Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət İlham Əliyev onlara müraciət ünvanladı
İlham Əliyev onlara müraciət ünvanladı
Cəmiyyət

İlham Əliyev onlara müraciət ünvanladı

Xpress.az Redaksiyası 22.09.2026 12:40

Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb.

Xpress.az müraciətin mətnini təqdim edir:

"Hörmətli Forum iştirakçıları!

Sizi "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması" mövzusunda IV Bakı Təhlükəsizlik Forumunda səmimi-qəlbdən salamlayıram.

Artıq dördüncü dəfə Bakıda keçirilən bu Forum müxtəlif ölkələrin xüsusi xidmət və təhlükəsizlik orqanlarının rəhbər və nümayəndələrini bir araya

gətirməklə beynəlxalq təhlükəsizlik sahəsində fikir mübadiləsi və qarşılıqlı əməkdaşlığın inkişafı üçün mühüm imkan yaradır. Forumun iştirakçı coğrafiyasının ildən-ilə genişlənməsi və müzakirə olunan məsələlərin aktuallığı Bakı platformasının beynəlxalq səviyyədə artan nüfuzunun göstəricisidir. Əminəm ki, builki tədbir də təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafı, qarşılıqlı fikir və təcrübə mübadiləsi baxımından əhəmiyyətli olacaqdır.

Bu gün dünya sürətli və mürəkkəb dəyişikliklər dövrünü yaşayır. Beynəlxalq münasibətlər sistemində baş verən proseslər, geosiyasi rəqabətin kəskinləşməsi, müxtəlif regionlarda davam edən münaqişələr və qarşıdurmalar qlobal təhlükəsizlik mühitinə ciddi təsir göstərir. Etimad böhranının kəskinləşməsi və qarşılıqlı anlaşmanın çətinləşməsi milli təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsini və beynəlxalq sabitliyin qorunmasını bütün ölkələrin qarşısında duran fundamental və təxirəsalınmaz prioritetə çevirir.

Dünyada sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması bütün dövlətlərin ortaq məsuliyyətidir. Müasir çağırışların miqyası və təhdidedici xarakteri qarşılıqlı əməkdaşlığın gücləndirilməsini, çevik və əlaqələndirilmiş yanaşmaların tətbiqini zəruri edir. Çünki təhlükəsizlik anlayışı artıq ayrı-ayrı dövlətlərin sərhədləri ilə məhdudlaşmır. Hər hansı bir regionda meydana gələn böhran və ya gərginlik ocağı qısa müddət ərzində digər regionlara təsir göstərə, siyasi və iqtisadi sabitliyə, enerji və ərzaq təhlükəsizliyinə xələl gətirə, nəqliyyat və kommunikasiya əlaqələrində ciddi fəsadlara yol aça bilir. Terrorçuluq və ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq, qanunsuz silah və narkotik dövriyyəsi, kibercinayətkarlıq və digər transsərhəd təhdidlər də məhz bu qarşılıqlı bağlılıqdan istifadə edərək daha mürəkkəb xarakter alır.

Xüsusilə müasir texnologiyaların və yeni imkanların terrorçuluğun fəaliyyət dairəsinin genişləndirilməsi üçün istifadə olunması ciddi narahatlıq doğurur. Rəqəmsal imkanlardan, o cümlədən süni intellektin bədniyyətli istifadəsi radikal ideyaların yayılmasına, terrorçu şəbəkələrin maliyyə mənbələrinin genişlənməsinə və yeni tərəfdarların cəlb edilməsinə təkan verərək terrorçuluğa qarşı mübarizənin səmərəliliyinə ciddi maneələr yaradır. Bu şəraitdə terrorçuluğa qarşı mübarizə yalnız ayrı-ayrı ölkələrin səyləri ilə məhdudlaşmamalı, beynəlxalq əməkdaşlığın və birgə fəaliyyətin mühüm istiqamətlərindən biri olaraq qalmalıdır.

Təhlükəsizliyin etibarlı təmin olunması üçün yalnız mövcud təhdidlər və onların nəticələri ilə mübarizə aparmaq deyil, riskləri əvvəlcədən müəyyən etmək və onların qarşısını vaxtında almaq vacibdir. Bunun üçün dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, təhlükəsizlik orqanları arasında peşəkar əlaqələrin inkişaf etdirilməsi və qarşılıqlı məlumat mübadiləsinin effektivliyinin artırılması xüsusi əhəmiyyət kəsb edir. Təcrübə göstərir ki, açıq və etibarlı dialoq əsasında qurulan tərəfdaşlıqlar ən mürəkkəb təhlükəsizlik çağırışlarının belə daha çevik və effektiv şəkildə qarşısının alınmasına imkan yaradır.

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını, dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsini və əməkdaşlığın genişləndirilməsini əsas prioritetlərdən hesab edir. Ölkəmiz müxtəlif beynəlxalq və regional platformalarda təhlükəsizlik məsələləri ilə bağlı dialoqun təşviqinə, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə mühüm əhəmiyyət verir. Bakı Təhlükəsizlik Forumunun keçirilməsi də bu məqsədlərə xidmət edərək konkret əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə və qarşılıqlı etimadın daha da möhkəmləndirilməsinə şərait yaradır.

Əminəm ki, builki Forum çərçivəsində aparılacaq müzakirələr müasir qlobal təhlükəsizlik çağırışlarının daha dərindən dərk edilməsinə, onların qarşısının alınması istiqamətində yeni yanaşmaların müəyyənləşdirilməsinə, xüsusi xidmət və təhlükəsizlik orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsinə şərait yaradacaq, beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsinə və gələcək nəsillər naminə daha sabit və təhlükəsiz dünyanın formalaşdırılmasına xidmət edəcəkdir.

IV Bakı Təhlükəsizlik Forumunun işinə uğurlar, bütün iştirakçılarına isə səmərəli müzakirələr və məhsuldar əməkdaşlıq arzulayıram".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Hərbçilərlə bağlı YENİ QAYDA:

22.09.2026 10:49 Cəmiyyət

SİMA İmza ilə vergi hesabatlarını 6 ay pulsuz təqdim et!

22.09.2026 10:42 Texnologiya

Saxta kosmetik məhsulu necə tanımaq olar? –

22.09.2026 10:28 Sağlamlıq

Like gəlməyəndə niyə əhvalımız dəyişir? –

22.09.2026 10:00 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək