Mədəniyyət siyasətində STRATEJİ TRANSFORMASİYA - FOTO
Azərbaycan Respublikasının mədəniyyət siyasətində strateji transformasiya: Azərbaycan mədəniyyəti – 2040 Konsepsiyasının təhlili. Mədəniyyət sahəsində bizi nə gözləyir?
Ulu Öndər Heydər Əliyev deyirdi ki, “xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Azərbaycan mədəniyyətinin inkişafı, daxili və xarici təhdidlərdən qorunması, dünya mədəniyyətinə uğurlu inteqrasiyası, mədəniyyət sahəsində insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi, əcdadlarımızdan bizə miras qalan mədəniyyətimizin, onun zəngin ənənələrinin gələcək nəsilərə ötürülməsi bu gün cəmiyyətimizi ən çox düşündürən mövzulardan olmalıdır.
Fikrimcə istənilən cəmiyyətdə mədəniyyət insanlar üçün laqeyd qalınan bir sahə deyil. Çünki o hər bir işdə, hər bir halda lazımdır və onun insanlığın tarixi qədər yaşı vardır. Mədəniyyət insanla birgə yaranmış, insan həyatının fundamenti olmaqla insan oğlunu digər növ canlılardan keyfiyyətcə fərqləndirmişdir.
Alimlər hesab edirlər ki, hazırda mədəniyyət anlayışının 500-dən çox tərifi var. Hələ Qədim Romada torpaqşünaslıq və bitkiçilik anlamında meydana gələn “culture” anlayışına antik dövr filosofları müxtəlif yanaşmaları ortaya qoymuşdular. Mark Tulli Siseronun (latınca Marcus Tullius Cicero) "Tuskulan söhbətləri" əsərində mədəniyyətə "insanın daxili tərbiyəsi" və ruhun "becərilməsi" kimi baxılır, torpağın əkinçiliyi ilə müqayisə olunur, humanitar elmlər, fəlsəfə və ədəbiyyat isə insanı kamilləşdirən bir proses kimi dəyərləndirilirdi. Zənnimcə düz də edirdi. Amerikalı filosoflar A.Kröber və K.Klakxonun hesablamalarına görə isə “Mədəniyyət nədir?” sualına XX əsrin əvvəllərində 10, ortalarında isə 150 tərif verilmişdir. Təriflər, mədəniyyət anlayışına elmi, nəzəri, fəlsəfi baxışlar nə qədər müxtəlif olsa da, insanlar onu ədəbiyyat və incəsənət də daxil olmaqla, cəmiyyətin və ya sosial qrupların maddi, mənəvi, intellektual və emosional xüsusiyyətlərini müəyyənləşdirən, insanların həyat tərzini, birgə yaşayış qaydalarını, mənəvi dəyərlər sistemini əhatə edən xüsusiyyətlərin məcmusu kimi qəbullanırlar.

Dünya mədəniyyətinin xəzinəsi zəngindir və tarixin ən dərin qatlarından indiyədək müxtəlif xalqlar və onların təmsilçiləri bu zəngin, nəhayətsiz xəzinəyə töhfələr verirlər. Azərbaycan xalqının yaratdığı mədəniyyət də qədim köklərə, ənənələrə, özünəməxsus xüsusiyyətlərə malikdir. Buna görə də insanlar mədəniyyət sahəsində baş verənlərə biganə qalmır, xalqımızın yaratdığı, ümumazərbaycan əhəmiyyəti kəsb edən, universal dəyərlərə malik mədəniyyət nümunələrinin, dəyərlərin məcmusu kimi qəbul etdiyi milli mədəni irsimizin qorunub saxlanılmasında maraqlı olduqlarını nümayiş etdirirlər. Eyni həssasiyyət dövlət tərəfindən də göstərilməkdədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev artıq ikinci dəfə “Mədəniyyət Konsepsiyası”nı təsdiq etmişdir. Birinci “Mədəniyyət Konsepsiyası” 14 fevral 2014-cü il tarixli 273 nömrəli Sərəncamla təsdiqlənmişdir. Həmin Konsepsiya mədəniyyət sahəsində dövlət siyasətini ümumi dövlət siyasətinin tərkib hissəsi kimi təqdim edir və siyasətin mədəni irsin qorunması və təbliği, mədəni sərvətlərin yaradılması və inkişafı istiqamətində dövlətin rəhbər tutduğu prinsiplərlə səciyyələndirirdi.
