Öz yazarını seç : Ədəbiyyatın elektron saxtakarlığı
Kitab sərgisi çərçivəsində keçirilən “Öz yazarını seç” mənə görə, ilk növbədə, bayağı ideyadır. Ədəbiyyatın mahiyyətini, yazıçının yaradıcılığını, əsərin bədii çəkisini müəyyənləşdirmək üçün oxucunu səsverməyə dəvət etmək olar. Amma bu səsvermənin hansı meyarlarla aparıldığı, səslərin nəyin göstəricisi olduğu ayrıca məsələdir. Çünki oxucu rəyi ilə populyarlıq yarışı arasında incə görünsə də, əslində, kifayət qədər ciddi bir fərq var.
Bu yaxınlarda həmin siyahıda yer alan iki-üç müəllifin ziyalı-ziyasız dost-tanışı mənə link göndərib xahiş etdi ki, filan yazıçıya səs verim.
Dedim, axı mən bunların heç birinin oxucusu deyiləm. Nəyə əsasən səs verim?
Cavab çox sadə və bizim ictimai düşüncəmizə çox uyğun oldu:
— Əşşi, neynirsən, sən tıkını göndər də!
Bax, ədəbiyyatımızın ən ciddi problemlərindən biri elə bu “tıkını göndər də” fəlsəfəsində gizlənib. Kitabı oxumağa, müəllifi tanımağa, mətnin bədii çəkisini ölçməyə ehtiyac yoxdur. Bir link, bir xahiş, bir klik — vəssalam. Ədəbiyyatın taleyinə dair qərarımız hazırdır.
Əslində, bu münasibət təkcə kitaba deyil, bütövlükdə qiymətləndirmə mədəniyyətimizə yanaşmamızın göstəricisidir. Bizdə çox vaxt nəyisə qiymətləndirmək üçün onun mahiyyətinə bələd olmaq tələb edilmir. Əksinə, tanışlıq, şəxsi münasibət, ad-san, nüfuz və ictimai görünürlük kifayət edir. Adamın kim olduğunu bilirik, deməli, nə yazdığını da bəyənməliyik. Bəyənməsək belə, səs verməliyik. Çünki o, bizim tanışımızdır, dostumuzdur, hörmətli adamdır. Beləliklə, şəxsi münasibət estetik mühakimənin yerinə keçir.
Maraqlıdır ki, bu siyahıda seçki saxtakarlığı haqqında kitab yazmış müəllif də var. Təsəvvür edin, seçkidə saxtakarlığı ifşa etmək üçün kitab yazan adamın özünə səs toplamaq üçün oxumadığınız kitaba səs verməyinizi istəmələri necə bir paradoks yaradır. Burada konkret səsvermənin saxtalaşdırıldığını iddia etmirəm. Söhbət mənə ünvanlanan xahişlərdən və onların arxasında dayanan düşüncə tərzindən gedir. Amma elə bu düşüncə tərzinin özü də az düşündürücü deyil.
Sən kitab yazırsan, seçki saxtakarlığından bəhs edirsən, ictimai ədalətsizliyi tənqid edirsən, sonra isə sənin uğur qazanmağın üçün kitabını oxumayan adamların səsini toplamağa çalışırlar. Nəticədə əsərin keyfiyyətindən asılı olmayan bir mexanizm işə düşür: kim daha çox adama çata bilirsə, kim daha geniş tanış çevrəsinə malikdirsə, kim daha çox adamı bir klikə razı sala bilirsə, onun qalib gəlmək ehtimalı artır.
Əgər belə bir səsvermənin nəticəsi ədəbi üstünlüyün göstəricisi kimi təqdim olunursa, onda ortaya haqlı bir sual çıxır: burada əslində kimi seçirik: yazıçını, yoxsa onun sosial əlaqələr şəbəkəsini?
Əsas odur, müəllif məşhur, hörmətli adam olsun. Nə yazıb, necə yazıb, ümumiyyətlə, yazdıqları oxunmağa dəyərmi bunlar artıq ikinci dərəcəli məsələlərdir. Adamın adı varsa, nüfuzu varsa, bir də dost-tanış çevrəsi genişdirsə, deməli, ədəbiyyat adına lazım olan bütün keyfiyyətlər mövcuddur. Ən azı, səsvermə məntiqi bəzən bizə bunu təlqin edir.
