Bakıya hücumların arxasında kim var?
“Təəssüf ki, hazırda Azərbaycan-Türkiyə münasibətlərində gərgin mənzərəni müşahidə edirik”.
Bunu Globalinfo.az-a siyasi şərhçi Azər Həsrət deyib.
O bildirib ki, bu proses başlayanda ön sıralarda qardaş Türkiyədə İrana bağlı və rəğbəti ilə seçilən media qurumları, eləcə də sosial media fəalları dayanırdı:
“Həmin vaxt düşündük ki, bunu körükləyən həqiqətən İrandır. Çünki bu, ilk belə hal deyildi. Türkiyədə İrana bağlı media fəalları dəfələrlə Azərbaycana qarşı kampaniyalara başlayıb və ya aparılan kampaniyalara qoşulublar. Lakin sonrakı mərhələdə bu kampaniyaların arxasında Ədalət və İnkişaf Partiyasına (AKP) yaxın trolların da dayandığını gördük. Faktiki olaraq, Türkiyədə hakim partiyaya yaxın media qurumları və sosial media fəalları bu kampaniyada iştirak etdilər. Əlbəttə, hər kəs öz fikrini ifadə edə, bizi tənqid edə, Azərbaycanın hansısa məsələsi ilə bağlı fərqli düşüncələrini yaza və paylaşa bilər. Bunlara etirazımız yoxdur. Bizi narahat edən ilk məqam AKP-yə yaxın trolların paylaşımlarında Azərbaycan xalqının və dövlətinin açıq şəkildə aşağılanması, təhqir edilməsidir. İkinci məqam isə onların böyük əksəriyyətinin Türkiyənin hansısa kəndində yaşayan bir vətəndaşın belə Azərbaycana hökm edə, yol göstərə və ağıl verə biləcəyini düşünməsidir”.
Siyasi şərhçi bildirib ki, baş verənlərə AKP-nin faktiki olaraq müşahidəçi qalması narahatlıq doğurur:
“Partiya bu məsələyə münasibət bildirməli, həmin şəxslərlə əlaqəsinin olmadığını açıqlamalı və bu cür davranışların dayandırılmasına çağırış etməli idi. Təəssüf ki, bunu etmirlər. Bununla da kifayətlənməyərək, Türkiyə Prezidentinin baş müşaviri Oqtay Saral həddini aşaraq Azərbaycan dövlətinə qarşı qəbuledilməz ifadələr işlətdi. Bu isə artıq dövlətin ən yüksək səviyyəsində təmsil olunan şəxsin mövqeyidir. Ona görə də Azərbaycan xalqı baş verənləri anlamaqda çətinlik çəkir.
Biz Türkiyə dövlətinə və onun rəhbərliyinə həmişə hörmətlə yanaşmışıq, bu gün də eyni münasibətdəyik. Türkiyə bizim üçün əziz, doğma, canımızdan olan bir dövlətdir. Ona qarşı dil uzadılmasını və hər hansı müdaxiləni qəbul edə bilmərik. Eyni münasibəti qardaş Türkiyədən də gözləyirik. Amma baş verənlər Türkiyənin bizə böyük qardaş kimi yanaşmaq istədiyini göstərir. Halbuki biz dəfələrlə açıq şəkildə bildirmişik ki, böyük qardaş axtarmırıq. Biz qardaşıq, bərabər qardaşlarıq. Azərbaycan və Türkiyə, eləcə də digər türk dövlətləri bərabərhüquqlu tərəfdaşlardır. Görünən odur ki, Türkiyədə bunu anlamaq istəmirlər. Biz də məcburiyyət qarşısında bunu bir daha izah etməli olacağıq. Qardaşlığın bərabər hüquqlar üzərində qurulduğunu, birinin özünü böyük, digərini isə kiçik qardaş hesab etməsinin doğru olmadığını anlamalıdırlar”.
A.Həsrət qeyd edib ki, Türkiyədən Azərbaycana yönələn bu qıcıqlandırıcı münasibət Orta Asiyanın türk respublikalarında da narahatlıq yaradır:
“Orada da artıq bu məsələ müzakirə olunur. Belə bir sual səsləndirilir: Türkiyə özünə bu qədər yaxın olan Azərbaycana qarşı belə hədləri aşırsa, görəsən, bizə münasibətdə necə davranar?
Hesab edirəm ki, Türkiyə baş verənlərdən zərər görməmək üçün geri addım atmalıdır. Xüsusilə də islamçı-nurçu AKP rəhbərliyi məsələnin ciddiliyini anlamalıdır. İki qardaş dövlət, eləcə də digər türk dövlətləri ilə münasibətlərin korlanmaması üçün bu kampaniya dayandırılmalıdır. Əks halda, zərər çəkən təkcə Türkiyə deyil, bütün türk dövlətləri olacaq”.