Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Diplomatların və ailə üzvlərinin qeydiyyatı yeni q...
Diplomatların və ailə üzvlərinin qeydiyyatı yeni qaydada tənzimlənəcək
Siyasət

Diplomatların və ailə üzvlərinin qeydiyyatı yeni qaydada tənzimlənəcək

Xpress.az Redaksiyası 27.10.2026 12:02

Azərbaycanda xarici diplomatların və ailə üzvlərinin qeydiyyatı yeni qaydada tənzimlənəcək.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Hazırda xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik ev konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşları, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslər və onların ailə üzvləri, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya ilə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərin qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Bununla əlaqədar onlara nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş müvafiq vəsiqə verilir. Müvafiq icra hakimiyyəti orqanı miqrasiya uçotunun aparılması məqsədi ilə həmin şəxslər barədə məlumatları 10 gün müddətində müvafiq icra hakimiyyəti orqanına təqdim edir.

Rəsmi səfər vizası xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarına, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslərə və onların ailə üzvlərinə, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya ilə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir. Bu vizalarda ölkədə qalma müddəti verilən vizanın etibarlılıq müddəti ilə müəyyən edilir. Xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşları, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslər və onların ailə üzvləri, həmçinin Azərbaycan Respublikasına xüsusi diplomatik missiya və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilər üçün ölkədə müvəqqəti olma müddətlərinin uzadılması bu Məcəlləyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən yeni viza verilməsi qaydasında həyata keçirilir.

Layihəyə əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluqlarının, beynəlxalq təşkilatların orqanlarının, bölmələrinin və nümayəndəliklərinin əcnəbi və ya vətəndaşlığı olmayan heyət üzvləri və onlarla birlikdə yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan ailə üzvləri, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən şəxslər 15 gündən artıq Azərbaycan Respublikasında müvəqqəti olduqda, onların qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçiriləcək. Həmin şəxslərin qeydiyyatı həyata keçirilərkən həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən onların Azərbaycan Respublikasında statusunu və qeydiyyatını təsdiq edən qeydiyyat vəsiqəsi veriləcək. Qeydiyyat vəsiqəsinin fərdi olaraq doldurulması və verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həyata keçirilir və qeydiyyat vəsiqəsi verilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində məlumatlar həmin sistem vasitəsilə Vahid Miqrasiya Məlumat Sisteminə ötürüləcək. Göstərilən şəxslərin qeydiyyat vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi, habelə həmin şəxslərin qeydiyyatı qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.

Rəsmi səfər vizası Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluqlarının, beynəlxalq təşkilatların orqanlarının, bölmələrinin və nümayəndəliklərinin əcnəbi və ya vətəndaşlığı olmayan heyət üzvlərinə və onlarla birlikdə yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan ailə üzvlərinə, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə veriləcək.

Göstərilən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətlərinin uzadılması bu Məcəlləyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən yeni viza verilməsi qaydasında həyata keçiriləcək.

Beləliklə təklif olunan dəyişikliyə əsasən, həmin şəxslərin siyahısı daha da dəqiqləşdirilir, onların qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilməsi üçün Azərbaycan Respublikasında 15 gündən artıq olma müddəti müəyyən edilir. Bununla yanaşı, həmin kateqoriya şəxslərin qeydiyyatı həyata keçirilərkən onlara qeydiyyat vəsiqəsinin verilməsi qaydaları, habelə bu vəsiqələrin doldurulması və verilməsi prosedurunun mövcud məlumat-axtarış sistemindən istifadə edilməklə həyata keçirilməsi, müvafiq elektron sistemə (Vahid Miqrasiya Məlumat Sistemi) məlumatların yerləşdirilməsi qaydaları təkmilləşdirilir, bununla da rəqəmsal xidmətlərdən istifadənin dairəsi daha da genişləndirilir. Layihədə həmçinin yuxarıda qeyd olunan şəxslərin qeydiyyat vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi, habelə həmin şəxslərin qeydiyyatı qaydalarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi tələbi müəyyənləşdirilir.

Eyni zamanda rəsmi səfər məqsədi ilə verilən giriş vizasının şamil olunduğu şəxslərin siyahısı daha da dəqiqləşdirilir.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Bakı-Şımkənd birbaşa uçuşları turizm əməkdaşlığında

27.10.2026 12:26 Turizm

Ucar xəstəxanasının vəzifəli şəxsi külli miqdarda mənimsəmədə ittiham olunur

27.10.2026 12:25 Gündəm

Dövlət Turizm Agentliyi ilə UNESCO arasında əməkdaşlıq əlaqələri müzakirə edilib

27.10.2026 10:15 Turizm

"Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur

27.10.2026 09:51 Gündəm

Xanım Aydın: “Pullu komediya”da klassik yumoru Bakının ruhu ilə birləşdirməyə çalışmışıq

27.10.2026 09:23 Mədəniyyət

Bu yollar təmirə bağlanır -

27.10.2026 09:08 Cəmiyyət

Öz yazarını seç

27.10.2026 07:59 Mədəniyyət

İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib -

26.10.2026 18:35 Ana səhifə

Dövlət qurumları hərəkətə keçdi, saytlar bağlandı

26.10.2026 17:51 Cəmiyyət

Keçmiş icra başçısı əməliyyat zamanı öldü

26.10.2026 17:17 Gündəm

Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər məhkəməyə gətirildi

26.10.2026 17:04 Gündəm

Naxçıvanda duz ehtiyatı tükənib? -

26.10.2026 16:43 Cəmiyyət

“Unibank” Abşeronda 26,5 faizlə verdiyi kreditlərə görə

26.10.2026 16:21 İqtisadiyyat

"Yukatel Denizli Basket" Avropada Azərbaycan Səfərinə Çıxır

26.10.2026 16:09 İdman

Azərbaycan Yaponiya vətəndaşları üçün vizasız rejimi uzada bilər

26.10.2026 15:57 Cəmiyyət

Hikmət Hacıyev: "Le Figaro", demək olar ki, hər gün Azərbaycan əleyhinə saxta materiallar dərc edir

26.10.2026 15:41 Siyasət

Hikmət Hacıyev: Azərbaycan xalqı erməni cəmiyyətindən üzrxahlıq gözləyir

26.10.2026 15:12 Siyasət

"Pashapay”dən çıxdı, "Paşa Sığorta"da vəzifəyə getdi

26.10.2026 14:47 İqtisadiyyat

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək