Almaniyada “körpə qutuları”nın sayı artır – ölkə bu sahədə ilk sıradadır
Almaniyada istənməyən və ya valideynləri tərəfindən gizli şəkildə tərk edilən körpələr üçün yaradılmış “körpə qutuları”nın sayı artmaqda davam edir. BMT-nin Uşaq Hüquqları Komitəsinin məlumatına görə, bu cür qutuların ən çox olduğu ölkə məhz Almaniyadır – ölkə üzrə onların sayı 99-a çatır.
Son olaraq Berlində bir xəstəxanada valideynlərin körpəni anonim şəkildə tərk edə bilməsi üçün xüsusi qutu sistemi quraşdırılıb. Sobaya bənzər bu qutuya körpə yerləşdirildikdən sonra qapı bağlanır və avtomatik siqnalizasiya sistemi işə düşür. Siqnal vasitəsilə məlumat alan xəstəxana əməkdaşları 1–2 dəqiqə ərzində körpəni götürərək tibbi nəzarətə götürürlər.
Qutunun daxilində yerləşdirilən məlumat məktubunda qeyd olunur ki, körpəyə 8 ay müddətində dövlət tərəfindən qayğı göstəriləcək. Əgər bu müddət ərzində valideynlər geri qayıtmasa, uşaq övladlığa verilir.
Qeyd edək ki, “körpə qutuları” sistemi Almaniya ilə yanaşı Malayziya və Kanadada da tətbiq olunur. Bu mexanizm əsasən yeni doğulmuş körpələrin həyatını xilas etmək və onları təhlükəli şəraitdə tərk edilməkdən qorumaq məqsədi daşıyır.
Xpress.az