Ərini evdə qoyub konsertə getmək istədi – Kişinin qısqanclıq qisası "ağır" oldu
World of Warcraft oyununda qeyri-adi ailə münaqişəsi gündəmə gəlib.
Bir qadın ərinin ondan qisas almaq üçün oyun hesabındakı nadir və bahalı əşyaları gizlicə məhv etdiyindən şübhələnir. Buna səbəb kimi qadının əri olmadan əyləncələrə və müxtəlif tədbirlərə getməsi göstərilir.
Bu barədə Windows Central nəşri məlumat yayıb.
Qadın bir müddət əvvəl oyun hesabına başqa birinin daxil olduğunu, topladığı qiymətli əşyaları satdığını və məhv etdiyini müəyyənləşdirib. Onun şübhələri öz ərinə yönəlib.
Qadının sözlərinə görə, əri ağır depressiyadan əziyyət çəkir, demək olar ki, yataqdan qalxmır və evdən çıxmır. Özü isə son bir ildə şəxsi həyatına daha çox vaxt ayırmağa, müxtəlif tədbirlərə qatılmağa və əri olmadan dostları ilə görüşməyə başlayıb.
Qadının sosial şəbəkədə paylaşdığı məlumata görə, o, ABŞ-nin paytaxtı Vaşinqtonda məşhur Jonas Brothers musiqi qrupunun konsertinə getməyi planlaşdırıb. Ərinə bu barədə xatırlatdıqdan sonra kişi əsəbiləşib və təxminən bir həftə onunla danışmayıb.
İki həftə əvvəl qadının oyun personajına məxsus xüsusi hazırlanmış sehrli əsa yoxa çıxıb. Məlum olub ki, həmin əşya oyunun əşyaların bərpası sistemi vasitəsilə məhv edilib.
Qadının konsertə getməsinə bir gün qalmış isə əri ona iş yerində olarkən mesaj yazıb. Kişi bildirib ki, guya qadın oyuna daxil olaraq ondan oyun valyutası olan qızıl istəyib.
Bundan sonra qadın elektron poçtunun və Battle.net hesabının şifrələrini dəyişib. Lakin əri ilə növbəti mübahisədən sonra başqa oyun personajının qiymətli avadanlıqları da məhv edilib.
Qadın hadisə ilə bağlı Blizzard şirkətinin dəstək xidmətinə müraciət edib. Şirkətdən bildirilib ki, hesabda şübhəli fəaliyyət qeydə alınmayıb.
Qadının sözlərinə görə, onlar bir-birinin kompüter şifrələrini bilirlər. Üstəlik, qadın şəxsi kompüterində Battle.net hesabından çıxış etmir.
İndi o, ərinə xəbər vermədən kompüterinin şifrəsini dəyişib. Qadın evdə olmadığı müddətdə oyun əşyalarının yenidən yoxa çıxıb-çıxmayacağını yoxlamaq niyyətindədir.\\musavat.com