Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Terrorun girov götürdüyü həqiqət:
Terrorun girov götürdüyü həqiqət:
Dünya

Terrorun girov götürdüyü həqiqət: Suriyada “uzatma” və struktur problemi

Xpress.az Redaksiyası 28.01.2026 17:26

Suriyada baş verən proseslər yeni mərhələyə qədəm qoysa da, təhlükəsizlik mütəxəssisləri problemin hələ də köklü şəkildə həll olunmadığını bildirirlər.

Təhlükəsizlik üzrə türkiyəli ekspert və istefada olan general Abdullah Ağar Xpress.az-a açıqlamasında bildirdi ki, hazırda bölgədə yaşananlar bir həll mərhələsi deyil, “uzatma” dövrüdür. Onun sözlərinə görə, sahədə silahın, danışıqlar masasında isə “mağduriyyət dili”nin işlədilməsi həqiqətin təhrif olunmasına xidmət edir.

Ağar hesab edir ki, bu mərhələdə əsas problem həqiqətin yenidən dəqiq şəkildə ortaya qoyulmamasıdır. Çünki məsələ etnik kimliklər üzərindən təqdim edildikcə, silahlı terrorun mahiyyəti kölgədə qalır.

Abdullah Ağar açıq şəkildə bildirir ki, Suriyada və regionda yaşananlar “Kürt məsələsi” kimi təqdim edilsə də, əslində bu yanaşma reallığı əks etdirmir. Onun fikrincə, söhbət bir xalqın hüquqlarından deyil, silahlı terror strukturundan gedir:

“Bu, Kürt məsələsi deyil. Bu, silahlı terror məsələsidir. Terror bir xalqın haqqını müdafiə etmir, əksinə, həmin haqqı və xalqı girov götürür.”

Ağar bu mövqeyini yalnız nəzəri baxımdan deyil, şəxsi həyat təcrübəsinə əsaslanaraq ifadə edir. O, uzun illər dağda xidmət etmiş, silahlı mübarizənin bütün ağırlığını yaşamış biri kimi danışdığını vurğulayır. Onun sözlərinə görə, bu mövzuda ən böyük yanlışlıq terrorla bir xalqın eyniləşdirilməsidir.

“Türkəm, qardaşım Kürddür. Terror isə düşmənimdir”, – deyən Ağar, Türkiyə Silahlı Qüvvələri sıralarında kürd əsgərlərlə çiyin-çiyinə döyüşdüyünü, bu mübarizədə qanların bir-birinə qarışdığını xatırladır. Onun fikrincə, dövlətinə bağlı milyonlarla kürd vətəndaşın varlığı bu reallığın ən açıq sübutudur.

Abdullah Ağarın diqqət çəkdiyi əsas məqamlardan biri də Suriyada bəzi silahlı qruplaşmaların nəzarət etdiyi ərazilərin daralmasıdır. O, bunu mühüm uğur kimi dəyərləndirsə də, problemin yalnız ərazi prizmasından qiymətləndirilməsinin təhlükəli olduğunu bildirir.

Ağara görə, ərazi itkiləri strukturun dağıldığı anlamına gəlmir. Əksinə, struktur qorunduğu halda, itirilən sahələr fərqli formalarda yenidən bərpa oluna bilər. Məhz bu səbəbdən o, “yeni inteqrasiya modeli” adı altında irəli sürülən bəzi yanaşmalara tənqidi yanaşır.

Təhlükəsizlik analitikinin fikrincə, normallaşma və qalıcı sülh üçün bir sıra fundamental şərtlər yerinə yetirilməlidir. Bu şərtlərdən kənar istənilən inteqrasiya modeli formal və müvəqqəti xarakter daşıyacaq.

Abdullah Ağar bu şərtləri belə sıralayır: silahlar tamamilə təhvil verilmədən inteqrasiya mümkün deyil; komanda zənciri dağılmadan normallaşmadan danışmaq olmaz; tunel və yeraltı infrastruktur məhv edilmədən real təhlükəsizlik təmin edilə bilməz. Bundan əlavə, maliyyə və logistika kanallarının kəsilməsi, ideoloji çözülmə və təbliğat mexanizmlərinin susdurulması vacib şərtlər kimi göstərilir.

Onun fikrincə, qlobal və regional himayə davam etdiyi müddətdə terror strukturlarının tamamilə sıradan çıxarılmasından danışmaq mümkün deyil.

Həqiqətin ört-basdır edilməsi təhlükəsi

Abdullah Ağar sonda xəbərdarlıq edir ki, problemi yalnız “sahə daralması” prizmasından təqdim edib struktur məsələsini görməməzlikdən gələnlər ya mövzunun mahiyyətini anlamır, ya da bunu bilərəkdən təhrif edirlər. Bu isə uzunmüddətli perspektivdə bölgədə yeni gərginliklərə və təkrarlanan böhranlara yol aça bilər.

Onun fikrincə, qalıcı sülh yalnız terrorun silah, ideologiya, maliyyə və beynəlxalq dəstək daxil olmaqla bütün dayaqları ilə birlikdə aradan qaldırılması ilə mümkündür. Əks halda, “uzatma” dövrü sadəcə vaxt qazandıran, lakin problemi dərinləşdirən bir mərhələ olaraq qalacaq.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək