55 yaşdan yuxarı olan şəxslərin NƏZƏRİNƏ
Yaş artdıqca insanların əksəriyyətində yaddaş zəifləyir, diqqət azalır və unutqanlıq artır. Beyin fəaliyyətini uzun illər araşdıran məşhur neyrofizioloq Natalya Bextereva hesab edirdi ki, zehni aydınlığı qorumaq mümkündür. Bunun üçün isə gündəlik həyatda sadə, amma vacib vərdişlər formalaşdırmaq lazımdır.
Bexterevanın fikrincə, beyin də əzələ kimidir — işləmədikdə zəifləyir. O, xüsusilə 55 yaşdan sonra yaddaş və düşüncə qabiliyyətini qorumaq üçün beş əsas qaydanı tövsiyə edirdi.
İlk əlamət — yeni şeylərə marağın azalmasıdır. İnsan yeni texnologiyalardan uzaq durur, dəyişiklikdən qaçır və keçmişə bağlı qalır. Mütəxəssis hesab edirdi ki, beynin qocalmasının qarşısını almaq üçün daim yeni biliklər öyrənmək, fərqli fəaliyyətlərlə məşğul olmaq və qeyri-adi situasiyalarda düşünməyi öyrənmək lazımdır.
O, gənclərlə ünsiyyətin də böyük rol oynadığını vurğulayırdı. Yeni texnologiyalar, musiqi, müasir tendensiyalar və gündəlik yeniliklər beyni aktiv saxlamağa kömək edir. Smartfon və ya rəqəmsal ödəniş sistemlərindən qorxmaq isə çox vaxt dəyişikliklərə uyğunlaşmaq istəməməkdən qaynaqlanır.
Bextereva yaddaşı gücləndirmək üçün gündəlik rejimə əməl etməyi də vacib sayırdı. Kifayət qədər yuxu, hər gün ən azı yarım saat gəzmək və yaddaş məşqləri beyinin fəaliyyətinə müsbət təsir göstərir. Şeir əzbərləmək, gün ərzində baş verənləri xatırlamaq və ya oxunan məlumatı təkrar etmək neyron əlaqələrini möhkəmləndirir.
Mütəxəssis mənfi emosiyaların da zehni fəaliyyətə ciddi təsir etdiyini bildirirdi. Daim narazılıq, aqressiya və həyatdan şikayət etmək insanın idrak qabiliyyətini zəiflədir. Bunun əvəzinə minnətdarlıq hissini inkişaf etdirmək tövsiyə olunur. Hər gün həyatdakı kiçik şeylərə görə “təşəkkür etmək” həm psixoloji vəziyyəti, həm də yuxu keyfiyyətini yaxşılaşdıra bilər.
Bexterevanın digər vacib məsləhəti isə rutin həyatdan uzaqlaşmaq idi. Eyni marşrut, eyni vərdişlər və dəyişməyən gündəlik həyat beyini passivləşdirir. Yeni yeməklər sınamaq, fərqli yollarla hərəkət etmək, yaradıcı fəaliyyətlə məşğul olmaq — rəsm çəkmək, musiqi ilə maraqlanmaq və ya yazı yazmaq — beynin aktiv qalmasına kömək edir.
Nevroloq Dmitri Bystrov da qeyd edir ki, müasir araşdırmalar bu fikirləri təsdiqləyir. Onun sözlərinə görə, davamlı öyrənmək və sosial əlaqələri qorumaq demensiya riskini əhəmiyyətli dərəcədə azalda bilər.
Mütəxəssislər hesab edir ki, zehni sağlamlığı qorumaq üçün heç vaxt gec deyil. Hətta yaşlı dövrdə belə həyat tərzində edilən kiçik dəyişikliklər beynin fəaliyyətinə müsbət təsir göstərə bilər.
Xpress.az