Azərbaycan üzgüçülüyündə institusional inkişafa beynəlxalq təcrübə
Üzgüçülük təhsili və mütəxəssis hazırlığının inkişafı istiqamətində beynəlxalq əməkdaşlıq genişləndirilir.
Azərbaycan Üzgüçülük Federasiyası (ASF) üzgüçülük təhsilinin inkişafı, yerli mütəxəssislərin hazırlanması və institusional imkanların gücləndirilməsi istiqamətində beynəlxalq təcrübədən istifadəyə xüsusi önəm verir.
ASF-nin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, eləcə də Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi proqramının dəstəyi ilə üzgüçülük təhsili və yerli mütəxəssislərin hazırlanmasına dair bir sıra istiqamətlərin inkişaf etdirilməsi məqsədi ilə Boro Ştrumbel əməkdaşlığa cəlb olunub.
2019-2024-cü illərdə Sloveniya Üzgüçülük Assosiasiyasına rəhbərlik etmiş Boro Ştrumbelin kurasiyası ilə məşqçi və hakimlərin sertifikasiyası və lisenziyalaşdırılması, Azərbaycan İdman Akademiyasında tədris prosesinin təkmilləşdirilməsi və “Üzməyi Öyrənək” layihəsinin inkişafı istiqamətində iş aparılacaq. Layihə çərçivəsində uşaqların üzgüçülüyə cəlb olunması, ilkin üzgüçülük bacarıqlarının formalaşdırılması və su təhlükəsizliyi ilə bağlı maarifləndirmənin genişləndirilməsi nəzərdə tutulur. Əməkdaşlığın digər mühüm istiqaməti ali təhsil və praktiki hazırlıq arasında əlaqənin gücləndirilməsi, eləcə də mütəxəssislərin peşəkar fəaliyyətində müasir və vahid yanaşmaların tətbiqidir.
