Lahıclı ustaların Qafqaza səs salan SİLAHQAYIRMA SƏNƏTİ - FOTO
Lahıc Qafqazın ən qədim sənətkarlıq mərkəzlərindən biridir. Əsrlər boyu neçə-neçə sənət növləri ilə yanaşı, silahqayırma da yüksək inkişaf etmişdir. Lahıc ustalarının hazırladığı tüfəng, xəncər, tapança, bıçaqlar Qafqazda məşhur olub və uzun müddət yerli iqtisadiyyatın əsasını təşkil edib.
Lahıcın dağlıq ərazidə yerləşməsi, müdafiə tələbləri və ticarət yollarına yaxınlığı silah istehsalını zəruri etmişdir. Metal filizlərinin mövcudluğu, yüksək usta ənənəsi, nəsildən-nəsilə ötürülən sənət, bu sahənin inkişafını sürətləndirib. XI-XVI əsrlərdə Lahıc Qafqazın ən güclü dəmirçilik məktəblərindən biri kimi tanınıb. Burada qılınclar, xəncərlər, təbərzinlər, nizələr və sonrakı dövrlərdə odlu silahlar hazırlanırdı. XVIII-XIX əsrlərdə Lahıcda artıq tək-tək ustalar deyil, silahqayirma məhəllələri və emalatxanalar kompleksi formalaşmışdır.
Tarixi mənbələrdə səkkizə qədər silah emalatxanası olduğu qeyd edilir. Tüfəngin bütün hissələri Lahıc ustaları tərəfindən hazırlanırdı və “Lahıc tüfəngi” adı ilə İrandan Şimali Qafqaza qədər böyük alıcı dairəsinə sahib idi. Silahların üstünlüyü o qədər tanınmışdı ki, digər bölgələrin ustaları belə öz istehsal etdikləri silahları satanda Lahıc işi kimi qələmə verirdilər.
“XIX əsrin birinci yarısında rus çar məmurları Lahıc (Şirvan) ustalarının təcrübəsinin İjevsk silah zavodunun ustalarına öyrədilməsi haqqında təşəbbüs qaldırmışdırlar.” (Rasim Əfəndiyev, "Azərbaycan xalq sənəti", səh. 104).
Bəzi ustalar bu sahədə böyük şöhrət qazanmışdılar. Ustalar keyfiyyətə daha çox önəm verirdilər. Usta Əbdürrəhim bir ay ərzində bir tüfəng, iki tapança hazırlaya bilirdi. Onun düzəltdiyi silahlar alıcılar tərəfindən çox bəyənilirdi. Hətta qiyməti də o biri ustalardan üç qat baha olurdu. Bir tüfəng 10 çervona (10 qızıl onluq) satılırdı.
Lahıc silahqayırması Azərbaycan mədəni irsinin nadir və unikal sahələrindən biridir. Bu sənət əsrlər boyu ölkənin müdafiə, iqtisadi və sənətkarlıq tarixində mühüm rol oynamışdır. Lahıc ustalarının yaratdıqları nümunələr həm texniki mükəmməlliyi, həm də bədii dəyəri ilə seçilir. Silahqayırma sənətinin zəifləməsinə baxmayaraq, Lahıc hələ də öz ənənəsini qorumağa çalışan sənətkarların sayəsində bu irsi yaşatmağa davam edir. Bu baxımdan Lahıc silahqayırması yalnız sənət deyil, həm də milli yaddaşın göstəricisidir.

Lahıcda istehsal olunan odlu silahlar və elementləri aşağıdakılardır:
Tapança lüləsinin yiv açanı (şəkil 1), tapança (şəkil 2), tüfəng (şəkil 3), güllə qəlibi (şəkil 4), barıt qabı (şəkil 5).
Ağaməşədi ƏLİYEV
“Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunun elmi işçisi