Birinci Konsepsiyanın əsas məqsədi Azərbaycan xalqının bütövlüyünün qorunması şərti ilə, mədəniyyət siyasətinin təminat mexanizmlərinin müasir dövrün tələblərinə uyğunlaşdırılması, mədəni irsin qorunması, yaradıcılığın dəstəklənməsi və inkişafının təmin olunmasından, əsas vəzifələri isə mədəniyyətin bütün sahələrinin, o cümlədən mədəniyyət siyasətinin idarəetmə, hüquqi, maliyyə, informasiya, insan resursları, maddi-texniki infrastruktur və beynəlxalq əməkdaşlıq kimi təminat mexanizmlərinin inkişafını, mədəniyyət sahəsində göstəricilərin yüksək səviyyəyə çatdırılmasını və mədəni irsin təhlükəsizliyi üçün tələb olunan islahatların həyata keçirilməsini təmin etməkdən ibarət idi.
İkinci - “Azərbaycan mədəniyyəti - 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası isə Prezident İlham Əliyev tərəfindən 14 yanvar 2026-cı ildə təsdiq olundu. Konsepsiya qlobal və ölkədaxili çağırışlar nəzərə alınmaqla, Azərbaycanın milli kimliyinə əsaslanan müasir mədəniyyət modelinin yaradılması, inkişafı və 2040-cı ilədək digər mədəniyyətlərlə qarşılıqlı əlaqələrinin genişləndirilməsi üçün dövlət mədəniyyət siyasətinin istiqamətlərini müəyyən edən və mədəniyyət sahəsi ilə bağlı fəaliyyətə vahid, sistemli və dayanıqlı yanaşmanı təmin edən strateji planlaşdırma sənədi kimi qəbul olunmuşdur.

Hesab edirəm ki, kifayət qədər ciddi sənəddir və onun insanlara izah edilməsinə də zərurət vardır. Bu zərurət həm mədəniyyət sahəsində çalışanlar üçün, həm də mədəniyyət sahəsində çalışanların əməyindən bəhrələnəcək olanlar üçündür.
Yeni konsepsiya Azərbaycan mədəniyyətinin müasir modelini təqdim edir. Müasir model isə fərdin mədəni həyatda daha geniş və yaradıcı iştirakına şərait yaratmaqla, dövlətin sosial, siyasi, iqtisadi və digər sahələrdə qarşısına qoyduğu strateji məqsəd və hədəflərə daha sürətlə çatmasına imkanlar açan, qlobal çağırışlara cavab verməklə yanaşı, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasını təmin edən modelidir. Bu modelin qurulması üçün doqqquz əsas istiqamət müəyyən edilir. Konsepsiyaya görə Azərbaycan dili, davranış mədəniyyəti, bilgi mədəniyyəti, ədəbiyyat, incəsənət, mədəni irs mədəniyyətin əsas sahələri kimi xarakterizə olunur. Konsepsiyanın hədəflərinə üç mərhələdə (2026–2030-cu illər, 2031–2035-ci illər, 2036–2040-cı illər) çatmaq planlaşdırılır. Eyni zamanda altı dövlət proqramının hazırlanması nəzərdə tutulur.
Mədəniyyət Konsepsiyasını hazırlayanlar görünür ölkədəki mədəniyyət sahəsindəki fəaliyyətləri təhlil ediblər və 2014-cü ildə təsdiq olunmuş birinci Konsepsiyanın uğurla icra olunduğunu göstəriblər. Statistik rəqəmlərə də istinadla ikinci Konsepsiyada Mədəniyyət sahəsində idarəetmə, Azərbaycan dili, davranış mədəniyyəti və bilgi mədəniyyəti, ədəbiyyat və incəsənət, mədəni irsin qorunması, mədəni və yaradıcı sənaye və mədəniyyət diplomatiyası ilə bağlı olmaqla yeddi başlıq altında çağırış müəyyən olunur.
