Kitabxanaçını attestasiya etməzdən əvvəl kitabxananı attestasiya etməli deyilikmi?
Günel Musa yazır...
Azərbaycanda kitabxana işçilərinin attestasiyası ilə bağlı müzakirələr davam edir. Mədəniyyət Nazirliyi bildirir ki, məqsəd işçiləri cəzalandırmaq deyil, onların peşəkarlığını artırmaqdır. Bu, təqdirəlayiq yanaşmadır. Amma bir sual da var:
Kitabxanaçını attestasiya etməzdən əvvəl kitabxananın özünü attestasiya etməli deyilikmi?
Bu gün ölkədə elə kitabxanalar var ki, illərlə yeni kitab fondu ilə zənginləşdirilməyib. Bəzilərində müasir elektron kataloq yoxdur, oxu zalları boş qalır, gəncləri cəlb edəcək layihələr isə ya çox azdır, ya da ümumiyyətlə keçirilmir.
Keçən il məktəbdə uşaq yazıçısı Zahid Xəlil ilə görüş təşkil etmişdim. Tədbir üçün kiçik bir kitab sərgisi hazırlamaq istəyirdim. Düşündüm ki, yazıçının kitablarını məktəbin və ya Xətai rayonundakı kitabxanalardan əldə etmək çətin olmaz.
Amma yanıldım.
Nə məktəbin kitabxanasında, nə də müraciət etdiyimiz kitabxanalarda Zahid Xəlilin bir dənə də olsun kitabını tapa bildik.
Bu böyük bir sualın göstəricisidir: Kitabxanalar oxucu ilə yazıçını görüşdürə bilirmi?
Əgər kitabxanalarda yaşayan, oxunan və məktəblərdə görüşə gələn bir müəllifin kitabını tapmaq mümkün deyilsə, onda kitabxananın əsas missiyası necə yerinə yetirilir?
Əlbəttə, kitabxana işçisi peşəsini bilməlidir, daim öz üzərində işləməlidir. Amma onun işlədiyi kitabxananın fondu köhnədirsə, yeni nəşrlər alınmırsa, müasir müəlliflər rəflərdə yoxdursa, bütün məsuliyyəti yalnız kitabxanaçının üzərinə qoymaq nə dərəcədə ədalətlidir? Belə bir şəraitdə kitabxanaçıdan yalnız imtahan verməsini gözləmək kifayət edirmi?
Bəlkə attestasiyanın bir hissəsi də bu suallara cavab verməlidir. Kitabxanaların fondu nə qədər yenilənir? Uşaq ədəbiyyatı nə vəziyyətdədir? Oxucunun axtardığı kitabı tapmaq ehtimalı nə qədərdir?
Kitabxana sadəcə kitab saxlanan yer deyil. O, cəmiyyətin yaddaşıdır. Yaddaşı zəifləyən cəmiyyət isə gələcəyini də zəif qurur.
Attestasiya vacibdir. Amma onun əsas məqsədi kimisə işdən uzaqlaşdırmaq deyil, kitabxanaları yenidən cəmiyyətin canlı mədəniyyət mərkəzinə çevirmək olmalıdır. Əgər bu məqsədə xidmət edəcəksə, o zaman bu müzakirə həqiqətən də Azərbaycan kitabxana sisteminin inkişafı üçün yeni mərhələnin başlanğıcı ola bilər.
Çünki güclü kitabxana yalnız rəflərindəki kitablarla deyil, yaratdığı oxu mühiti ilə seçilir.