Qərbi Azərbaycan: Yaddaşdan hüquqa, mədəni irsdən beynəlxalq dəstəyə
Tarixi yaddaşın hüquqi müstəviyə keçidi
Qərbi Azərbaycan məsələsi artıq yalnız keçmişin ağrılı xatirəsi və ya regional humanitar problem kimi deyil, beynəlxalq hüquq, insan hüquqları və mədəni irsin qorunması kontekstində müzakirə olunan mühüm siyasi-hüquqi məsələ kimi çıxış edir. XX əsr boyunca Azərbaycan türklərinin indiki Ermənistan ərazisindən mərhələli şəkildə deportasiya olunması, onların tarixi yaşayış məkanlarından uzaqlaşdırılması və həmin ərazilərdə etnik homogenlik siyasətinin həyata keçirilməsi regionun demoqrafik xəritəsini dəyişib.
Bu proses təkcə insanların fiziki köçü ilə məhdudlaşmamış, eyni zamanda kollektiv yaddaşın, mədəni identikliyin və tarixi izlərin sistemli şəkildə silinməsi ilə müşayiət olunub. 1918–1920-ci illərdə başlayan qarşıdurmalar, sovet dövründə həyata keçirilən deportasiya siyasəti, xüsusilə 1948–1953-cü illər köçürülmələri və nəhayət, 1987–1988-ci illərdə azəri türklərinin tamamilə çıxarılması Qərbi Azərbaycan problemini beynəlxalq hüququn diqqət mərkəzinə gətirən əsas faktorlardır.
Bu gün məsələ yalnız “keçmişdə baş vermiş hadisələr” kimi deyil, fundamental hüquqların qayıdış hüququnun, mülkiyyət hüququnun, mədəni hüquqların və tarixi irsin qorunmasının pozulması kimi qiymətləndirilir.
Mədəni irsin soyqırımı
Tarixi yaddaşı məhv etməyin ən təhlükəli üsullarından biri toponimlərin dəyişdirilməsidir. Coğrafi adlar yalnız məkan göstəricisi deyil; onlar xalqın tarixi varlığının, mədəni irsinin və kollektiv yaddaşının daşıyıcısıdır. Qərbi Azərbaycanda yüzlərlə kənd, mahal, çay, dağ və yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi həmin ərazilərin türk-müsəlman kimliyinin silinməsinə yönəlmiş məqsədli siyasət kimi qiymətləndirilir.
Bu proses beynəlxalq hüquqda “mədəni silinmə” və ya “mədəni yaddaşın destruksiyası” anlayışları ilə əlaqələndirilir. Çünki bir xalqın tarixini xəritədən silmək, əslində onun keçmişini və gələcəkdə həmin ərazilərlə bağ qurmaq imkanını zəiflətmək deməkdir. Məscidlərin, qəbiristanlıqların, türbələrin, məktəblərin və digər mədəni abidələrin dağıdılması isə bu siyasətin daha ağır nəticələrini ortaya qoyur.
Beynəlxalq məhkəmə təcrübəsində də mədəni irsin məhv edilməsinə xüsusi həssaslıq göstərilir. Beynəlxalq Ədalət Məhkəməsi və Avropa İnsan Hüquqları Məhkəməsinin müxtəlif qərarlarında vurğulanır ki, mədəni identiklik insan hüquqlarının ayrılmaz hissəsidir. Bir toplumun tarixi izlərinin məhv edilməsi onun hüquqi və mənəvi varlığına qarşı yönəlmiş addım hesab edilir.
Qayıdış: humanitar çağırışdan hüquqi tələbə
Qərbi Azərbaycan məsələsinin əsas sütunlarından biri qayıdış hüququdur. Müasir beynəlxalq hüquqda doğma torpaqlara qayıtmaq hüququ fundamental insan hüquqlarından biri sayılır. Bu hüquq BMT sənədlərində, İnsan Hüquqları üzrə Ümumi Bəyannamədə və bir sıra beynəlxalq konvensiyalarda öz əksini tapmışdır. Lakin qayıdış hüququ yalnız fiziki geridönüş anlamına gəlmir. İnsanların öz tarixi mühitinə, mədəni irsinə, dini abidələrinə və kollektiv yaddaşına qayıda bilməsi də bu hüququn əsas komponentidir.
Əgər həmin mühit məhv edilibsə, qayıdış formal xarakter daşıyır. Məhz buna görə mədəni irsin qorunması ilə qayıdış hüququ bir-birindən ayrılmaz anlayışlar kimi çıxış edir. Qərbi Azərbaycan İcmasının beynəlxalq platformalarda apardığı fəaliyyət bu məsələnin hüquqi müstəvidə tanınmasına xidmət edir. İcmanın məqsədi yalnız tarixi yaddaşı yaşatmaq deyil, həm də beynəlxalq hüquq normaları əsasında qayıdış hüququnun tanınmasına nail olmaqdır. Bu baxımdan məsələ artıq regional siyasi polemika çərçivəsini aşaraq beynəlxalq hüquqi presedent yaratmaq potensialı qazanır.