Bununla yanaşı Konsepsiyada səkkiz bənd üzrə hədəf göstəricisi, on beş bənd üzrə isə məqsədlər qeyd edilmişdir. Görünən odur ki, mədəniyyət sahəsində idarəetmənin təkmilləşdirilməsi, Azərbaycan dilinin, davranış mədəniyyəti və bilgi mədəniyyətinin, ədəbiyyatın və incəsənətin, mədəni və yaradıcı sənayenin, mədəniyyət diplomatiyasının inkişafı, mədəni irsin qorunması 2040-cı ilədək mədəniyyət sahəsində əsas prioritetlər olacaqdır.

Konsepsiyanın həyata keçirilməsi üzrə Tədbirlər Planına görə 2026–2030-cu illərdə mədəniyyət sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, institusional islahatlar aparılması, əlçatanlığın və inklüzivliyin təmin edilməsi, maliyyələşdirmənin optimallaşdırılması və investisiyaların təşviqi, insan kapitalının inkişafı və kadr hazırlığının artırılması, infrastrukturun təkmilləşdirilməsi, rəqəmsal inkişaf və rəqəmsal mədəniyyətin formalaşdırılması, müasir mədəniyyət kommunikasiyası modellərinin tətbiqi sayəsində mədəniyyət sahəsində idarəetmə təkmilləşdiriləcək.
Azərbaycan dilinin rolunun artırılması məqsədilə sistemli fəaliyyətin həyata keçirilməsi və Azərbaycan dilinin inkişafı, təbliği və təşviqi ilə bağlı fəaliyyətin gücləndirilməsi Azərbaycan dili inkişaf etdiriləcək.
Azərbaycanda davranış mədəniyyətinin rolunun artırılması istiqamətində qurumlararası əlaqələndirilmiş fəaliyyətin və digər tədbirlərin hesabına Davranış mədəniyyəti və bilgi mədəniyyətinin inkişafına nail olunacaq, mədəniyyətin inkişafında, eləcə də məntiqi, tənqidi və yaradıcı təfəkkürün formalaşmasında ədəbiyyatın rolunun artırılması, habelə ədəbiyyatın təbliğinin, o cümlədən nəşriyyat işinin inkişafı yolu ilə ədəbiyyatın, mədəniyyətin, cəmiyyətin və fərdlərin inkişafında incəsənətin rolunun artırılması, incəsənətin sahələr üzrə inkişafı yolu ilə incəsənət inkişaf etdiriləcək, mədəni irs qorunacaq, mədəni və yaradıcı sənaye, eləcə də mədəniyyət diplomatiyasının inkişafı təmin ediləcək.
Nəticə etibarilə, “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyası milli-mənəvi dəyərlərin qorunması ilə müasir çağırışlar arasında tarazlıq yaradan, mədəniyyət sahəsində dövlət siyasətinin strateji və institusional əsaslarını müəyyən edən fundamental sənəddir. Burada Azərbaycan dilinin, davranış mədəniyyətinin və bilgi mədəniyyətinin prioritet istiqamət kimi müəyyən edilməsi milli identikliyin möhkəmləndirilməsinə xidmət edir. Qeyd etdiyim kimi əcdadlarımızdan bizə miras qalan mədəniyyətimizin, onun zəngin ənənələrinin gələcək nəsilərə ötürülməsi bu gün cəmiyyətimizi ən çox düşündürən mövzulardan olmalıdır və Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş Konsepsiyanın təhlili bir daha mədəniyyətin təkcə estetik sahə deyil, həm də cəmiyyətin inkişafında aparıcı qüvvə olduğunu bir daha göstərir. Proqnozlaşdırmaq olar ki, 2040-cı ilədək Konsepsiyanın ardıcıl icrası Azərbaycan mədəniyyətinin dayanıqlı, rəqabətqabiliyyətli və beynəlxalq miqyasda tanınan modelinin formalaşmasına zəmin yarada və mədəniyyət siyasətimizin “yumşaq güc” statusunu artıra bilər.
Qalib QASIMOV
Sənətşünaslıq üzrə fəlsəfə doktoru