Belə çıxır ki, kitabın özünü oxumağa ehtiyac qalmır. Müəllifin ictimai nüfuzu kitabın məzmununu əvəz edir. Əsərin bədii dəyəri haqqında mühakimə yürütmək əvəzinə, müəllifin kimliyinə əsaslanaraq qərar veririk. Bir növ, kitabı deyil, onun üz qabığından da əvvəl müəllifin ictimai portretini oxuyuruq.
Halbuki məşhur olmaq yaxşı yazmaq demək deyil. Hörmətli şəxs olmaq ədəbi istedadın zəmanəti deyil. İctimai nüfuz insanın xarakteri, fəaliyyəti və cəmiyyətdəki mövqeyi ilə bağlı ola bilər, amma onun yazdığı hər mətnə avtomatik bədii dəyər qazandırmır. Eyni zamanda, az tanınan bir müəllifin çox məşhur bir yazıçıdan daha güclü əsər yaratması da mümkündür. Ədəbiyyatın maraqlı tərəfi elə budur. Mətn müəllifin adından müstəqil şəkildə yaşamağı bacarmalıdır.
Təəssüf ki, bizdə bəzən ad mətnin önünə keçir. Yazıçının kimlərlə oturub-durduğu, hansı tədbirlərdə göründüyü, kiminlə dost olduğu, neçə nəfərin onu tanıdığı yazdıqlarından daha çox müzakirə edilir. Sonra da bütün bunların üzərinə bir az sosial şəbəkə aktivliyi əlavə olunur və ortaya ədəbi uğur təsəvvürü çıxır.
Beləliklə, ədəbiyyatın ətrafında ədəbiyyatdan başqa hər şey olur.
Sərgiyə gələnlərin çoxluğu, çəkilən şəkillər, paylaşılan videolar, müəlliflərin ətrafında yaranan izdiham, sosial şəbəkələrdəki bəyənmələr. Bütün bunlar özlüyündə pis deyil. Kitabın görünməsi, müəllifin tanınması, insanların kitab ətrafında toplaşması əlbəttə, arzuolunandır. Amma görünmək oxunmaq deyil. Kitabı əlində tutmaq onu oxumaq deyil. Yazıçının fotosunu paylaşmaq onun yaradıcılığı ilə maraqlanmaq deyil. Səs vermək isə heç bir halda əsərin bədii dəyəri haqqında əsaslandırılmış fikir bildirmək sayıla bilməz.
Mənə elə gəlir ki, son illərdə mədəniyyətə münasibətimizdə də müəyyən bir nümayiş ehtiyacı güclənib. İnsanlar bəzən hadisənin özündə iştirak etməkdən daha çox, orada iştirak etdiklərini göstərməyə həvəsli görünürlər. Sərgidə olmaq, kitab mağazasında şəkil çəkdirmək, məşhur müəlliflə görüşmək, tədbirdən bir neçə kadr paylaşmaq. Bunlar sosial imicin bir hissəsinə çevrilir. Nəticədə mədəni hadisənin məzmunu arxa plana keçir, onun yaratdığı görüntü isə əsas hadisəyə çevrilir.
Kitab sərgisi də bu mənada təhlükəli bir illüziya yarada bilər: izdihama baxıb oxucularımızın çoxaldığını, səsvermənin nəticələrinə baxıb ədəbiyyatımızın inkişaf etdiyini düşünə bilərik. Halbuki rəqəmlərin arxasında nə dayandığını bilmədən bu nəticələrə gəlmək olmaz. Çox səs çox oxucu demək deyil; çox izləyici çox mütaliə demək deyil; çox tanış çox istedad demək deyil.
Əgər məqsəd müəllifin tanınma səviyyəsini müəyyənləşdirməkdirsə, bunu açıq şəkildə demək lazımdır. Əgər məqsəd oxucu sevgisini öyrənməkdirsə, onda oxucunun seçimində əsərlə real tanışlığın nə dərəcədə rol oynadığı barədə düşünmək lazımdır. Yox, məqsəd bədii dəyəri müəyyənləşdirməkdirsə, bu, tamam başqa məsələdir və bir neçə kliklə həll olunmur.
