Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi:
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi:
Cəmiyyət

Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

Xpress.az Redaksiyası 18.10.2026 12:11

Azərbaycanın dövlətçilik tarixi zəngin, keşməkeşli, eyni zamanda, son dərəcə şərəfli bir yoldur. Dünyada çox az xalqa bir əsr ərzində iki dəfə müstəqillik zirvəsinə ucalmaq, öz taleyinin sahibinə çevrilmək səadəti nəsib olub. Azərbaycan xalqı bu baxımdan, tarixi və nadir bir xoşbəxtliyi yaşayan xalqdır.

Şübhəsiz ki, XX əsrin əvvəllərində,  1918-ci ildə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması tariximizin qızıl səhifəsidir. Təəssüf ki, mürəkkəb geosiyasi şərait və daxili imkanların məhdudluğu səbəbindən bu müstəqillik cəmi 23 ay yaşaya bildi. Bəlkə də o dövrdə sarsılmaz siyasi iradəyə, uzaqgörən liderlik keyfiyyətlərinə malik lider, cəmiyyət daxilində vahidlik olsaydı, tarixin axarı başqa səmtdə cərəyan edər, müstəqilliyimiz elə o zaman əbədiləşərdi.

Əlahəzrət tarix 1991-ci ilin 18 oktyabrında xalqımıza ikinci tarixi şansı bəxş etdi. "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı"nın qəbulu ilə dövlət müstəqilliyimiz bərpa olundu. Lakin kağız üzərində elan edilmiş bu müstəqillik ilk illərdə çox böyük təhlükələrlə üz-üzə qaldı. Ermənistanın elan olunmamış təcavüzü, torpaqlarımızın işğalı, hələ tam formalaşmamış ordu, ölkəni bürüyən xaos, ardınca Gəncə qiyamının baş verməsi, təlatümlər burulğanında çırpınan ölkəmizdə pik həddə çatan vətəndaş müharibəsi təhlükəsi dövlətimizi süqutun kənarına gətirmişdi.

Məhz belə bir taleyüklü məqamda xalqın təkidli tələbi ilə siyasi səhnəyə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanı məhv olmaqdan xilas etdi. 1993-cü il 15 iyun tarixi müstəqilliyimizin yenidən doğuluş günü — Milli Qurtuluş Günü kimi tariximizə həkk olundu. Oktyabrın 3-də xalqın yekdil dəstəyi ilə Prezident seçilən Ulu Öndər dövlətimizin sarsılmaz təməllərini qoydu.

Ulu öndər Heydər Əliyevin birbaşa rəhbərliyi və Ali Baş Komandanlığı altında həyata keçirilən uğurlu Horadiz əməliyyatı nəticəsində 22 kənd və Horadiz qəsəbəsi işğaldan azad edildi. Bu zəfər xalqın qələbəyə olan inamını yenidən özünə qaytardı. 1994-cü ilin mayında əldə olunan atəşkəs müqaviləsi ölkədə sabitliyi təmin etdi, sentyabrda imzalanan tarixi "Əsrin müqaviləsi" isə Azərbaycanın iqtisadi müstəqilliyinin və gələcək inkişafının bünövrəsinə çevrildi. Məhz həmin illərdə özülü qoyulan, təməlləri atılan güclü iqtisadiyyat və nizami ordu quruculuğunun bünövrəsi, 2020-ci ildə Qarabağda qazanılan Böyük Zəfərin təməli oldu.

2020-ci ilin payızında cəmi altı həftə ərzində Azərbaycan Ordusu otuz ilə yaxın müddətdə işğal altında qalan tarixi torpaqlarımızı işğaldan azad etdi. Ulu öndərin layiqli davamçısı prezident İlham Əliyev 200 ildən sonra itirilən torpaqlarımızı işğaldan azad edən ilk sərrkərdə kimi öz adını dövlətçilik tariximizə qızıl hərflərlə yazdırdı.
Bu gün qürurla deyə bilərik ki, müasir və müstəqil Azərbaycanın memarı Ümummilli Lider Heydər Əliyevdir. Onun müəyyənləşdirdiyi uğurlu dövlətçilik yolu bu gün də əzmlə davam etdirilir. Biz də bu muqəddəs irsə sadiq qalaraq, müstəqilliyimizin, dövlətçiliyimizin və ərazi bütövlüyümüzün keşiyində dayanan ləyaqətli əsgərlərik. Müstəqilliyimiz əbədi, sarsılmaz və dönməzdir!

Tural İbrahim
Yazıçı-publisist

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək