırı Azərbaycanda keçirilən hərbi məhsullar sərgilərində yerli istehsal olan silahlara böyük maraq müşahidə olunur. Ən vacib məqamlardan biri isə Müdafiə Sənayesi Nazirliyinin silah və hərbi texnikanın daim təkmilləşdirilməsi üzərində işləməsidir.
“Bu gün hərbi texnologiyalar sürətlə dəyişir. İnformasiya texnologiyaları və süni intellektin imkanları silah istehsalında nəzərə alınmalıdır. Azərbaycan silah ustaları bu reallığı anlayır. Ölkəmizin öz konstruktor bürosu, öz yenilikləri var ki, bu da hər bir Azərbaycan vətəndaşını sevindirir”, – deyə A.Mirzəzadə vurğulayıb.
Sonda deputat Müdafiə Sənayesi Nazirliyinin əməkdaşlarını peşə günü münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb və qurumun fəaliyyətinin Azərbaycanın milli maraqlarına tam cavab verdiyini bildirib.
Afaq Qurbanzadə,Xpress.az