Bakı-Şımkənd birbaşa uçuşları turizm əməkdaşlığında YENİ PERSPEKTİVLƏR AÇIR - FOTO
Azərbaycan Hava Yolları (AZAL) Bakı-Şımkənd marşrutu üzrə birbaşa uçuşlara başlayıb. Həftədə üç dəfə həyata keçirilən reyslər Azərbaycan və Qazaxıstan arasında turizm əlaqələrinin inkişafı, qarşılıqlı turist mübadiləsinin artırılması və yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə maarifləndirmə və dəstək şöbəsinin rəhbəri Rəhman Quliyev Xpress.az-a Bakı-Şımkənd birbaşa uçuşlarının turizm əməkdaşlığında yaratdığı imkanlarla bağlı danışaraq bildirib ki, oktyabrın 23–25-də AZAL-ın dəstəyi ilə Qazaxıstanın Şımkənd şəhərinə təşkil edilən media-tur bu istiqamətdə atılan mühüm addımlardan biri kimi qiymətləndirilə bilər: “Səfər zamanı Şımkəndin tarixi-mədəni abidələri, qədim irsi, turizm infrastrukturu və ziyarət üçün maraq doğuran məkanları ilə tanışlıq şəhərin Azərbaycan turistləri üçün perspektivli səyahət istiqaməti ola biləcəyini göstərir. Birbaşa hava əlaqəsinin yaradılması iki ölkə arasında səfərlərin daha rahat təşkilinə, işgüzar əlaqələrin genişlənməsinə və turizm şirkətləri arasında əməkdaşlığın möhkəmlənməsinə şərait yaradır. Bakı–Şımkənd birbaşa uçuşları Azərbaycan və Qazaxıstan arasında turizm əlaqələrinin inkişafı üçün yeni imkanlar açır. Bu marşrut turistlərin səfər planlarını daha rahat qurmasına, turizm şirkətləri arasında əməkdaşlığın genişlənməsinə və qarşılıqlı səfərlərin artmasına töhfə verə bilər”.

Turizmçinin sözlərinə görə, Qazaxıstan vətəndaşları ilə aparılan söhbətlər zamanı Azərbaycanın turizm imkanlarına, xüsusilə Naftalanın müalicə-sağlamlıq turizminə maraq müşahidə olunub: “Azərbaycanın təbii sərvətləri, müasir hotelləri, sağlamlıq mərkəzləri, zəngin mətbəxi və qonaqpərvərliyi Qazaxıstan turistləri üçün cəlbedici amillərdir. Bununla yanaşı, Bakı şəhərinin, Qarabağ və Şərqi Zəngəzurun, Şuşanın, Qəbələnin və digər bölgələrin turizm potensialının Qazaxıstanda daha geniş təbliği də mühüm əhəmiyyət daşıyır”. R.Quliyev əlavə edib ki, bu cür turlar yalnız turizm məkanlarının tanıdılmasına deyil, həm də media nümayəndələri, turizm şirkətləri, aviaşirkətlər və digər tərəfdaşlar arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir: “Belə təşəbbüslər yeni birgə layihələrin həyata keçirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün də əlverişli imkanlar yaradır. Azərbaycan və Qazaxıstanın ortaq tarixi, mədəni yaxınlığı və türk dünyasına mənsubluğu əməkdaşlığın inkişafı üçün əlavə üstünlükdür. Hesab edirəm ki, nəqliyyat əlaqələrinin genişləndirilməsi və turizm imkanlarının qarşılıqlı tanıdılması hər iki ölkənin iqtisadiyyatına müsbət təsir göstərəcək. Bu cür təşəbbüslər gələcəkdə turist mübadiləsinin artmasına, yeni biznes əlaqələrinin qurulmasına və xalqlarımız arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcək”.