“Türk dillərinin tibb terminlər lüğəti”nin TƏQDİMATI KEÇİRİLƏCƏK - FOTO
Türk Akademiyasının təşkilatçılığı, Azərbaycan Terminologiya Komitəsinin dəstəyi və 31 müəllifin yorulmaz fəaliyyəti nəticəsində “Türk dillerinin tıp terimleri sözlügü” adlı yeni çoxdilli kitab nəşr olunub.
Xpress.az xəbər verir ki, kitab 2 cilddən ibarətdir. Ümumilikdə 8 minə yaxın tibb terminləri kitabda yer alıb. Tibb terminləri 11 dildə, o cümlədən 9 türk dilində təqdim edilib. Sözlər ilk sütunlarda ingilis və rus dillərində, sonrakı sütunlarda Azərbaycan, Başqırd, Qazax, Qaraqalpaq, Qırğız, Özbək, Tatar, Türk və Türkməncə qarşılıqlı şəkildə təqdim edilib.

Kitabın təməlini azərbaycanlı müəlliflər – Milli Məclisin Səhiyyə komitəsinin sədri, AMEA-nın həqiqi üzvü Əhliman Əmiraslanov, AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru, professor Nuru Bayramov, tibb elmləri doktoru, professor Çingiz Rəhimov tərəfindən hazırlanan ingilis, rus və Azərbaycanca tibb terminləri təşkil edib. Bundan sonra hər ölkədən 2-3 müəllif bu terminləri öz dillərinə tərcümə edib. Kitab üzərində işlərə 3 il əvvəl başlanılıb.
AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru, professor Nuru Bayramov yeni kitabın əhəmiyyəti barədə fikirlərini Xpress.az-a bölüşüb.
O, kitabın nəşrini tarixi hadisə kimi qiymətləndirib. Bildirib ki, yeni nəşr böyük elmi-praktiki əhəmiyyətə malikdir: “Bu kitab ilk növbədə ayrı-ayrı türk dillərində yazılan məlumatları anlamağa imkan verəcək. İkinci növbədə yeni nəşr müasir süni intellekt proqramları ilə bir dildə yazılan mətnləri başqa bir türk dilinə elmi cəhətdən düzgün tərcümə üçün şərait yaradacaqdır. Digər bir tərəfdən, gələcəkdə türk dillərində ortaq və sinonim terminlərin ortaya çıxarılması üçün qapı rolunu da oynayacaqdır”.

Akademik N.Bayramovun sözlərinə görə, türk dillərində tibb sözlüyün yaradılması təşəbbüsünə hələ 30 il əvvəl başlanılıb: “1997-ci ildə “Türkdilli xalqların qastroenteroloji terminlər lüğəti” adlı kitab nəşr edilib. 600-ə yaxın tibbi terminlərin latın, ingilis, rus, Azərbaycan, türk, qazax və özbəkcə variantları yer bu kitabda yer alıb. Daha sonra “Kardiovaskulyar sözlük” (2000) və 1500-ə yaxın “Çoxdilli anatomiya terminləri lüğəti” (2008) hazırlanıb. Bu üç kitabda türk dilləri üçün hələ 1996-cı ildə müəlliflərin özləri tərəfindən hazırlanmış ortaq əlifba istifadə edilib”.

Professor N.Bayramov deyib ki, “Türk dillerinin tıp terimleri sözlügü” adlı yeni çoxdilli kitabda terminlərin ortaq əlifba ilə yazılması onların anlaşılmasnı daha da asanlaşdırıcaq: “Hazırkı lüğət 8 minə yaxın tibb terminini əhatə edir və 9 türk dilində verilib. Terminlər Azərbaycan, Türk, Qaraqalpaq, Özbək və Türkməncə latın əsaslı əlifba, Başqırd, Qazax, Qırğız və Tatarca isə kiril əsaslı əlifba ilə təqdim olunub. Kitaba ilk baxışda aydın görünür ki, türk dillərində əksər terminlər biri-birinə yaxındır, kökləri eynidir və əsasən deyim fərqləri var. Hesab edirik ki, bu terminlərin ortaq əlifba ilə yazılması onların anlaşılmasnı daha da asanlaşdırıcaqdır”.

Sonda xatırladaq ki, 12 may 2026-cı il tarixdə saat 15.00-da Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının akt zalında “Türk dillerinin tıp terimleri sözlügü”nün təqdimat mərasimi keçiriləcəkdir.
Günay ATİLLA
Aşağıdakı linklərdən keçid etməklə kitabla daha yaxından tanış olmaq mümkündür: