Mənfi enerjidən necə xilas olmaq olar?
Mehriban davranmaq, ətrafdakıların xətrinə dəyə biləcək söz deməmək, ən konfliktli vəziyyətlərdə belə səbirli olmaq yaxşı xüsusiyyətdir, lakin bu, həmişə mümkün olmur. Psixoloqların fikrincə, vaxtaşırı olaraq mənfi emosiya və enerjidən azad olmağın insanın sağlamlığına xeyri var. İnsan içində toplanıb qalan mənfi emosiyaları uzun müddət heç bir üsulla ifadə etməyəndə, münasib olmayan yerdə və vəziyyətdə belə özünü cilovlaya bilməyib dava edə, qışqıra, ağlaya və nalayiq sözlər deyə bilər.
Psixoloq Ruhanə Rəhimovanın sözlərinə görə, öz aqressivliyini gizlədən, emosiyalarını boşalda bilməyən, əsəbiliyini büruzə verməyən, özünü sakit və təmkinli insan kimi göstərənlər gec-tez stress keçirərək, ən əhəmiyyətsiz bir səbəb üzündən qıcıqlanaraq mənfi fikirlərini bildirməyə başlayırlar. Belə insanların səbri bir müddətə qədər olur və bir anda onlar özlərindən çıxıb gözlənilməz hərəkətlər edirlər.
Aqressivliyin pis cəhət olduğunu bildirən psixoloq bundan düzgün istifadə etməyi məsləhət görür. İnsan özünü aqressiv hiss edəndə bunu yerində bildirməli, bununla da boşalmalıdır. Belə ki, tez-tez aqressiyanın ifadə olunması onun azalmasına, nadir hallarda üzə çıxmasına səbəb olur. Həm də aqressiyadan qorxmamaqla, vaxtaşırı hissləri, narazılıqları bildirməklə aqressiyanı idarə etmək mümkün olur. Aqressiyanın toplanıb uzun müddət qalması isə sonradan insanın birdən-birə partlamasına gətirib çıxarır. Bu səbəbdən də insan özünü aqressiv hiss edəndə bunu ifadə etmək üçün yollar axtarmalı, ya bunu hərəkətləri, ya da sözləri ilə ifadə etməlidir. Emosiyaların boğulması isə sağlamlığa mənfi təsir göstərir.
R.Rəhimova qeyd edib ki, çox vaxt insanlar öz aqressiyasını bildirəndən sonra özünü günahkar hiss etməyə başlayırlar. Onlar düşünürlər ki, aqressiyanı bildirməklə çox pis hərəkət ediblər və belə etməsəydilər, özlərini daha yaxşı hiss edərdilər. Lakin insanlar heç də həmişə nəyi etdikdən sonra özlərini daha yaxşı hiss etdiklərini başa düşmürlər. Uzun müddət saxlanılan mənfi enerji bir növ "çürüyür" və ondan tezliklə azad olmaq lazımdır. Belə ki, insan emosiyalarını büruzə verəndə başqa vəziyyətə düşür. Onun olduğu psixi durumu dəyişir. Bu zaman, aqressivlikdən azad olduqdan sonra insan kədərin, problemin, ona deyilən acı sözlərin yarasının da keçməsini və nisbətən yüngülləşdiyini hiss edir. Çox vaxt psixoloqlar aqressiv insanlara hansısa bir üsul təklif edib mənfi emosiyadan azad olmağı məsləhət görür. Bu zaman mənfi emosiyadan azad olan adama psixoloq artıq onun kədərinin keçməsini, qəlbindəki yaraların sağalmasını da deyir. Bundan sonra pasient həqiqətən də rahatlaşır. O, özünü ağır bir yükü daşımaqdan bezib kənara atan bir insan kimi hiss etməyə başlayır.
Həmsöhbətimizin sözlərinə görə, mənfi emosiyadan azad olmağı bacarmayanlar isə kinli olur, daim qəzəblənir, mənfi fikirlərlə yaşayır, cansıxıcı həyat sürməyə, digərləri üçün də marağını itirməyə başlayır: "Bəzən əsəbləşən zaman hirsini boğmağa müvəffəq olan adamlar mənfi fikirlərdən özlərini uzaqlaşdırdığını zənn edirlər. Lakin onlar hiss etmirlər ki, aqressivdirlər. Aqressiya onların içində qalıb öz dağıdıcı funksiyasını yerinə yetirməyə davam edir. Bundan qışqırıb, qəzəblənib, ağlayıb və ya sadəcə narazılığını bildirməklə azad olmaq olar" deyən psixoloq bildirib ki, amma bunu edə bilməyənlər və etmək istəməyənlər başqa üsullara əl ata bilərlər. Çox vaxt da insan elə bir vəziyyətə düşür ki, aqressivliyini büruzə verə bilməz. Bu zaman yaxşı olar ki, belə adamlar ya gündəlik yazmaqla, ya tək otaqda qalıb qəzəbləndiyi insanın şəklinə baxıb ona əsəbləşdiyini göstərməklə, ya da incəsənətin hansısa növü ilə məşğul olmaqla sakitləşsinlər. Mənfi emosiyalar haqqında gündəlikdə yazmağın yüngülləşmək üçün əhəmiyyəti böyükdür. Bəzən elə olur ki, insan heç kimə dərdini danışa bilmir. Bu səbəbdən də gündəliklə bölüşərək yüngülləşə bilər. Həm də insan gündəlikdə yazaraq heç kimlə dalaşmadan, heç kimin xətrinə dəymədən sakitləşir. Sakitləşmək üçün ağlamağın da faydası var. İnsan ağladıqda mənfi emosiyaların çoxundan xilas olur. Düzdür, insan ağladıqda zəifliyini, bəzən əlacsız qaldığını və məğlub olduğunu da hiss edir. Lakin o, aqressiyadan qurtulur və yüngülləşir. Ümumiyyətlə, ağlamağın xeyri var. Bu səbəbdən də vaxtaşırı ağlamaq lazımdır".
Onun dediyinə görə, emosiyaları idarə etmək üçün səsdən də istifadə etmək olar. Misal üçün, qışqırmaq aqressiyadan azad olmağa kömək edir. Bunun üçün otaqda tənha qaldıqda əsəbləşdirən pis bir hadisəni təsəvvür edib qışqıra, ağlaya, mənfi fikirləri demək olar. Qəzəbləndiyiniz insanın şəkli varsa, ona baxaraq sözlərinizi deyə, qışqıra bilərsiniz".
R.Rəhimovanın dediyinə görə, ümumiyyətlə, insan aqressiyasını boğmaq əvəzinə özünü hisslərinə təslim etməyi bacarmalıdır. Bunu edə bilmirsə, idmanla məşğul olmaq, fəal hərəkətlər etməklə də sakitləşə bilər: "Məsələn, qadınlar sakitləşmək üçün yastığı var gücü ilə yumruqlaya və ya xalçanı çırpa bilərlər. Kişilər isə döyüş növləri ilə məşğul olaraq, fəal hərəkətlər çox etməklə aqressiyadan nisbətən də olsa azad ola bilərlər. İncəsənətin hansısa bir növü, hansısa sevimli işi görməyin də xeyri var".