Sabiq nazir təhsil sistemindəki problemlərdən danışdı: “İmtahan götürənin özündən imtahan götürmək lazımdır” - VİDEO
“Dünyanın istənilən yerində təhsil hər zaman ölkənin ən problemli sahəsi olub. Çünki bu, çox geniş sahədir. Hər bir ölkədə, o cümlədən Azərbaycanda elə bir ailə ola bilməz ki, onun təhsillə əlaqəsi olmasın. Bu baxımdan burada daim problem olub. Azərbaycan üçün də istər mən təhsil naziri işlədiyim dövrlərdə də, istərsə də indi bu sahədə problemlər olub, var və gələcəkdə də olacaqdır”.
Xpress.az xəbər verir ki, sabiq təhsil naziri Misir Mərdanov "Pozan Media"da yayımlanan “Yazılan və yozulan” verilişinin növbəti buraxılışında Seymur Elsevərə müsahibəsində bildirib.
Sabiq nazir deyib ki, bu gün qarşımızda dayanan başlıca problem Azərbaycanda ali təhsil almış şəxsin diplomunun dünyada, o cümlədən Avropada tanınmasıdır. Onun sözlərinə görə, indiyə qədər buna nail olunmayıb.
M.Mərdanov Azərbaycanda ali məktəblərə qəbul imtahanlarına, ümumən imtahan prosesinə də toxunub. Deyib ki, ölkədə imtahan məsələsinə münasibət, yanaşma düzgün deyil: “Bizim cəmiyyətdə imtahan məsələsi heç vaxt düzgün başa düşülməyib. Bu, indi də belədir. Hamı elə bilir ki, imtahan şagirdin, tələbənin biliyini yoxlamaq üçündür. Əslində isə imtahan çox geniş anlayışdır. Bizim məktəbli, tələbə olduğumuz dövrlərdə imtahan verib müəllimlərimizdən biliyimizə qiymət alırdıq, həm də yeni biliklər öyrənirdik. İndi sanki imtahan götürən adam özünü müstəntiq kimi aparır, imtahan verən isə müqəssir, günahkar kimi görünür. Bu, qətiyyən belə olmamalıdır. Əgər sənin verdiyin sualı ölkə müəlliminin, şagirdinin çoxu həll edə bilmirsə, cavablandıra bilmirsə, deməli, sənin verdiyin sual yerində deyil. Sən elə sual verməlisən ki, qarşındakı o sualı anlaya, cavablandıra bilsin. İmtahan götürənin özündən imtahan götürmək lazımdır. Baxıb görmək lazımdır ki, o sualı verənin özü həmin sualların həllini özü edə bilirmi. Bu, çox ciddi problemdir”.
Ərturan İSMAYIL