Ədəbiyyat müsabiqələrə, sorğulara, oxucu səsvermələrinə qarşı deyil. Əksinə, oxucunun fikri vacibdir. Ancaq oxucu fikri ilə təşkilatlanmış tanış dəstəyini eyniləşdirmək olmaz. Bir insanın əsəri oxuyub bəyənərək səs verməsi ilə kitabı tanımadan dostunun xahişinə görə klik etməsi arasında ciddi fərq var. Birincidə seçim var, ikincidə isə sadəcə xahişin icrası.
Bəlkə də “Öz yazarını seç” oyununun qaydalarına bir bənd də əlavə etmək lazımdır: səs verməzdən əvvəl heç olmasa namizədin bir kitabını oxuyun. Yox, bu da çox ağır tələbdir. Elə birinci səhifəni oxuyun. O da alınmırsa, heç olmasa müəllifin adını kitabla səhv salmayın.
Hətta bir addım da irəli gedək: səs vermək istəyən adamdan soruşulsun ki, müəllifin hansı əsərini oxuyub və həmin əsərdə nəyi bəyənib. Əlbəttə, bu, insanları imtahana çəkmək üçün deyil. Sadəcə, səsvermənin arxasında oxucu mövqeyinin olub-olmadığını anlamaq üçün. Çünki bəzən bir kitab haqqında iki əsaslandırılmış cümlə yüzlərlə düşünülməmiş klikdən daha qiymətli olur.
Mənim üçün yazıçının ən böyük uğuru adının səsvermə siyahısında önə çıxması deyil, kitabının oxucunun yaddaşında yer tutmasıdır. Elə əsərlər var ki, müəllifinin adı çoxlarına tanış deyil, amma oxuyan adamın düşüncəsində illərlə yaşayır. Elə məşhur adlar da var ki, ətrafında böyük maraq yaranır, amma həmin marağın nə qədərinin mətnə, nə qədərinin müəllifin ictimai obrazına aid olduğunu ayırd etmək çətinləşir.
Ədəbiyyatın taleyini rəqəmlərə həvalə etmək asandır. Oxucu yetişdirmək, mütaliə mədəniyyəti formalaşdırmaq, insanlarda mətnə qarşı həqiqi maraq yaratmaq isə daha çətin və uzunmüddətli işdir. Birincisi bir neçə günə nəticə verə bilər, ikincisi illər tələb edir. Bəlkə də elə buna görə biz bəzən asan ölçülən göstəricilərə üstünlük veririk. Kliki saymaq olur, düşüncənin dərinliyini isə yox.
Sonda bir məqamı da qeyd edim: mənim bu səsvermədə iştirak etməməyim hansısa müəllifə qarşı münasibətimdən irəli gəlmir. Oxumadığım əsərə qiymət vermək istəmirəm. Bu qədər sadə. Mənim üçün dürüstlük elə buradan başlayır. Müəllifi tanımıramsa, oxumamışamsa, onun haqqında əsaslandırılmış fikir bildirmək imkanım yoxdursa, səs verməmək daha doğru seçimdir. Bəzən heç nə deməmək, heç bir tərəfi dəstəkləməmək də mövqedir.
Çünki ədəbiyyatda səs çoxluğu ilə dəyər çoxluğu eyni şey deyil. Bir kitabı min nəfər oxuyub bəyənməyə bilər, min nəfər isə oxumadan ona səs verə bilər. Birinci halda əsər haqqında müzakirə var, ikinci halda isə sadəcə statistika.
Ədəbiyyatın elektron saxtakarlığı da bəlkə elə burada başlayır: rəqəmlər həqiqi marağın əvəzinə keçir, tanışlıq oxuculuq kimi təqdim olunur, populyarlıq isə bədii dəyərin göstəricisinə çevrilir.
Və bütün bunların ortasında kitab yenə öz taleyini gözləyir: nəhayət, kimsə onu əlindəki telefonun kamerasından yox, açıb oxumaqla tanısın.