Susqunluq hüququ zəiflədir
Müasir beynəlxalq münasibətlər sistemində ən ciddi problemlərdən biri selektiv yanaşmadır. Eyni hüquqi prinsiplərin müxtəlif regionlarda fərqli şəkildə tətbiqi beynəlxalq hüququn legitimliyini sual altına qoyur. Əgər bir bölgədə deportasiya, etnik təmizləmə və mədəni irsin məhv edilməsi sərt şəkildə qınanır, digər bölgədə isə susqunluq nümayiş etdirilirsə, bu, hüququn universallığını zəiflədir. Qərbi Azərbaycan məsələsi də məhz bu kontekstdə diqqət çəkir.
Azərbaycan tərəfi hesab edir ki, beynəlxalq təşkilatlar və hüquqi institutlar məsələyə vahid hüquqi standartlarla yanaşmalıdır. Əks halda, cəzasızlıq yeni presedentlər yaradır və gələcəkdə oxşar halların təkrarlanması üçün təhlükəli zəmin formalaşdırır. Beynəlxalq hüquqda “ikili standart” problemi yalnız bir regionun deyil, bütövlükdə qlobal hüquq sisteminin etibarlılığına zərbə vurur. Çünki hüquq yalnız hamıya eyni tətbiq olunduqda güclü olur.
Mədəni irs – tarixin möhürü
Mədəni irs yalnız keçmişin yadigarı deyil; o, bir xalqın kimliyini formalaşdıran əsas elementlərdən biridir. Məscidlər, qəbiristanlıqlar, folklor nümunələri, toponimlər və tarixi abidələr kollektiv yaddaşın maddi ifadəsidir. Onların məhv edilməsi isə xalqın tarixi bağlarının qırılması anlamına gəlir. Qərbi Azərbaycanda Azərbaycan türklərinə məxsus mədəni irsin taleyi uzun illər beynəlxalq səviyyədə yetə incə diqqət görməyib. Halbuki UNESCO prinsiplərinə görə mədəni irs bəşəriyyətin ümumi sərvəti hesab olunur və onun qorunması bütün dövlətlərin və beynəlxalq təşkilatların ortaq məsuliyyətidir.
Bu baxımdan Qərbi Azərbaycan məsələsi yalnız milli deyil, eyni zamanda beynəlxalq mədəni irs problemi kimi də qiymətləndirilməlidir. Çünki burada söhbət təkcə bir xalqın keçmişindən deyil, ümumbəşəri mədəni müxtəlifliyin qorunmasından gedir.
Diplomatik mübarizə
Son illər Qərbi Azərbaycan məsələsi yeni siyasi və hüquqi mərhələyə qədəm qoyub. Mövzunun beynəlxalq konfranslarda, akademik platformalarda və diplomatik müstəvidə daha fəal şəkildə gündəmə gətirilməsi onu regional tarix mübahisəsindən çıxarıb insan hüquqları və beynəlxalq hüquq müzakirəsinin bir hissəsinə çevirir. Azərbaycanın beynəlxalq hüquqa əsaslanan yanaşması məsələnin sülh yolu ilə və hüquqi mexanizmlər çərçivəsində həllini ön plana çıxarır. Bu yanaşma revanşizm deyil, hüququn aliliyinə əsaslanan ədalət çağırışı kimi təqdim olunur. Burada əsas məqsəd tarixi yaddaşın qorunması, mədəni irsin bərpası və insanların fundamental hüquqlarının tanınmasıdır.
Nəticə. Qərbi Azərbaycan məsələsi yalnız tarix kitablarının mövzusu deyil; bu, yaddaş, hüquq, mədəni irs və insan hüquqları arasında əlaqələrin təzahürüdür. Deportasiyalar və mədəni silinmə siyasəti bir xalqın tarixi identikliyinə ağır zərbə vurmuşdur. Lakin məsələ bu gün artıq yeni mərhələyə keçərək beynəlxalq hüququn sınaq meydanına çevrilib. Toponimlərin dəyişdirilməsi, mədəni irsin məhv edilməsi və qayıdış hüququnun məhdudlaşdırılması beynəlxalq hüquq baxımından ciddi problemlər yaradır.
Əgər bu hallara selektiv yanaşma davam edərsə, bu, yalnız regional deyil, qlobal hüquq sistemi üçün də təhlükəli presedent formalaşdıracaq. Qərbi Azərbaycan İcmasının fəaliyyəti göstərir ki, tarixi yaddaş yalnız keçmişə bağlılıq deyil, həm də hüquqi mübarizə vasitəsidir. Bu mübarizə beynəlxalq hüququn universallığını, insan hüquqlarının bölünməzliyini və mədəni irsin qorunmasının vacibliyini bir daha gündəmə gətirir.
Gülgün Mübariz QULİYEVA
Siyasi elmlər üzrə fəlsəfə doktoru