Komitə sədri: Yeni qanun qadınların iqtisadi müstəqilliyini gücləndirəcək
Parlamentin gündəliyinə çıxarılan və qadınların məşğulluq imkanlarının genişləndirilməsini hədəfləyən qanun layihəsinin ikinci oxunuşa tövsiyə olunması cəmiyyətdə geniş maraq doğurub. Xüsusilə əmək bazarında qadınların iştirak səviyyəsinin artırılması, onların iqtisadi müstəqilliyinin gücləndirilməsi və sosial rifahının yüksəldilməsi baxımından bu dəyişikliklərin verəcəyi real nəticələr diqqət mərkəzindədir.
Mövzu ilə bağlı Milli Məclisin komitə sədri, professor Hicran Hüseynova Xpress.az-a açıqlamasında bildirib ki, təqdim olunan qanun layihəsi hər bir vətəndaşın əmək hüquqlarının qorunmasına xidmət edir.
Onun sözlərinə görə, sənədi üç əsas istiqamət üzrə dəyərləndirmək mümkündür. Birinci istiqamət mahiyyəti üzrə təkmilləşdirmə məqsədi daşıyan dəyişiklikləri, əmək münasibətlərində çevik və sosialyönümlü hüquqi tənzimləmələrin tətbiqini, eləcə də müasir iş şəraitinə uyğun yeni anlayışların qanunvericiliyə daxil edilməsini əhatə edir. İkinci istiqamət Beynəlxalq Əmək Təşkilatının Konvensiyalarına və beynəlxalq təcrübəyə uyğun olaraq milli qanunvericiliyin təkmilləşdirilməsinə yönəlib. Üçüncü istiqamət isə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun tələblərindən irəli gələrək aparılan uyğunlaşdırma xarakterli dəyişiklikləri nəzərdə tutur.
Professor Hicran Hüseynova qeyd edib ki, əmək münasibətlərində çevik və sosialyönümlü hüquqi normaların formalaşdırılması artıq zərurətə çevrilib:
“Layiqli əmək şəraitinin yaradılması, əmək hüquqlarının müdafiəsi, ailə vəziyyətindən asılı olmayaraq şəxsin özünü inkişaf etdirməsi, iş və ailə həyatı arasında balansın qorunması hər bir vətəndaşın haqqıdır. Bu baxımdan müzakirəyə çıxarılan qanun layihəsi xüsusi əhəmiyyət daşıyır.”
Komitə sədri bildirib ki, qanun layihəsində “ailə vəzifələri olan işçi”, “minimum əmək haqqı”, “ezamiyyət” və “məsafədən (distant) iş” anlayışları, həmçinin bu anlayışlardan irəli gələn hüquqi normalar öz əksini tapıb. Layihə hazırlanarkən Beynəlxalq Əmək Təşkilatının 156 və 183 nömrəli Konvensiyaları, eləcə də 165 nömrəli Tövsiyəsi nəzərə alınıb.
Hicran Hüseynova vurğulayıb ki, sənəd ailə institutunun möhkəmləndirilməsi və vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, mövcud qanunvericilikdə atalara uşağın dünyaya gəlməsi ilə bağlı 14 təqvim günü müddətinə ödənişsiz məzuniyyət hüququ verilsə də, bu hüquq praktiki olaraq istifadə edilmir:
“Ödənişsiz məzuniyyət ailə büdcəsinə əlavə yük yaradır. Təklif olunan dəyişikliklərdə isə bu məzuniyyət ödənişli olacaq. Məqsəd yeni ana olmuş qadına və körpə uşağa real dəstəyin təmin edilməsidir.”
Professor bildirib ki, ataların uşağın qayğısında və tərbiyəsində iştirakının həm ailədaxili münasibətlərə, həm də uşağın şəxsiyyət kimi formalaşmasına müsbət təsiri var. Aparılan araşdırmalar da belə məzuniyyətlərin tətbiqinin ailə münaqişələrinin azalmasına töhfə verdiyini göstərir.
Komitə sədri diqqətə çatdırıb ki, qadınların məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə mövcud qanunvericilikdə qadınların əməyi qadağan olunan peşə, vəzifə və iş yerlərinin sayı 674-dən 204-ə endirilib. Bu məhdudiyyətlər yalnız hamilə və ya bir yaşınadək uşağı olan qadınlara şamil edilir və analığın mühafizəsinə yönələn xüsusi tədbirlər beynəlxalq və milli qanunvericiliyə uyğun olaraq ayrı-seçkilik hesab olunmur.
Hicran Hüseynova əlavə edib ki, analığın müdafiəsinin gücləndirilməsi məqsədilə analıq məzuniyyəti ilə bağlı dəyişikliklər də qanun layihəsində öz əksini tapıb. Belə ki, hamiləliyə və doğuşa görə məzuniyyətin doğuşdan əvvəlki hissəsi doğuş gözlənilən gündən uşağın doğulduğu günədək ötən müddət qədər ödənişli olaraq uzadılır və bu zaman doğuşdan sonrakı məzuniyyət müddəti azaldılmır.
Layihəyə daxil edilən əsas yeniliklərdən biri də “ailə vəzifələri olan işçi” anlayışıdır. Professorun sözlərinə görə, bu dəyişiklik ailə institutunun möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır:
“Qanunvericilik ailə məsuliyyəti daşıyan şəxsləri dəstəkləməli, onların həm iş, həm də ailə öhdəliklərini balanslı şəkildə yerinə yetirməsinə şərait yaratmalıdır. Ailə vəzifələrinin bölüşdürülməsi qadın və kişilərin öz potensialından tam istifadə etməsi üçün mövcud maneələrin aradan qaldırılması deməkdir.”
Afaq Qurbanzadə