Poeziyası sevgi və məhəbbətlə yoğrulan şair: Mədinə Gülgün “Ötən günlər”də ANILDI - FOTO + VİDEO
“İctimai” Televiziyanın efirində yayımlanan “Ötən günlər” verilişinin budəfəki buraxılışı Əməkdar incəsənət xadimi, şair Mədinə Gülgünə həsr olunub.
Xpress.az xəbər verir ki, aparıcılar Nailə İslamzadə və Saleh Bağırov poeziyası sevgi, məhəbbət və vətənpərvərliklə yoğrulmuş Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş verilişdə şairin ötən günlərini vərəqləyiblər.
Verilişdə qonaq olan bəstəkar, professor Cavanşir Quliyev, şərqşünas-alim Şəfəq Əlibəyli, yazıçı-jurnalist İlqar Əlfioğlu, Mədinə Gülgünün həyat yoldaşı Balaş Azəroğlunun həmyerlisi Yadulla Kənani, filologiya emləri doktoru, Güney Azərbaycan ədəbiyyatının araşdırmaçısı Pərvanə Məmmədova, həmçinin şairin oğlu Etibar Abızadə və nəvəsi Aysel Məhərrəmova Mədinə Gülgün yaradıcılığından, ədəbi irsindən söhbət açıblar.

Qeyd olunub ki, Mədinə Gülgün 1926-cı il yanvarın 17-də Bakıda anadan olub. Məhrumiyyətlərə, çətinliklərə, sıxıntılara baxmayaraq, Mədinə Gülgün ömrü boyu şair qəlbini, səmimiyyətini, insanlara sevgisini qoruyub saxlaya bilib. “Yer üzündə bir evim var, Ocağı daim yanar. Onun sönməz şöləsindən, Ürəyim işıqlanar”-, deyən şair ailəsini, balalarını, ocağını hifz eləməklə yanaşı, gözəl sənət nümunələri də yarada bilib.
Sonradan Gülgün kimi şöhrət tapmış Mədinə Ələkbərzadənin ilk qələm sınaqları ötən əsrin 40-cı illərin əvvəllərindən qəzet və jurnal səhifələrində görünməyə başlayıb. Mədinə Gülgün şeirlərini 1945-ci ildə Təbrizdə “Vətən yolunda”, “Azərbaycan” qəzetlərində çap etdirib. Onun “Təbrizin baharı” adlı ilk şeir kitabı 1950-ci ildə işıq üzü görüb. Bu kitabda 1945-49-cu illər ərzində yazdığı şeirlər toplanıb.
Tanınmış şairin ilk yaradıcılıq nümunələri Azərbaycan xalqının azadlıq və milli istiqlaliyyət uğrunda apardığı mübarizə illərinə təsadüf edib. Mədinə Gülgünün poeziyası xalqa, doğma Vətənə övlad məhəbbətində yoğurulub, oxucularını ağ günlərə və qurtuluş uğrunda döyüşlərə çağırış ruhunda köklənib.

Onun əsərləri hələ sağlığında bir sıra xarici dillərə tərcümə olunub. Dünya xalqlarının azadlıq və istiqlaliyyət uğrunda mübarizəsini bir humanist şair kimi daim izləyən, kəsərli sözləri ilə onların səsinə səs verən şairin Bakıda və Moskvada “Təbrizin baharı”, “Savalanın ətəklərində”, “Sülhün səsi”, “Yadigar üzük”, “Təbriz qızı”, “Firudin”, “Dünyamızın sabahı”, “Durnalar qayıdanda”, “Dünya şirin dünyadır”, “Çinar olaydı”, “Arzu bir ömürdür”, “Yora bilməz yollar məni”, “Könlümü ümidlər yaşadır” və onlarca digər şeir kitabları çap olunub. “Şeirdi həyatda sərvətim mənim” deyən şairin yazdığı bu kitabların başlıca mövzusu insan taleyi, azadlıq hissi, Təbriz həsrəti, övladlarını qəlbdən sevən bir ana qəlbinin arzu və istəkləridir. Onun lirik şeirlərinə mahnılar bəstələnib.
Qəlbi Cənub həsrəti ilə döyünən Xalq şairi Balaş Azəroğlu ilə ailə həyatı quran Mədinə Gülgün bir şair ömrünü mənsub olduğu xalqa şərəflə, vicdanla xidmətdə keçirib.
Günay ATİLLA